Qonaq Dəftəri
 


 
www.qeshemnecefzade.net
 

POEMALAR

 

 

SƏHİFƏLƏR


Gecə keçirdi,
Ata qurtarmaq istəmirdi
bu gecəni,
Qızını boynuna mindirirdi,
oğlunu "keçi dili"ylə,
dindirirdi.
Gecə keçirdi,
ata təzədən başlayırdı hər şeyi.
Yatırdı, yenə dururdu,
yenə çay içirdi.
Saatın çıqqıltısıyla,
Düşmən yeriyirdi bu səadətə.
Ata yığmışdı bu gecəyə
milyon illərin görüşünü.
Qurtarmaq istəmirdi
bu gecəni.
Yatırdı, yenə
durub təzədən
başlayırdı hər şeyi.
Guya gecə yeni düşüb,
Hələ var sabah getməyinə.
Hələ var sabahkı ayrılığa.
Hələ var gözünün içindəki,
Göz yaşının yaşamağına,
Qızının dodaqlarında
şirni payı küsmüşdü,
saçlarının ağ bantı,
çiçək kimi solmuşdu.
Balaca gombul oğlu
qucağında gülüşə,
nağıla susamışdı.
Ata girdi yerinə,
Sabah yol gedəcəkdi.
Güllü yorğanın iyini
üzünə çəkdi.
Birdən ata gördü ki,
gecəni çəkirlər.
Gecəni dünyadan düşürdürlər.
arvadını, uşağını
evini, eşiyini
Yurdunu, beşiyini
dünyadan düşürdürlər.
Tez qalxdı ata,
təzədən başladı hər şeyi.
Durğuzdu oğlunu,
min illərin şirni payını
bağışladı.
Qızına "at" oldu,
oğluna uşaq oldu.
Guya təzə işdən gəlib,
qənd alıb, çay alıb
bir evin ümidi tək,
qapıda dayanıb.
Ata uzadırdı gecəni.
Ata dava eləyirdi,
Uşaqlarının ac günüylə,
arvadının göz yaşıyla
tutaşırdı.
Son qəpiklə dalaşırdı.
Arvadının tək günüylə,
jaketini satmağıyla vuruşurdu.
Qızının üzü ac qalmışdı,
ata dodaqlarına.
Dodaqlarında alınmayacaq
şirnilərin
yeri göynəyirdi.
Üzündə bir də açılmayacaq
ata dodaqlarının
suyu göynəyirdi.
Tiyə əyni göynəyirdi.
Dükanda donu dağılırdı,
corabı köhnəlirdi.
Ata hücum çəkirdi
atasızlığa.
Qızının yalın ayaqlarına,
şirnisiz dodaqlarına.
Ata hücum çəkirdi,
qızının valideyn iclasına
Gəlməyən atasına.
Ata hönkürüb yıxılırdı,
köhnə kənd məktəbində
qızının partasına.
Ata hücum çəkirdi,
arvadının saçında
ehtiyaca.
Ata balalarını gül kimi qoxulayırdı,
Qurtarıb gedirdi gecə.
Saatın çıqqılısıyla,
Düşmən yeriyirdi.
Səadət dolu gecəni,
çəkirdi, sürüyürdü.
Guya saat doqquzdu,
uşaqları durquzdu.
Bu sənin şirni payın,
Bu sənin,
bu sənin,
Bu da sənin ayaqqabın.
Payladı qurtardı ata,
Min ilin şeylərini.
Sonra oğlunun toyu başladı.
Qaldırdı qolunu,
bir oynamaq oynadı ki...
arvadı sinəsindən,
qolunu ip kimi açdı.
Canlarında ölüb qalan,
"Tərəkəmə" gül açdı.
"Dedilər gözəldi gülün butası,
Dedilər xələt versin bəyin atası".
Ata əl atdı cibinə
Çıxartdı minlik topası.
Keçirdi, gedirdi gecə.
Ata min ilin toylarını
yığmışdı bu gecəyə.
Bu toylu gecəni düşmən
Ölüm düşərcəsinə,
aparmaq istəyirdi.
Vaqifin heykəlini,
ələsgərin qəbrini
yıxmaq istəyirdi.
Qanatmaq istəyirdi Xəzərin
ləpələrini.
Gülləyə nişan qoymuşdu
Füzulinin misralarını.
Gülləylə didirdi
Qubanın almalarını.
Düşmənlər çıtıq eləyirdi,
qızının partasını.
Yıxırdılar Gəncə çinarlarını.
Göyçay narı
araqarının üstə sıxılırdı.
Qızların yanaqları
keflərinə sıxılırdı.
Ata yığmışdı gecəyə
min ilin şeylərini.
Yatmırdı ata,
qurtarmırdı gecəni.
Bilirdi ki, qoruyacağı şey budu.
Bilirdi ki, Daşnak qırır
Uşaqların xətkeşini,
qələmini.
Çantasına patron soxur,
Gözlərində məhəbbəti gülələyir,
sinəsində bəşəriyəti güllələyir.
Yanağında ataların
dodağını güllələyir.
Daşnak ölüm doğur,
ölüm əkir.
Daşnakların ayağında
ölüm gəlir.
Ata görür, gödəlir
oğlunun futbol meydançasının boyu.
Top İrəvana düşür.
Gödəlir toy mağarının boyu,
"Vağzalı" ölüm düşərcəsində
adamların qolundan,
üz-üstə yerə düşür.
Ata görür
Daşnak aparır əsirləri,
dilində Füzulinin
şeirlərini.
Ayağında Vətən
torpağının dadını.
Öz içindən dartılır ata.
istəyir dünyaya gəlmiş,
gələcək insanların
milyard nifrətini
Düşmənin üsünə ata.
Bu gecədən, uşaqların
bu axşamkı gözündən.
Ata yığıb gecəyə
min ilin şeylərini.
Bəlkə də yığıbmış
bizim kəndi.
Ağacların yaşılını,
İkimərtəbəli məktəimizi,
atalar sözərini,
bayatıları,
neçə-neçə toyları,
gələcək nəslimizi.
Doğulan körpənin
gözünün işığını.
Oyuncaq üçün
gözlərinin yaşını.
Açılır səhər,
güllərin işığıyla.
Ata atılır bu gecədən
Qollarında bala dadı.
Əlində arvadının
saçının istisi.
Ölüm daşıyan güllələr,
bala dadına,
saç istisinə
büküldülər.
Dəyincə güllələr
əllərin istisinə,
qızların saçı ağardı.
Dəyincə balaların dadına,
balaların boyu bir az
qorxaq oldu.
Biz adamlar,
insanizm dünyasına
O gecədən gəlmişik.
Üzümüzdə atamızın
Dodaqları, öpüşləri.
Ona görə toy mağarını gen tikirik,
qırx gün, qırx gecə
toy eləyirik.
Zurnaçılar yorulunca çaldırırıq.
Qolumuzda, qıçımzda ölüb qalan
bir nisgili öldürürük.
O gecədən düşüb getdi atamız,
Biz yuxudaydıq.
Yuxumuzu cırıb çıxdıq.
Biz evin kişi qırığıydıq,
anamızın əlində
çəlik idik, qarğıydıq.
Biz insanlığın yarasına
üz qoyduq,
saç qoyduq,
sevgi döşədik.
Biz davadan sonra
məktublar kimi gəldik,
açdıq sevgimizi, qəlbimizi.
Atalar cəbhədən
Məktub kimi yazmışdı bizi.



