Qonaq Dəftəri
 


 
www.qeshemnecefzade.net
 

UŞAQ ŞEİRLƏRİ



ŞABALID


Üşümüşdü şabalıd
Geyinmişdi çuxasın.
Tural qoydu peç üstə,
O, tez açdı yaxasın.

 

***



YATMIŞ DƏNİZ ŞƏKLİ

- Ana, dəniz çəkmişəm
Sular axsa da dolmaz.
- Yox qızım, yanılmısan
Dəniz dalğasız olmaz .

Dəniz coşar, ha daşar
Şahə qalxar dalğası.
Hər xırda gölməçədən
Dəniz olmaz qadası .

- Yatan zaman çəkmişəm
Mən dənizi, ay ana,
Oyansa bu dənizim
Dönəcəkdir tufana.



***


 

ANA ÜRƏKLİDİ...

 

Sınsa kuklası
Ağlayarlar hey
Körpə vaxtından
Özləri bəbə ,
Saxlayrlar hey
Ana ürəklidi
Qız uşaqları.

Yemək verərlər
Layla deyərlər .
Böyük qardaşa
Çay dəmləyərlər.
Ana ürəklidi
Qız uşaqları.


Ev süpürərlər
Paltar tikərlər,
Evin içində
Evcik tikərlər .
Ana ürəklidi
Qız uşaqları.

 


***



QUZU


Qumral qoyunum tez - tez
Quzusnu yaladı.
Neyləsin ki, quzusu
Yenə ala - buladı.

 


***


 

ƏLİFBAM

Həriflərin yuvası
Əlifbam, ay əlifbam.
Şirin ana laylası
Əlifbam, ay əlifbam .

Anamın səsi səndə ,
Körpə nəfəsim səndə .
Arzum, həvəsim səndə ,
Əlifbam, ay əlifbam.

Sən mənim ilk kitabım,
Vətənim, yurdum, adım.
Vərəqlərin qanadım,
Əlifbam, ay əlifbam

Təzə kövrək çiçəyəm
Səndən su içəcəyəm.
Sənə and içəcəyəm,
Əlibam, ay əlifbam.

 


***



QUŞLAR YIXILAR


Ağac olmasa görən
Quşlar hara yığılar?
Əmi, kəsmə ağacı
Axı quşlar yıxılar.

 


***



XƏZƏR NƏHƏNG ÇİÇƏKDİ


Xəzər nəhəng çiçəkdi,
Dalğalanır hər yana.
Bakı xallı kəpənək
Qonub onun alnına.



***



GÖZÜMÜ YUMA BİLMƏRƏM

-Otağı süpür, qızım
-Süpürmüşəm, anacan!
-Mənə su gətir, qızım
-Gətirmişəm, anacan!
-Paltarları yumusan ?
-Indi yudum, anacan!
-Çörəyini yemisən ?
-Yedim, yedim anacan!
-Di gözünü yum görüm ,
Sənə bir şey göstərim .
-Gözümü yumsam, ana
Sənsiz qalaram axı .
Istəmirəm bircə an ,
Mən sənsiz yaşamağı.

 


***




BARMAQLAR


Barmaqlarım ovcuma
Baş qoydular yatdılar.
Səhər ozumdən qabaq
Yerlərindən qalxdılar.

 


***




QUŞLAR DA....


Yazılıb ağaca
Turalın adı.
Quşlar da orda
Yuva qurmadı.
 

***




ATLI QARIŞQANIN NAĞILI



Altı atlı qarışqa
Bu yolları qarışdar.
Qara daşın altına ,
Altısı da yığışar.

Altı atlı qarışqa,
Altlarında atları.
Çapa-çapa gəzərlər,
Çəmən-çəmən otları.

Atlanarlar düşərlər,
Daş altları, yurdları.
Gecə ayaqlarına
Bağlayarlar atları.

***




“DAVA- DAVA” OYUNU

Dava dava oynayırdı
Turalla Azad.
Azad “faşistdi “
Tural partizan
Ikisi də xoşbəxt, azad.
Qaçırdılar hey aşağı
yuxarı
Birdən “faşist” Azad,
Vurdu bizim Turalı.
Tural əyildi Mehdi kimi
Kinoda gördüyü kimi.
Azad qışqırdı: yıxıl, tez ol!
Birdən Tural
Əl atdı cibinə,
Çıxartdı “ Qumbaranı”-
Bir qırmızı almanı.
Tulladı, al.
Alma dəydi Azada,
Ayağı qalxdı göyə
Başı bulandı toza,
Eşələndi toz elədi
Kinoda da belədi.
Qutardı dava
Başlandı əsl dava-
Oturub Azad
Bir qırmızı almanı
Şirin - şrin yeyirdi,
Yazıq Tural elə hey
“Ver alma”mı deyirdi.



