|
MÜSAHİBƏLƏR
Azərbaycan poeziyası Avropada
Qəşəm Nəcəfzadə: “Mən bunu təkcə özümün yox,
həm də çağdaş ədəbiyyatımızın uğuru hesab
edirəm”
Ötən saylarımızın birində tanınmış şair Qəşəm
Nəcəfzadənin Hollandiyada keçirilən 38-ci
Beynəlxalq Poeziya Festivalında Azərbaycan
ədəbiyyatını təmsil edəcəyi ilə bağlı yazı dərc
etmişdik. Artıq festival başa çatıb. Şairlə
görüşüb festival təəssüratlarını bizim
oxucularla da bölüşməsini xahiş etdik.
Bir daha qeyd edək ki, bu, dünyanın ən nüfuzlu
poeziya festivalllarından biridir və burada
Azərbaycan ədəbiyyatı ilk dəfədir ki, təmsil
olunurdu.
- Necə getdiniz, sizi necə qarşıladılar?
- Burdan Moskvaya, oradan da Amsterdama getdim.
İlk dəfə idi ki, Azərbaycandan kənara çıxırdım.
Təyyarədən çox qorxurdum, hər şey yadımdan
çıxmışdı. Amsterdamın təyyarə limanının
çıxışında gördüm ki, gözəl bir qızın sinəsindən
asılmış kağız parçasına “Gasham Najafzadeh”
sözləri yazılıb, yüyürdüm “özümə” tərəf, şəklimə
baxıb məni tanıdı. Ordan Amsterdamdan 60 km
kənarda yerləşən Rotderdam şəhərinə gəldik. Qız
qəşəng, sarışın bir holland qızı idi. Dilini
bilmədiyimə görə dizimə döyürdüm, amma
utanmırdım, çünki bu səhnəni özümüzdən başqa heç
kim seyr etmirdi. Tez-tez üzümə baxıb
gülümsəyirdi, mən də ürəklənirdim ki, yəqin
şeirlərimi oxuyub, fikirləşir ki, filan şeiri
yazan bu cavan oğlandı. Qız məni məşhur
“Atlanta” otelində 460 saylı otaqda yerləşdirdi,
mən “veş-vüş”ümü otağa qoyub qızla birlikdə
küçəyə çıxdım. Qız yenə üzümə baxıb gülümsədi.
Yağış yağırdı, eynən yağış Bakıdakı kimi
yağırdı, əlimi yağış damcılarının altına tutdum,
bu, nəsə qıza bir söz demək idi, qız da əllərini
yağışın altına tutdu, o da nəsə demək istəyirdi,
bir sözlə, əllərimizi yağışın altına tutmaqla
ikimizin də eyni insan olduğumuzu bir-birimizə
söyləyirdik, əllərimizlə şirin-şirin söhbət
eləyirdik. Elə bu zaman otelin qabağında altı
diyircəkli çantasını sürüyə-sürüyə bizə tərəf
gələn orta yaşlı bir kişini gördük. Mən onu
şəklindən tanıyırdm. Bu, Amerika şairi Arthur
Sze idi. O da qiyabi olaraq, yəni internet
vasitəsilə məni tanıyırmış. Bizə çatan kimi “o-o
Azerbaijan” deyib boynumu qucaqladı, mən də “ooy
Amerika” deyib onun boynunu qucaqladım.Onun cins
şalvarının sökülmüş balağı mənə uzaq Amerikanı
xatırlatdı. Qız eyni ilə onun üzünə baxıb
güləmsəyirdi, mən də çox pis olurdum. Onlar
ingilis dilində çox iti danışırdılar. Qız gördü
ki, mən pis oluram, tez əllərini yağışın altına
tutdu, yəni demək istədi ki, gəl səninlə də
danışaq. Mən də əllərimi yağışa uzatdım. O qızın
adı Jonrita Monna idi...
- Bir az şəhər haqqında danışın, necə idi?
- Hər tərəf tər-təmiz, gül kimi. Amma orda gül
görmədim, şairə bizdəki kimi gül-çiçək
vermirlər. Qonorar verirlər. Küçələr sakit və
əsəbsizdir. Bu Avropa ölkəsində hər şey insan
üçün hesablanıb. Adamların 90 faizi velosiped
sürür, ən çox da qızlar, qadınlar. Onların
muzeylərinə baxdım, Qobustan qayalarındakı
rəsmləri orada gördüm. Çox təəccübləndim. Orada
hər şey təbiidir, ədəbiyyata da münasibət saxta
deyil.