***

Atalar getdilər,
Əmilər getdilər.
Əlimiz uzandı,
Boyumuz uzandı.
Əlimizdə bitdilər,
Boyumuzda bitdilər.
Ata pencəyini geydi oğullar,
ata yerişini yeridilər.
Ata gülüşünü götürdülər.
Daşlardan böyük həsrət
qaldı atalardan.
Çinarlardan böyük ümid
gəldi uşaqlara.
Kəndin ağ üzündə qara yolla
Uşaqlar bir gəldilər,
İki gəldilər,
üç gəldilər,
Nənələr qalxdılar ayağa.
Boylarında sındı həsrət.
Gözlərində bitdi heyrət.
Ay aman, bu gəliş
Səfərin gəlişidi...
Bu gülüş Kərimin gülüşüdü...
Bu yeriş Müslümün yerişidi...
Ay aman, muştuluq verin,
Bir kənd geri dönürdü...

 


***


 

Düşmənlər bir güllə düzəltdilər,
nazıyla oynadılar,
yaş yerə qoymadılar.
Bələdilər təbəsümə, gülüşə
düşmən hamiləydi ölümə.
Bizim kənddə,
Telli hamiləydi Bəşirə.
Doğuldu Bəşir,
yeridi, yüyürdü Bəşir.
Düşmənlər gülləni yeşiyə mindirdilər,
apardılar, gətirdilər.
Ac avtomatlar gəldi,
getmədi.
Yeşikdən - yeşiyə keçdi,
itmədi.
Çatıb atasının boyuna
gəldi Xankəndinə,
Tellinin oğlu.
Xankəndinə gəlmişdi,
Düşmənin güllə oğlu.
Mindi bir avtomata,
atılmadı, atılmadı.
Bir meşədə,
bir döyüşdə,
Bəşiri görüb tanıdı,
Atıldı
Gülləni canıyla tutdu Bəşir.
Yıxdı, öldürdü canında.
Bakıya gələn ağrını,
uşaqların kədərini,
sevgisizliyi, atasızlığı,
Yıxdı, öldürdü canında.
Düşmən hamiləydi ölümə,
Telli hamiləydi Bəşirə.
Bizim kənddən bu günlər,
gəldi əsgərlikdən
Bəşir adlı bir oğlan.

 


***


 

Orda bir məhəbbət ağlayır yaman,
Orda vağzalının başı daşlıdı.
Orda bir sevinci qəbrə qoyublar,
Burda anaların gözü yaşlıdı.

Qürbətdən durnalar köçüb gəlirlər,
Hər durna bir evə oğul tək dönür.
Deyirəm torpaqda uyuyan ərlər,
Bəlkə də Vətənin genişliyidir.

Torpağı nuruna boyamaq üçün,
Vətən uca tutub şah vüqarını.
Bəlkə də dünyanı qorumaq üçün,
Vətən orda qoyub oğullarını.

İgidlər köksündə qəbir qazıblar,
Cəbhədə atılan topa, gülləyə.
Gülləni sinədə qandallayıblar,
Açılıb kimsəyə dəyməsin deyə.

 


***


 

Çox evlərin böyrü üstədi,
Çox adamın başı üstədi
Uçuq dünyam!

Nənələri nə günə qoyduq
həsrətimizlə.
Davanın altında qaldıq.
Dava uşaqlarla böyüyür,
Ölüm bizlə oynayır,
Ölüm bizlə yüyürür.
Uçürüb tökmüşük özümüzü,
İndi qura bilmirik.
Ölüm doyuran silah qayırdıq,
indi ondan
özümüzü güdürük.
Göyçək evlərimiz azdı,
Dənizlərdən ayıb
Balıqlardan xəcalət çəkirik,
Quşlardan utanıb,
Örtük kimi
Üzümüzə güllələri çəkirik.

Göyçək dünyam, üçüqsan,
gərək səni tikək, quraq.
Bir dirəyin mən.
Uşaqların yarısı mənim boynuma.
Ağacların yarısı mənim boynuma.
Sevək,
tikək, səni qaldıraq!

Neytron ölümünü
öldürək sənin.
Qəbrimiz olmayasan, dünya,
Həmişə qoynuna gələk sənin.

 


***


 

Ətcə-ətcə quş balaları,
tökülüb asfalta, dəyib asfalta.
Baxır bir əsgər əlində silah,
Gülümsünür,
düşünür,
əsgər də bizim kimi.
Əzir çiçəkləri nallı çəkmələr,
Quşlar tüfəngləri ağac bilirlər
Uzaqdan-uzağa uçub gəlirlər.
Uçur qanadında yuvaları da,
uçur yanlarında balaları da,
uçur ayağında vətəni, yurdu.
Atıb bir tərəfə avtomatını,
Özünü verir bulağa.
Atır üstündən əmri, sərtliyi,
Bənövşə yığa-yığa
gəzir əsgər.
Nallı çəkməsini çıxarıb atır,
atır papağını, köynəyini də,
Unudur hər şeyi.
Unudur hərbi, topu, gülləni
insan kimi,
Necə doğulubsa, elə
əl-qol əta-ata,
torpaqda üzür əsgər.