***



DƏVƏ

Tural həmişə,
Minir dəvəyə.
Çapır dəvəni,
Üzü küləyə.
Heç kəs inanmır,
Bu möcüzəyə.
Sən demə Tural
Dərsdən gələndə,
Açır gəbəni .
Sonra da minir,
Şəkil dəvəni.

***



QAŞQA AT


Getdi qış, əridi qar,
Yamacların yalında .
Bir ovuc qar qalıbdı,
Atımızın alınında.



***


 

SU



Tural bir təpik,
Vurdu vedrəyə.
Su da inciyib,
Qaçdı dərəyə.
 

***



SEVİNCİN “KÖKƏ” PAYI


Arı vurub Sevincin
Sağ gözünün altına.
Üz - gözünü gizlədir ,
O, utana - utana.

Çağırırlar Sevinci
Uşaqlar düzdə, yolda.
Kökə yeyən Sevincin,
Kökəlibdi sağ gözü,
Olubdu kökə boyda.


***



LALƏ


Qəşəng bir qızam
Adım Lalədir.
Saçım çiçəkdir,
Bantım Lalədir.


***



SEVİNCİN ƏLİFBASI


Sevinc bir yazıb
Düz özü boyda.
O hərifini də
Öz gözü boyda.


Birdən P - nın,
Qulağın dartır.
Birdən A - nın
Yanında yatır.

Həriflər onu
Çox incidirlər.
Bir də görürsən
Yallı gedirlər .


Sevinc belədi
Nə deyək ona.
Düz üç gündü ki,
Hey yazır “Ana.”


***



QIRIQ AT


Balaca Tural
Minmişdi ata
Düş dedi ana
Düç dedi ata.
Gəzdi həyəti
O çapa-çapa.
Yıxildı atı
At onu yıxdı
O atı yıxdı
Mən bilmədim.
Bir onu gördüm
Atı qırıxdı.
Alıb çiyninə
O qırıq atı,
Yolu piyada
Geri qayıtdı.


***



GÜLLÜ DON


Sevincin donu
Çiçək-çiçəkdi,
Elə bil donu
Çiçəkləyibdi.

Baxır Sevilə
O gülə-gülə.
Sevilsə deyir
Nənim donum gül
Açmayıb hələ.
 

***



YUMRUQ VƏ ŞOKOLAD


Bu gün səhər Azadı
Tural gəlib döyübmüş.
O ki var danlayıbmış
O ki var da söyübmüş.

Azadım ağlamağı
Aşmayıbdı çəpəri.
Bu davadan heç kəsin
Olmayıbdı xəbəri.

Deyin niyə, bəs niyə
Azad sakit olubmuş.
Demə hiyləgər Tural
Yumruğunun içinə
Bir şokolad qoyubmuş.


***


 

AD



Tural ağaca
Yazdı adını.
Bir il keçməmiş-
Ağac da onun
Pozdu adını.
 

***



DEYƏSƏN


Yağış yağir isladır
Gülü, daşı torpağı.
Qızım yerin üstünə
Sərir güllü yaylığı.

Deyir, yer islanmasın
Tez-tez həyətə düşür.
Dünyanı qorumağı
Deyəsən başa düşür.

***



TURAL VƏ DƏNİZ


-Dəniz, dəniz, ay dəniz
İndi yaman acmısan.
Uzadıb əllərini
Sahilini qucmusan.

Yemək üçün indi sən
Yamanca ağlayırsan.
Içindəki balığı,
Nə vaxta saxlayırsan?


Yoxsa sənə gülərlər,
Ye balıqdan doyunca.
Çaylar su gətirərlər
İndi sənə ovcunda.

-Bu sözümü, ay Tural,
Sırğa elə qulağa.
Dəniz acından ölər,
Amma dəyməz balığa.

 


***


 

ÇOBAN SƏFƏR


Səfərə bax, səfərə
Gedib çıxıb çəpərə.
Demə çəpər çürükmüş
Dəyib üz üstə yerə.

Sınıbdı qabırğası
Əyri - üyrü çəpərin.
Pozulub halı, kefi
Qara gözlü Səfərin.

Demə çəpərin üstə
Boranılar varıymış.
Demə çəpərin üstü
Dolu yuvalarymış.

Elə bil ki bu yerdən
Quşlar küsüb haçandı.
Boranılar quzudu
Səfər indi çobandı.
 

***



İŞIQFOR

İşıqfor gözlərini,
Elə hey yumdu açdı.
Qırmızı gözün görcək,
Turalın rəngi qaçdı.


Düşündü ki, yatmayıb
Bu işıqfor gecələr.
Gözləri lap qızarıb,
Görən nə vaxt dincələr?