- Hə, keçək ədəbiyyata. Festivala, bir həftə
ərzində işlər nədən ibarət idi və necə
planlaşdırılmışdı?
- Hər gün bizim iş saatımız saat 10.00-da
başlayırdı. Məsələn, bu saatda mütəxəssislərin
iştirakı ilə tərcümə seminarları keçirilir,
ingilis və holland dilində çap olunmuş
kitablarımızın dili yoxlanılır və nadir hallarda
kiçik redaktlər edilirdi. Mənim ingilis dilinə
kitabımı Ron Margulies tərcümə edib. Holland
dilinə isə bu dili çox gözəl bilən türk
qardaşımız Erhan Gürer çevirib. Bu kitabların
tərcümələri haqqında mütəxəssisslər yüksək
rəylər söylədilər. Orasını da qeyd edim ki,
onlar mənim böyük zallarda oxuyacağım şeirləri
əvvəlcədən holland və ingilis dillərinə
çevirmişdilər və artıq mən gedənə kimi
kitablarım da çap olunmuşdu. Holland və İngilis
dillərini çox gözəl bilən Nuri adında bir türk
mənim danışdıqlarımı onların dilinə çevirirdi.
Elə getdiyimiz günü saat 20.00- da dünyanın
müxtəlif ölkələrindən gəlmiş 23 nəfər şairin söz
haqqında çıxışı oldu. Mən ilk görüşdə 5 seir
oxudum, şeirlər sinxron olaraq ekranda ingilis
və holland dillərinə tərcümə olunurdu. Güman
etdiyimə görə, şeirlərim diqqət çəkmişdi. Bunu
çin şairi Yi Shanın şəadət barmağını şax
tutmasından, Anqola şairi Ruy Diartle
Carvaihonun kürəyimə vurmasından və Amerika
şairi Arthur Szenin boynumu qucaqlayıb
“Azerbaidjan” deməsindən, həm də tərcüməçim
Nurinin dediklərindən anlayırdım. Sonra mənimlə
olan görüşlərin biri müsahibə şəklində oldu.
Zalda çoxlu adam var idi. Biz səhnədə
oturmuşduq; mən, aparıcı və Nuri. Suallardan
görürdüm ki, bunlar 3 dildə olan internet
saytımdan məni çox ətraflı öyrəniblər. Çünki
sualların çoxu həyatımın 90-cı illəri ilə bağlı
idi. Sonra aparıcı mənə ümumqafqaz ədəbiyyatının
yaradılması zəruriliyindən danışdı. Şübhəsiz mən
də dedim ki, ədəbiyyat heç bir coğrafiyaya sığa
bilməz. Ədəbiyyat dünya üçündü və mən dil
bilmədiyimizdən Monna ilə əllərimizi yağışın
altına tutub necə “danışmağımızı” söylədim.
Zalda çox səmimi bir gülüşmə oldu. Dedim ki, ilk
dəfədir yurd dışına çıxıram. O da dedi ki, sən
fiziki mənada indi çıxsan da, beynin,
təfəkkürün, şeirin çoxdan yurd dışına çıxmışdı.
İyun ayının 21-də axşam saat 9. 00-da böyük
zalda mənim, erməni şairəsi Chouchanik
Thamrazianin, gürcü şairi Shota Lataşvilinin,
Misir şairəsi Fatma Nootun çıxışları oldu.
Tədbirdə Gürcüstanın, Ermənistanın, Azərbaycanın
Hollandiyadakı səfirləri iştirak edirdi.
Azərbaycanın Hollandiyadakı səfiri Fuad
İsgəndərov məni bir gün əvvəl Amsterdam
şəhərindəki iqamətgahında qəbil etmişdi. Şeirlər
oxundu. Mən öz ana dilimdə 15 şeir oxudum.
Şeirin ikisi Qarabağ faciəsinə aid idi. Seirin
mərkəzində insan dayanırdı, ekranda şeirlərimə
uyğun şəkillər, məsələn, neft buruqları, milli
bayrağımız, Bakının tarixi keçmişi, o cümlədən,
mənim uşaqlıq və gənclik şəkillərim, Xocalı
faciəsinin görüntüləri, tank şəkilləri, tankın
lüləsindən asılmış uşaq yelləncəyi, tankın
lüləsində quş yuvaları və çiçəklər şeirlərlə
birləşərək bir ədəbi-bədii kompazisiya
yaradırdı. Fransa şairi Yves Bonnefov və Belçika
şairi Andre Schmitz erməni şairəsinin xüsusi
dəstəkləmək istəyirdilər, mənə deyirdilər ki,
onlar zala artıq adam yığırlar, hələ erməni
qızına bir az da çox vaxt almağa nail olublar.