 


***


 

Eşit zalım,
Töksən də dünyanın torpaqlarını,
Bir uşaq gözünü söndürmək olmaz.
Gözləri öldürə bilməzsən, zalım.
Öz nəfsini şallaq kimi yelləmə,
Türkün bir körpəsinin,
göz işığını,
Gülləylə torpağa basa bilməzsən.
İşığa güllə dəyirmi ki...
Gözlər günəş ilə qan qohumudur.
Gözləri ölümdən asa bilməzsən,

Vurarsan, gözlər tökülər,
yarpaqlar kimi.
Yenə tapar öz kökünü.
Tuşla topu, gülləni,
əllər gülləyə gəlmir,
uşaq əlləri.
Söykənir divara, sürüşür birdən
Öpür son dəfə bu divarı hörəni.
Səsi öldürmək olmur,
Səsə güllə dyirmi ki...
Eşitməzsən Xocalıda körpələrin
ağlamağını.
Onlar son dəfə öz səslərini,
nağıllarını dünyaya verir.
Göz yaşına güllə dəymir, zalım
O ölən körpənin sinəsindəki,
Son damla göz yaşı ölmür,
daşır-daşır,
səni aparmağa gəlir.
Gözləri öldürə bilməzsən!
Torpaq elə gözdü!
Torpaq elə sözdü!
İşıqdan, nurdan
görünür o biri üzü.
İnsan torpaqdan gəlir,
dikəlir.
Torpağı yeyə bilməzsən,
Torpaq gülləyə gəlmir.

 


***


 

Atomdan qabaq, qorxuram mən
Dəniz dənizliyini,
Meşə meşəliyini
ilan zəhərini itirməyindən.
Hürmür küçə itləri,
Ağacın qurumuş budağı çoxdu.
Yarpağın tökülməsi payızda, qayda,
Baharda düşməyə heç haqqı yoxdu.
Tökülür baharda yaşıl yarpaqlar,
Şairlər tökülür...
Atomdan betər, var ayrılıqlar,
oğlan gözəlindən, arvad ərindən,
ayrılan kimi.
Saralır, sınıxır görüş yerləri.
Sevdiyin adam, sevdiyin gözəl,
"əyri" olanda,
Dəyişik düşəndə kəhərlə eşşək,
Bir az da əyilir dünyanın beli.
Biz də atomdan qorxa-qorxa,
qalmışıq.
Dünya uçub gedir, xəbərimiz yox,
Birini infarktla yolda vururuq
Birini xərçənglə zəhərləyirik,
xəbərimiz yox.
Dünya içimizdə durulur ən çox!
Dünya içimizdə məhv olur ən çox!

 


***


 

Təmizsən, ilıqsan, qaymaqsan, dünya,
...Oy iydə ağacım, oy nar ağacım.
Ay ata, əllərin yorğan kimidi,
Gətir əllərini üstümə açım.
Nə gözəlsən dünya, atam-anamla,
Hamıyla, hamıyla nə qəşəngsən yer.
Bu ağrını havaxt çəkdin,
torpaq, ay torpaq,
üstündə doğuldu şüşəbənd evlər.
Şüşəbənd evlərdə gəlin analar,
Qucağında saz kimi,
totuq-totuq balalar.
Nə qəşəngsən, yer,
Qızım məktəbə gedir.
Çantası özündən yekə.
Axşam düşəndə balalarım
quş balası tək,
dururlar qapıda.
Deyirlər, gəl, ay ata.
Balalarım, kitabınızı
açın gəlirəm.
Qlunuzu açın gəlirəm.
Siz yatın mışıltınızdan,
Siz yatın gözünüzdən,
doyacağam mən.
Ürəyim ağrıyır, balalarım,
Sizi ürəyimin başına
qoyacağam mən.
Dünya nə daddıdı!
Balalarım nə daddıdı!
Dostum, yarım, yoldaşım,
nə daddıdı, Allah!
Nə şirindi bu totuq balam.
Dartır, cırır kitabımı.
Tutur, yolur saçımı.
"Yığışdırır" evimi.
Vurur, salır stəkanı.
Hələ kəsir əlini,
Hələ kəsir qıçını.
Amma ağlı kəsmir.
Nə varsa yoxlayır balam.
Yüyrüyünü qollarımdan asıram
Qoy qollarım bağlı olsun,
Balamın yüyrüyü ilə.
Nə daddısan yer,
Xatın evlərinin heykəli kimi,
Bir ev tikmişəm, bax, yekə!
Hər qapımı açanda,
Evimin işığı tullanır yerə,
gül kimi.
Pəncərəm işığıyla,
Yollara gül-çiçək qoyur.
Ay dünya, ağrıyan yaralarına,
Mənim də evimin işığı dolur.
Nə göyçəksən, yer
Evimin işığı gəlir,
İşığa qonağım gəlir.
Qoruyuram evimin işığını.
Qoruyaq, dostlar!
Qoruyaq! Qoruyaq!
Bu göyçək qızların gözlərinin
Bir yanı müharibə, bir yanı sevgi.
Lalə dodaqların, qara saçların
Bir yanı müharibə, bir yanı sevgi.
Gül balaların,
Bir yanı müharibə, bir yanı sevgi.
Bu gözəlliklə, bu məhəbbətlə
Müharibə yanaşıdı, yanaşı.
Dostlar,evinizdə neytron olar,
Atom gizlənər, dostlar.
Qəlbinizi açın!
Qapınızı açıq qoyun, açıq!
Sevgi dünyamızı qoruya bilsək,
Böyük dünyamızı qoruyacağıq.