İşıqfor gözlərini
Yenə də yumdu, açdı.
Yaşıl gözünü görcək,
Tural tez evə qaçdı.

 


***


 

TOP


Tural, topu
Tullanıb tut.
Əlimizdə
Top qızarıb,
Allanıb top.
Görmürsənmi,
Əyri gedir
Yolun azıb,
Aldanıb top.
Tural, tez ol
Tullanıb tut.


***


 

SABAH

Uşaqlara toxunma,
Yaxşı yeri yolunu.
Küçədə təpik atma,
Yanına sal qolunu.

Keçirsən əyri - üyrü,
Düz çəkilən yolları.
Hələ sığal bilirsən,
Sənə dəyən qolları.

Öz - özünü öyürsən,
Bir şey girmir başına.
Bu gün mənə dəyərsən,
Sabah yekə maşına.


***



ƏGƏR


Balaca Tural,
Ağladı bir gün
Tez olun mənə,
Şokalad verin.
Əgər siz mənə
Top almasanız,
Dənizə çaya
Aparmasanız,
Dəvəyə, ata
Mindirməsəniz,
İşdən gələndə,
Şəkil kitablar
Gətirməsəniz,
Bir gün gözümü,
Yumacağam mən,
Qalacaqsınız
Qaranlıqda siz.

***


 

ÇİÇƏKLİ XALÇA


Xalça çiçək - çiçəkdi,
Hər ilməsi göyçəkdi.
Sevinc bir çiçəyindən,
Tutdu çəkdi, ha çəkdi
Nə çiçək qopdu yerdən,
Nə də çiçək əl çəkdi.
 

***



QIZIL GÜLLƏR

Yaman nadincdi,
Bu qızılgüllər.
Dişlərinə bax,
Mənə gülürlər.

Gəldim yaxına,
Gördüm qəşəngdi.
Dərmək istədim,
Məni dişlədi.

İşıq tək yanır,
Bu qızılgüllər.
Görəsən belə,
Nə gözləyirlər?

Ay qızılgüllər,
Qalın beləcə.
Qoy oğlum gəlsin,
Qorxarsız, necə!

 


***



NƏĞMƏ


-Ay qızım, oxu bir də
O nəğməni nə olar?
- Ay ata, olmaz axı,
Birdən nəğməm yorular.

***



ÇƏMƏNLİK


Batdı torpağa,
Yağış dimdiyi.
Çəkib çıxartdı,
Bu çəmənliyi.

***



KÖKƏ

Sevinc kuklaya,
Verib kökəni,
Getdi gətirsin,
Toyuğa dəni.

Qayıdıb gördü,
Yox olub kökə.
Saldı kuklanı,
Yaman pis kökə.
 

***


 

İTMİŞ NƏĞMƏ


Sevinc unutdu birdən,
Nəğmənin sözlərini .
Nəğməni tapmaq üçün ,
O yumdu gözlərini.

Heç düşmədi yadına
Ha çalışdı, çalışdı.
Nəğməni ürəyindən,
Kimsə oğurlamışdı.

 


***



PAPAQ


Ata qoydu başına,
Dümağ yekə papağı.
Getdi balıq ovuna,
Suya atdı qırmağı.

Bir balıq da düşmədi,
Tilovuna həmin gün.
Birdən güldü gözləri,
Güldü qara Sevincin:
- Balıq gəlməz yaxına,
Balıqlar qanad açar.
Belə papaqdan, ata,
Balıqlar qorxub qaçar.
 

***



QAZLAR


Sevincə deyiblər ki,
Yeri qaytar qazları.
O da gedib çağırıb,
Evcik quran qızları.

 


***


 

KUKLASI BÖYÜSÜN


Sevinc kuklasına,
Paltar tikibdi qəşəng.
Di gəl kuklasına,
Gendi tikdiyi köynək.

Qalıbdı yana - yana,
Heç bilməyir neyləsin.
Bir əlac qalıb ona,
Kuklası böyüsün.
 

***



KƏLƏM

Soydu qabığını,
Sevinc kələmin.
Dedi ki, görən,
Harasındadı
Kələm kələmin?
Çağırdı hələ,
Dostu Kərəmi
Kərəm də soydu
Yenə kələmi.
Tapmadılar heç
Axırda Sevinc
Gedib dedi ki
Tez ol gəl, əmi
Tapaq kələmi.
 

***



QOZ

Qoz ağacına
Tural qoz atdı.
Qoz yoldaşını
Tez göürüb qayıtdı.

***



KƏKLİKOTU

Kəkliklə mən
Yığdıq dağdan,
Kəklik otu.
Gəzdik dağı
Endik diki
Bir də gördüm
Itiribdi
Kəklik otu
Çox dolandıq
Çox fırlandıq
Mən oturdum
Dedim sən də
Kəklik, otur.
Baxıb gördük
Daşın dibi
Kəklikotu.
 