 


***


 

Haran ağrıyır, dünya,
Sarı yarpaqların bəlkə göynəyir,
Gülsüz torpaqların bəlkə göynəyir.
Haran ağrıyır, başına dönüm.
Aparım qoyum ümidlərimi.
Aparım qoyum,
Gözlərimi, əlimi.
Aparım döşəyim şeirlərimi.
Aparım qoyum toyumu.
Haran ağrıyır, haran?
Böyüdüm, yollayım balalarımı.
Üstün açılıbsa üstünü örtüm.
Ay anamın ağ saçı, sən de!
Ay babamın beli, sən de!
İşığı gəlməyən ev, sən de...
"Başı kəsik, gözəl kötük", sən de!
Haranız ağrıyır deyin,
Aparım ürəyimi qoyum.
Aparım döşəyim şeirlərimi,
Aparım döşəyim ümidlərimi.

Avqust, 1996


***



SƏHV

PROLOQ

Bu uzun şeiri Əfqanıstanda hərbi xidmətdə olarkən dünyasını dəyişən Akif, Rəsul üçün və onların uşaqlıq, əsgərlik dostu hərbi xidmətdə dəfələrlə yaralanmış, mşəqqətlər çəkmiş, sinəsində iki dost dağı gəzdirən və bir də 1985-ci ildə Sov.İKP. MK tərəfindən Sovet qoşunlarının Əfqanıstana "qardaş köməyi" səhv adlandırılarkən özümüzünkülərin Əfqan döyüşçü və veteranlarına bəslədiyi soyuq münasibəti və öz üzərində o vaxtdan bəri "səhv" kəlməsini daşıyan qardaşım Qərib üçün, anamın dili ilə desəm "Aşıq Qərib" üçün yazıram.

Balta varsa, baş gərək,
Başım ağrıyır mənim.
Qəbrimə qoyulmağa,
Daşım ağrıyır mənim.

Dərd məni qaralayıb,
Demək, məni dərd sayıb.
Kipriyim yaralanıb,
Yaşım ağrıyır mənim.

Özün sındıra bilmir,
Göydən endirə bilmir.
Fikri qaldıra bilmir,
Qaşım ağrıyır mənim.

Dilimdən söz sürüşüb,
Gəlib şeirimə düşüb.
Yadıma nələr düşüb,
Huşum ağrıyır mənim.


Biləcəri...
üç manat ver keç içəri.
Çağrışçılar dəstə-dəstə,
Urisetə filan qədər,
Biləcəri tutan qədər.
"Əfqanıstan" sözü burda
Gizlədilir.
Qovluqlardan qovluqlara,
otaqlardan-otaqlara,
Zabitlərdən-zabitlərə,
ötürlərək,
Rayonlara gizli gəlir.
Əl altında saxlanılır.
Çağrışçılar yoxlanılır.
"Vayenkomat" hirsli, şişman
Qəzəblidi,
Sapsarıdı, ətirlidi, kremlidi.
Valideynlər çəkinirlər,
Çünki burda "Əfqanıstan" kəlməsi var.
"Vayenkomat" rusca hərdən
Hirsli-hirsli sözlər deyir,
Valideynlər rus dilindən çox qorxurlar.
Ata var ki, rus dilini heç bilməyir.
Bir də gördün hərbi komissar,
Qəzəblənir işçisinə.
Ya da kənddən gələn
əsgər gedən,
Cavanların birisinə.
Rusca elə qışqırır,
uşaq qorxur,
düşür uşağın əlindən
Kənddən gətirdiyi
Anasının qoyduğu,
o yemək bağlaması.
Oyanır üz-gözündən,
Bacısının dodağı,
Anasının ağlaması.
Uşaq qızarır, utanır
Kənardan baxır atası.
Uşaqların sifətində,
əfqanıstan sarısı.
Bir xəbər də buraxılıb
əvvəlcədən rayona.
Deyəsən bu göndəriş
Gedir Əfqanıstana.
Kimsə bunu
Yuxarıdan deyir belə.
Sonra "ovu" əgil ələ.
Valideynlər yol axtarır,
Kommisarın otağına,
Zənglə, pulla.
Gah girirlər katibənin,
Sürücünün qılığına.
Yapışırlar bir zabitin
ətəyindən.
Söz deyirlər qulağına.
O da baxır yerə, göyə
Bir azda da gülümsünür,
Guya tanışdı deyə.
Atanın qırışığı açılır,
Seyf açılır.
Bax, delolar...
Moskvadı bunlar.
Bu da ki, Kamçatkadı.
Rəfdəki "Stroybat"
Bölük-bölük, hissə-hissə.
delolara baxır ata.
İndi oğlu bir "delo"du,
Qaldırmağa gücü çatmır,
Rəfdən-rəfə
Ötürməyə gücü çatmır,
O delonu götürməyə gücü çatmır.
Kommisarın otağından,
Gecəyarı bir söz qaçıb.
Kommisarın dodağından
Fikir qaçıb: "Əfqanıstan".
O söz qaçıb pul dalınca,
Təzə-əzə böyüyən
oğlanların dalınca.
O söz qaçıb "boy" dalınca.
Deyirlər ki, oğlanların,
İrisini aparırlar.
Qəşəngini, güclüsünü,
Girlisini aparırlar.

Analar peşmandılar,
Qəşəng oğul böyütməyə.
Xəstə olsa, boysuz olsa,
Sevinərlər analar,
Təki oğul getməyə.

Qan-qan deyir "Vremya",
Əfqanıstan qandı-qan.
İndi bizim əsəbimiz,
Çönüb olub Əfqanıstan.

Yamanca moda minib
Rus dili müəllimləri.
Çevirirlər hamıya,
Ruscadan xəbərləri.

Getdilər əsgərliyə,
Rəsul, Akif və Qərib.
anam yaman ağladı
Qərib, Qərib, oy Qərib.

 


***


 

Ataları Mirzə, Məmməd,
Əzim.
Mənim atam Mirzə -
çobanıydı.
Əzim isə kolxozçuydu.
Məmməd qoçaq suçuydu.
Biləcəriyə biz apardıq
hər üçünü.
Dopdoluydu Məmmədin
Köhnə, iflic xurcunu.
Nişanlıydı oğlu Akif
Öz bibisi qızına.
Yol gedirdi sevgiyə
O qızına-qızına.
Üşüyürdü qardaşım Qərib,
- adı da Qəribdi, özü də Qərib.
Rəsul - Əzimin oğlu,
Bir mehriban oğlandı.
Sırtıq üzdən, soyuq sözdən,
Bir də gördün allandı.

 


***


 

Bu da Biləcəri...
Hünərin var keç içəri.
Küləklər adamın əlindən tutub
Evlərə qonaq aparır.
Üşüdə-üşüdə aparır ki,
o evdə qonaq qalasan.
Uşaqların üstə gedən zabitin,
ağzına kilid vurulub.
Birdən ağzından söz qaçar.
Bir kişi də ona qırsaqqız olub: -
Bəlkə Biləcəridə tanışı var.
Hərə bir yol axtarır.
Ancaq Biləcəridə yol tapmaq asan,
Bu da Bilcəri...
üç manat ver keç içəri
İşçilərdən birini çək qərağa,
Qulağına söz tulla.
O da delonu hələlik qoyar
qırağa.
Sonra da ötürər Özbəkistana,
ya da Qazağa.
Daha qoymaz Əfqanıstana.
Axşam saat 11-də
Biləcəri vağzalında,
Uşaqları yola saldıq.
Əli, Rəsul qalxdı
qatarın səsinə.
Qərib yatmışdı skamyada
mən durğuzdum.
Üzünü söykəmişdi limonad şüşəsinə.
Pullarını verdik,
bağlama, filan,
Soyutma, yumurta, ayran
yığdıq uşaqların yan-yörəsinə.
Bir komandir vaıydı,
Sapsarı oğlan,
Guya tanış çıxdıq onunla.
Hər üçünü tapşırdım,
Bir az kişiləşərək.
Məmməd dedi: -Sağ ol, müəllim,
ürəyim arxayınladı.
Elə bu axşam qayıdam gərək,
Nədi burda qalmağın adı?

 


***


 

Bir ay keçmiş,
üç məktub gəldi Əfqanıstandan.
Mən öpdüm Qəribin barmaqlarından.
Sözlərindən öpə-öpə yaşadım.
Məmməd, Mirzə və Əzim,
Dözə-dözə yaşadılar.
Bir kinayə varıydı,
bir çox alçaq kişilərdə,
kinayəni əzə-əzə yaşadılar.
Biri deyirdi kənddə:
Mirzə pula qıymadı.
Məmməd pulu saymadı.
Əzimin əlində xəritə:
- Əfqanıstan hardadı?-
Gəzirdi baymağıyla.
Mirzə özün yanayırdı,
İri zoğal çomağıyla.

 


***


 

"Vremya" dost oldu bizə,
Otururduq üz-üzə.
Deyirdilər düşmanlar,
Dağ çəkir Əfqanıstana.
Guya köməyə gedib ona
Sovet qoşunları.
Deyirdilər duşmandı
Puş camaatı -
Beş milyon duşmanmı olar?!
Döyüşürdü Əfqanıstan
Sovet qoşunlarıyla.
Adamları partizan.
Hamsı milli qəhrəman.
ancaq sovetçilər,
Deyirdi onlara duşman.
Öz yurunu, elini
Obasını, dilini,
Qoruyan duşmanmı olur?
İyirmi milyonluq ölkə
Kimlə üz-üzə durur?
Sovet adlı rəngi-ruhu -
Görünməyən,
adı, soyadı bilinməyən
bic dövlətlə.
Siyasətdən xəbəri yox,
Qəribin də, Rəsulun da, Akifin də.
Müsəlmanlar oyuncaqdı,
bic doğulan bir dövlətin
əlindəcə.
Oğullarımız tabut olur
Əfqanıstan çölərində.
Əfqanıstan qəhrəmandı
Öz-özünü qoruyur,
Müstəqillik yollarında.
Bəs biz kimik?
Bəs biz nəyik?
Görən kimə süpürgəyik?
Kimdi bizlə yer süpürən?
Kimdi bizlə od götürən?

Məmməd elə bilirdi,
Deyəcəkdi "Vremya"
bizim uşaqlardan.
Əzim,
Çəkmirdi televizordan gözlərin.
Mirzə deyirdi kaş,
Toxunaydı gözlərinə gözlərim.
Rus qızı da yaman bicdi
Amma daha yaxşıdı Şatalin.
Elə bil bizi tanıyır.
Xüsusən Mirzəni tanıyır,
Nə var düpbədüz deyir.
Ancaq Mirzə dil bilməyir
Nə yaxşı var simsiz - radio
Sədaqət müəllim,
Səhər deyəcək, ay Mirzə dayı,
Hər şey yaxşıdı, özzüm ölüm.

 


***


 