***



POMİDORLAR


Pomidorlar geydilər,
Qırmızı donlarını.
Adamlar da gördülər,
Lap uzaqdan onları.
 

***



QARPIZLAR


Bapbalaca qarpızlar
Dağılmışdı hərəyə.
On uşaqdıq, bölüşdük
Biri düşdü hərəyə.
 

***


 

ÜZÜM

Yol tərəfə tutmuşam
Bir saatdı üzümü.
Daşıyırlar uşaqlar
O tərəfdən üzümü.

Dırmaşıblar heyvaya
Şaftalıya, üzümə.
Görən bağ yiyəsi gəlib
Nə deyəcək üzümə.

Baxdım qəlbim əzildi
Əzik - üzük üzümə.
Bu bağçanın günahı
Çəkiləcək üzümə.

 


***



FINDIQ

Tural qırdı fındığı
Fındıq boşdu, lap boşdu.
Bu yoxluqdan qorxdu o
Hələ rəngi də qaçdı.

Tulladı qabıqları
Bucaqdakı ləyənə.
Ürəyində söydü o
Fındığını yeyənə.



***



NƏ BİLSİNLƏR


Sevinc uzadıb əlin
Gilanara ” gə “ deyir.
Kipriyini almaya
Vura - vura “ gə “ deyir.

O dost gəzir özünə,
Nə görünsə gözünə.
Yetişməmiş üzümə,
Kal - kal nara “ gə “ deyir.

Boylandı turş əriyə,
Ərik qaçdı geriyə.
Qırdım verdim kiriyə,
Gördüm o “ bəbə “ deyir

Dostları çoxdur onun,
Dostudu qarpız, qovun.
Böyürtən dişləyib donun,
O, nə qırır, nə yeyir.

Heyva qorxub saralıb,
Gavalı lap qaralıb.
Meyvələr çaş - baş qalıb,
Nə bilsinlər, nə deyir.

 


***



ALMA AĞACI

Tural bu gün səhərdən
Olub alma ağacı.
Alma üçün çiyninə
Dırmaşır kiçik bacı.

Almanı əllərində
Qaldırıbdı yuxarı.
Alma ciblərini də
Qaldırıbdı yuxarı.

Ağac olmuşam deyir
Səsi tutub hər yeri.
Bacısı da deyir ki
Ağaca dönməyinin
Nədir bizə xeyiri.

 


***



BİLMƏDİK...

Özümə dost tutmuşam
Ağ tutu, qara tutu,
Yeyirəm asta - asta
Yığıram qutu - qutu.

Elə bu an yanıma
Gəlir qonşumuz Tutu
Əlində qutu
Tutu yığır qutuya tutu.

Qışqırır anam birdən
Qoymayın it tutdu, tutdu
Mən Tutunu tutdum
Tutu da məni tutdu,
Bilmədik it kimi tutdu.

 


***


 

QARPIZ TAĞLARI



Qarpız tağları
Əyildi arxa.
Dedi ki bəlkə
Burdan su axa.

 


***



TUMLAR

 

Bir stəkan tum
Əkdim torpağa.
Sonra başladım
Mən darıxmağa.

Keçdi aylarım
Keçdi illərim,
Nə vaxt çıxacaq
Tumlarım mənim.

Eşdim torpağı
Gördüm tumların
Yarısı yoxdu.
Yarısının da
Əli çıxıbdı.

Gördüm yarısı
Ayaq açıblar.
O biriləri də
Yəqin qaçıblar.
 

***



TAĞI


Böyük qardaşı
Döydü Tağını.
Çünki əzmişdi
Qarpız tağını.
 

***



GİLƏNAR


Tamam yetişib
Dəyib gilənar.
Düşmək istəyir,
Ağacı azca
Əyib gilənar.
 

***


 

XANLAR

Gilənardan o qədər
Yedi doymadı Xanlar.
Lap axırda özü də
Çönüb oldu gilənar.


Anası öpdü, öpdü
Göyçəkləşən Xanları.
Sıxıldı dodağına
Gilənar tək xalları.

Ağacın budaqları
Saralıbdı, solubdu.
Xanların yanaqları
Gilənarla dolubdu.
 

***


 

PARTLAYAN NAR



Baxçada bir nar
Qızıl dişini
Göstərdi mənə.
Mən də dişimi
Onun üzünə
Durub ağartdım.
Gəldik diş-dişə,
Bütün dişini
Vurub çıxartım.
Çənəsini də,
Sümüyünü də
Bir yana atdım.
O biri narlar
Qorxub yumdular
Ağızlarını.
Quşlar kəsmədi
Qapılarının
Ağızlarını.

:: YUXARI ::