Girib qış küləyinə,
Kəndə bir xəbər gəldi.
Bu xəbəri ilk dəfə,
Əli dayı bildi.
Bildiyini bilirdik görkəmindən.
Hamı qaçırdı yola.
Akifin özündən qabaq
xəbəri gəldi.
Tabut Bakıdaydı,
Xəbər səhər,
Akif axşama gəldi.
Qara bayraq kimi yellənirdi
Əliqulular.
Mirzə də bildi bunu,
işin düş olduğunu.
İncidi "Vremya"dan
Şatalin niyə deməsin bunu?
Mirzə öpdü xəbəri
Dedi bəlkə Qəribdən,
var xəbərin xəbəri.
Tabut axşama gəldi,
Bir qaşqa, "Skoro"da.
İşə bax, tələsmirdi,
Bu axşam "skoro" da.
Adamlar əllərindən
Tabutu yerə qoymadılar.
Ağzı bağlı tabutu,
açmağa qoymadılır.
Məmməd göyə çıxmaq istədi,
Adamlar qoymadılar.
üz qoydular tabuta,
Akifin üzü idi.
Qayıtdı kəndimizə
üç oğuldan biri.
Çoxaldı Əliquluların,
Tabut gözləyənləri.
Tabuta gözətçiydi,
Əli avtomatlılar.
Qırmızı papaqlılar.
Dedilər gərək axşama,
Biz tabutu dəfn edək.
Ağsaqqallar dedi ki,
Prokurora, katibə,
gəlin minnətə gedək.
Məmməd dedi: -yalvarıram,
Qoy oğlum bircə gecə
qalsın öz evimizdə.
Onun həsrətin çəkib
Balaca evimiz də
Xiffətini çəkmişik,
Düz bir il altı aydı.
Əsgərdən gələn kimi,
Ona toy olmalıydı.
Gəlibdi nişanlısı,
Əyninə geyib qanı.
Oğul vermişdim sizə,
Bəs mənim oğlum hanı?
Mısmırıxlı komissar
yenə də - "olmaz" - deyir.
Tabut dəfn olunmalı.
Bir ağsaqqal qışqırır:
- Xeyr.
Elimizin adəti var,
Tabut gecə qalmalıdır.
Hamı ağlamalıdır.
İcazə verilir,
Tabut qalır bir şərtlə.
Güdükçüylə, əsgərlə
Avtomatla, hökumətlə.
Tabut kimdən qorunur?
Onu öpən dodaqdan?
Məleykədən, Məməddən
Göz yaşından, yanaqdan?
Məmməd bir qıyya çəkdi: -
Bu tabut mənimdisə,
Məndən qorunmamalı,
Məndən qorunursa, demək,
Mənim deyil bu tabut,
Ay Mirzə,
Ay Əzim,
Ay Babalı.
Hamı şübhəliydi,
Taut daş kimiydi.
Məmməd bilirdi axı,
Oğlu belə daş deyil.
Ana bilirdi axı,
O daşa qardaş deyil.
Almışdı qucağına,
Məleykə bu tabutu.
Oğlu çox böyümüşdü,
yekəydi dəmir qutu.
Akif o axşam qaldı.
anayla tabut arasında,
Əli avtomatlı
əsgər dayandı.
Elə bil
tabutda heç kəs yoxdu
Tabutda nəfəs yoxdu.
Ağsaqqallar Məmmədə
Ürək-dirək verdilər.
-Gözlərin aydın olsun,-
Hətta belə dedilər.
Elə olur ki, bəzən,
Heç tabut da gəlmir.
Əvəzinə bir qara,
Kağız parçası gəlir.
Çox şükür, səninki gəldi,
Dəfn elədik,
üçün, yeddisin, qırxın
hamsını verdik.
Çox şükür!
Elə dedilər ki,
Az qala sevinsin Məmməd.
Eh, Mirzənin yanında,
Məmməd nə qədər xoşbəxt.
Mirzə fikirləşirdi,
Mənimki də gələydi.
Dəfn edəydim balamı,
Əfqanıstan çöllərində,
qoymayaydım balamı.

Bir az keçdi Məmmədi,
Çağırdılar rayona.
Guya Akifinmiş
Papaq verdilər ona.
Bir medal da verdilər.

Bir dənə fəxri fərman,
Şübhələnən hər adam,
Tez-tez dedi Məmmədə
Akifin ölməyinə,
İnana bilmir adam.

Bir az keçdi Akifdən,
Təzə bir məktub gəldi.
Kənddə nə varsa, Allah,
Hamsı qalxdı, dikəldi.

az qala,
Kənd dəli ola.

Mirzə fikirləşdi ki,
Akif sağsa,
Bəlkə tabutdakı,
Mənim öz balam olar.

Baxdı Sədaqət müəllim,
Məktubun tarixinə.
Akif öz ölümündən,
Yazıbmış bir gün önə.

Həmin məktub bircə an,
Yaşadı Akif kimi.
Qürbətdən qayıtmışdı,
Akifin ömrü kimi.

Akifin ölümündən
Nə qədər arzu yandı.
"Əfqanıstan söhbəti",
Bir az da bahalandı.

Qan-qan deyir komissar,
Gör necə kökdü səsi.
Analar öz oğlunu,
İstəmir ki, böyüsün.
Şikayət etsən əgər,
Vətən, torpaq, xalq adıyla
Tez səni həbs edərlər.

 


***


 

Əfqanıstan qandı, qan
Qan ətri gəlir,
Qəribin məktublarından.
Bir tərəfdə Əhməd şah,
dalında başqa ölkə,
dayanıbdı pusquda.
Bir yanda Bəbrək Kamral,
Arxasında Moskva.
Od tutub yanır Calalabad,
Sovetin gülləsidi,
Ölkə yad ölkəsidi,
Hara gəldi güllə at.
Tez-tez əmr göndərir,
Moskvadan Ustinov.
Qoşuna tapşırır ki,
Əhməd şahın burnun ov.
Öz içinə sığmayır
Əfqanıstan,
Ölkə dar.
Bir balaca ölkədə
Yüz ölkənin feli var.

 


***


 

Dörd ay keçmiş yenə də
Bir tabut gətirdilər,
Rəsul adında.
Bir kənd baxış varıydı,
Tabutun qanadında.
Dəfn etdilər,
Baxışlar quşlar kimi
uçub getdilər.
Əzimin gözü yığıldı özünə.
Təkcə özündən çıxıb getdi Mirzə.
Məclisdəydi özünü öyən kişi.
Əzim pula qımadı
deyən kişi
Az qala girə gözə

Əsgər geyimli, ulduz şəkilli
Başdaşları,
Ağlatdı adamları.

Anam kənd Sovet sədri Əli dayını gördü,
Ona bir-iki kəlmə söz dedi:

- Balam tuş gəlib qurda
Balam dönəydi yurda.
Ora qürbət ölkədi,
Balam nə gəzir orda?

Özü Qərib,
Sözü Qərib,
Aşıq Qərib,
Balam, uy, uy, uy, uy.

Kabilin küçələri,
Banlaşır beçələri.
Mən səslərəm Qəribi,
Hay verər neçələri.

Anam dediyi sözlərə uyğun öz köynəyinin yaxasından tutub dartırdı

Qərib, Qərib, Qərib, hey
Öldüm bala, öldüm hey.
Balam, balam, balam oy,
Qərib, Qərib, Qərib oy.
Dədəm, dədəm, dədəm oy.

Arazam mən, Kürəm mən,
Kür döşündən, Kür əmən.
Kür gözümə köçübdü,
Gəlib düşdüm Kürə mən.

Əli dayı bir söz demədi. Dedi səhər aparıb "peçatı" təhvil verəcəyəm. Belə hökumətdə işləməyə dəyməz.

Anam gecələr yuxu yatmır,
Guya keşikçidi Qəribə.
Özünü soyuğa verir,
Soyuq dəyib Qəribə.

Quru yerdə yatır ki,
Yaxın ola Qəribə.
Çox zaman ac qalır ki,
Qəribi görsün deyə.
Azarlayır azarda,
Qəribi görsün deyə.

Qərib su paltarlıdı,
Su içindədi Qərib.
Çıxıb çöldə durur ki,
Bəlkə çöldədi Qərib.

Dadlı yeməklər yemir,
Bəlkə də Qərib acdı.
Borşu çoz istəyir ki,
Qərib borşa möhtacdı.

Başa gələn ağrını,
Qəribdən gəlib deyir.
Ona görə ağrını,
Bu qədər çox istəyir.

 


***


 

Televizor gözdən düşüb,
Yalandı veriliş-filan.
Televizora sığarmı,
O boyda Əfqanıstan.

Şatalin yalançıdı,
Çox şeyi düz söyləmir.
Küsüb Sədaqət müəllim,
Heç tərcümə eyləmir.

Qəzetlər yalan yazır,
Gerçəkdi “ölüm” sözü.
Sən Mirzənin yanında,
Necə xoşbəxtsən, Əzim!

Məktub gəlmir Qəribdən,
Axı Mirzə neyləsin?
Necə sevinər Mirzə,
Bircə tabutu gəlsin.

Adamlar dəstə-dəstə
Gəlib gedirlər bizə.
Bəlkə də ehtiyac var,
Bu cür qayğıya, sözə.

Bitibdi, qurtarıbdı,
Qəribin əsgər vaxtı.
Nə məktub var, nə özü,
Dolaşır "itkin" sözü.

Hamı qayğı göstərir,
Bizim ailəmizə.
Bu qayğı şübhəlidi,
İnanmır buna Mirzə.

Qərib əsgərlikdən çox gec gəldi. Bir il vaxtından keçmişdi. Hamı deyirdi ki, itkin düşüb. Tabutu gəlməsə də hüzürünü verməyə hazırlaşırdıq. Bir səhər...

Səhərlərin bir səhəri,
Titrədi Əliquluların evləri.
Bir maşın şütüyürdü kəndə sarı.
Xəbərlə maşın ötüşürdü.
Hansı tez çata-çata.
Maşın tövşüyürdü,
sanki həyəcanından.
Az qalırdı öz səsinin içində bata,
Yollar qaçırdı ayaqlarından.
Yüksəlmişdi qan təzyiqi,
Bəlkə də yüzüydü nəbzi.
Hamı tanıdı Qəribi,
Hamı qaçırdı bizə.
Maşın xəbər,
xəbər maşın,
Kəndə xəbər bir gəldi.
Birdən maşın,
uzadıb siqnal əlini
tutub ürəyimizdən qalxdı, dikəldi.
Qərib maşından düşdü.
Hamı huşundan düşdü.
Yüyürdük ona sarı,
Çatanda görüşmədik.
Görüşməyə hey hanı?
Sanki ondan küsmüşdük.
Axı necə görüşək?
Vaxtında gəlməmişdi.
Bu qəfil, dəli sevinc,
Bizi dəli eləmişdi.
Anam getdi özündən
Qərib uy, uy, uy, uy.

On iki qurban kəsdik,
Bir dənə ala cöngə.
Kənd yedi doyunca.
Gəldi Əzmlə, Məmməd
Öpdülər Qəribi bir bala kimi.
Axtardılar Qəribi,
Başdan ayağa kimi.
Rəsuldan, Akifdən
bir xəbər tapmadılar,
Axırda ağladılar.
Qərib görməyibmiş,
Dostların ölümünü.
Bu sözlər heç açmadı,
Qohumların könlünü.
Qərib əridi buz tək,
Əyildi yeddi yerdən.
Göz yaşı dərindəydi,
Dartırdı öz içindən.
Göz yaşı özün asdı,
Qara kipriklərindən.

Qərib sağ gəldi deyə
"Əfqanıstan söhbəti"
Az qaldı ki, səngiyə.

Qərib sonra Məmməd dayıgilə getdi. Dedi ki, Akifin necə öldüyünü görməmişəm. Ancaq Akifin meyidini tabuta öz əllərimlə qoymuşam. Həmin günün axşamı Qərib atamla Əzim dayıgilə getmişdi. Rəsulun öldüyünü görməsə də tabuta Rəsulu özü qoyduğunu söyləmişdi.

Bir il keçmişdi,
Qəribin gəlməyindən.
Bir əsgər qayıtmışdı,
Əfqanıstan elindən
Axtarırdı Məmmədi,
Dedi ona sözüm var.
Tez Məmmədi tapdılar,
Gəldi bütün qohumlar,
O oğlan asta səslə,
Dedi oğlunuz sağdı,
Bir qolu da şikəsti.
Onu gördüm,
Bir Əfqanın evində,
Yarası da varıydı,
Onun sağ biləyində.
Döyüşdə itkin düşüb,
Qaçıb bir evə gəlib.
Necə olubsa çasta,
o qayıda bilməyib.
Tabut da göndəriblərmiş evə,
elədirmi?
Məmməd dedi: bəli, elə.
O oğlan yüz söz dedi,
Nə bilək səhv dedi,
ya düz dedi.
Tabut "doğulubmuş",
Akif gələ bilməyib.
Tabuta bax, tabuta,
Oğul yerinə gəlib.
Döyüşür tabut, Akif
Görəsən neyləməli?
Tabut daha güclüdü,
Gücü Sovet gücüdü.
Akif indi əsirdi
Əsirə baxan varmı?
Qəbir indi Akifdi,
Onu atmaq olarmı?
Qəbir burda var deyə,
Akifi güllələrlər.
Akif görünsün deyə,
Tabutu məhv edərlər.
İkisinin yaşamaq,
haqqı yoxdu dünyada.
İki can yaşayarmı,
Eyni ünvanda, adda?
İndi ikisindən biri
yaşamalı,
Hansını yaşatmalı,
Qoy bunu zaman desin.
Zamanın ağlı varmı?
Zaman, zaman, ey zaman,
Qısalmasın nəfəsin.
Həqiqəti desənə,
Zaman, nə deyim sənə!

 


***


 

Məmməd çağırdı Sədaqəti,
Dedi: müəllim, qəti,
Tez mənim dilimdən
bir məktub yazmalı -
Moskvaya, Ustinovun özünə.
Məktubu burdan yox,
ordan yola salmalı.
Yaz ki, suçuyam,
Diridi, sağdı balam.
Anası qəhrəman ana,
Beləcə də yaz ona.
Balamın gəlməyinə,
Sən özün kömək elə.
Məmmədin dediyi tək,
Səaqət yazdı belə.

 


***


 

Üç ay keçdi,
Cavab gəldi məktubdan.
Qorxuludu bu cavab,
Sualsızdı bu cavab:
"Oğlunuz Vətən yolunda ölüb çoxdan".
Məmməd yenə də yazdı.
Cavab gəldi:
"Ölmüşdü xalq yolunda".

Bir də yazdı.
Cavab əvəzinə
Gəldi sarı geyimli,
bir-iki nəfər.
Ona qəti dedilər,
Bir də məktub yazsan,
Səni küllü-külfətli,
Eyləyərik dərbədər.
Məmməd yığışdırdı,
Bir dəfəlik sorğunu.
Gedib qucaqladı,
Doğma qəbir oğlunu.

 


***


 

Moskvada Qarboçov,
Gəldi hakimiyyətə.
Təzə bir ahənc verdi,
Hökumətə, dövlətə.
Dedi nahaqdı,
orda qoşun.
Səhvdi, tarixin səhvi.
Bir görmədim soruşum,
Yüz min oğlanın məhvi,
Bəs haraya yazılsın?

Ancaq yenə Qorbaçov
Yeni bir addım atdı.
Uzaq, qərib ölkədən,
Qoşunları çıxartdı.
Neçə ana ürəyi
Öz yerinə qayıtdı,
Sağ-salamat.
Deyəsən bu qərardan,
incidi "vayenkomat".

 


***


 

Ancaq Akif gəlmədi.
Bəlkə də yalan idi,
O əsgərin xəbəri.
Bəlkə də aldadıbmış,
Xırda, mavi gözləri.

 


***


 

Səhv imiş əfqan torpağında,
döyüşmək, ölmək.
Rəsulun, Qəribin, Akifin səhvi,
on səkkiz yaşında neçə ölənin səhvi.
Azərbaycanın səhvi,
Ölkənin səhvi.
Səhv deyilir bu uğursuz əməliyyata,
Bəs neyləsin neçə ana, neçə ata?

Moskva buna səhv
Deyən kimi özümüzünkülər,
Daraq çəkdi oğullarına.
Unutdular əfqan döyüşçülərini.
Qalxdı ölkənin hirsi,
Hətta rayonun katibi
danlayaraq Qəribi.
Dedi: gözüm aydın
Əfqanıstan döyüşçüsü!

 


***



Dövlətin səhvi,
Əsgərin deyil,
Əsgərin səhvi,
Səngərin deyil.
Bizdə mövsumdu qəhrəmanlıqlar,
Bər-bəzəkli sağlıqlar,
Şəkillər, yollar, küçələr,
Dildə Vətən, əldə balta
And içənlər,
Bir az keçmiş,
Bir başqa mövzuya keçərlər.
Qəhrəmanlıq, ölüm, itim
Mövzu deyil, yaşayışdı,
Harda olur, olsun
Qəhrəmanlıq anlayışıdı.
Dünən, Vətən, Əfqanıstan
Söyləyənlər,
Bu gün qardaşımı görən kimi,
ağzı, gözü əyilənlər,
O alçaqlar, o sallaqlar,
Unudurlar həqiqəti.
Harda olsa,
Cəsarətdi igidlərin cəsarəti,
Qəhrəmanlıq göz üstünə qoyulmalı,
Qəhrəmana kəm baxanın
bəbəkləri oyulmalı.

Unutduq biz
Döyüş yolu keçənləri.
Hər şeydən əvvəl, öncə,
Candan keçə bilənləri.
Silah tuta bilənləri.
Tank sürəni,
Top atanı.
Unutduq deyə bəlkə,
Davaya düşdü ölkə.
Bu döyüş özümüzünkü.
Torpaq bizim, dağ bizimki,
Burda Əzim ağlamaz.
Burda Mirzə ağlamaz,
Hər kəs uşaq saxlamaz.
Hamı əsgər böyüdər.
Əsgər səngər böyüdər.
Qəribi danlayan katib,
Təzə mövzu başlayıb.
Can deyib, Vətən deyib
Əfqan döyüşçülərini,
İclasda alqışlayıb.
Bəlkə də unudulmaq,
Özü yaşamaq idi.
Bəlkə elə Əfqanıstan,
Biz üçün sınaq idi.

EPİLOQ

Qəribdən ötrü anam o qdər ağlamışdı ki, axırda gözləri tutuldu. Qərib qayıtdıqdan sonra o qədər laqeydlik buzu gördü ki, içindəki yarasına qədər ağrıdı. Sovet imperiyasının Əfqanıstana müdaxiləsi səhv adlandırıldıqdan sonra Əfqan döyüşçülərinə, əlillərinə bəslənən soyuq münasibətə görə Allah-təala bəlkə də həmin döyüşçülərə yenidən ehtiyac yaratdı ki, onların qədrini bilək! Bu barədə sonra...

Nə yazdımsa, düz yazdım,
Birini səhv etmədim.
Düşmənə düşmən oldum,
Düşməni əfv etmədim.

Üzümü ağ eyədim,
Fikrimi sağ elədim,
Yağımı dağ elədim,
Yağımı kəf etmədim.

Misralarım bələkdə,
İçindəki ürəkdi.
Dünya küydü, kələkdi,
Şeiri kələf etmədim.

Baxıb gözümə getdim,
Dərdin üzünə getdim.
Özüm özümə getdim,
Sənə tərəf getmədim.


İyun-sentyabr, 2000-ci il

:: YUXARI ::


Əlaqə: (+ 994 50) 524 44 91

           (+ 994 12) 493 75 81

E-mail:  qesemnecefzade@mail.ru

             qeshemnecefzade@rambler.ru

     © 2006 Bütün hüquqlar qorunur | Powered by Retro Sayt AzeriArt.Net ™