Ama ona artıq ayrılmış vaxt əvvəlcədən qurulmuş
tərcümə sistemləri ilə düz gəlmədi, erməni şairi
çaşdı və hər şey tamamlanmamış qaldı. Burada da
erməni hiyləsi yenə özünə mane oldu. Mənim orada
oxuduğum şeirlər haqqında bir holland qadını
səhnəyə çıxıb öz fikirlərini söylədi. O dedi ki,
bu cür düyğularla yaşayan xalq xoşbəxtdi, bu cür
düşünən xalq işğalçı ola bilməz. Sizin hər bir
şeiriniz bir lövhədir, siz həm də rəssamsınız.
- Orada yaşayan azərbaycanlılar sizə dəstək
ola bildilərmi?
- Hollandiyada çox sayda azərbaycanlı yaşayır.
Onlar bir diaspor təşkilatı ətrafında sıx
birləşiblər. Təşkilatın sədri Sahil Qasımov
Azərbaycanı ürəkdən sevən bir insandır. Qurum öz
ətrafında İsveçrədə və Almaniyada yaşayan bir
çox azərbaycanlıları da birləşdirir. Mənim
görüşümə çox sayda soydaşlarımız, hətta Almaniya
və İsveçrədən azərbaycanlılar, bu ölkələrdə
yaşayan türklər, türkmən dərnəklərinin üzvləri
də gəlmişdilər.
- Bu festival sənə nə verdi?
- Mənə yox, bizə nə verdi? Mən bunu təkcə özümün
yox, həm də çağdaş ədəbiyyatımızın uğuru hesab
edirəm. Orada mən olmaya bilərdim, bir başqası
da olsa, eyni dərəcədə sevinərdim, mən təkcə
özümü yox, ədəbiyyatımızı təmsil edirəm. Demək,
hollandların və 22 ölkədən gələn şairin
Azərbaycan ədəbiyyatından xəbərdar olması və bu
məlumatları öz ölkələrində yayması
ədəbiyyatımızın ən böyük uğurudur. Gələcək
festivallara Azərbaycan şairləri üçün yollar
açıldı. Mənim isə bu ilin sonuna və gələn ilin
əvvəlinə kimi Amerikada, Misirdə, İspaniyada,
Çində kitablarım çıxacaq, bundan sonra şair
dostlarım məni öz ölkələrinə dəvət edəcəklər.
- Hollandiyada kitaba maraq necədir?
- Çox böyük maraq var. Onların kitabxanalarında
növbə gördüm. İngilis dilində çap olunmuş
kitabımdan , biri 20 avroya olmaqla, qısa
müddətdə çoxlu kitabımın satılması faktı da
onların kitaba, ədəbiyyata marağından xəbər
verir. Poeziya gecələrində zal ağzına kimi dolu
olardı, görüş bitməmiş heç kəs zalı tərk
etməzdi. Tədbir televiziyada göstərilirdi, amma
insanlar şairi canlı görmək istəyirdilər.
- Bu səfərdə yadında qalan hansısa maraqlı
hadisə baş verdimi?
- Hə, oldu. Şəhərin küçələrinə bizim iri
plakatlarımız vurulmuşdu. Hərədən bir neçə dənə.
Ən maraqlı mənim şəklim idi, şeir dediyim yerdə
çəkilmişdi. Onlarınkı portret idi. Xəyalımda
dolandırırdım ki, bu şəkli Bakıya aparıb Natəvan
klubundan asacağam və festivalla bağlı konfrans
çağıracağam. Səhəri gəzəcəkdik, gecə saat 4-də
Misir şairəsi Fatmaya dedim ki, gedək mənim
şəklimin birini qopardaq. Getdik, qopartdıq. Mən
o şəkli əzilməsin deyə büküb əlimdə gətirirdim
Bakıya. Təəssüflər olsun ki, o şəkli Moskvada
itirdim. Çaşıb pivə içdiyim stolun üstə
qoymuşdum. Bakıya çatanda baxıb gördüm ki, şəkil
qoltuğumda yoxdur. Hələ də yanıram, elə şəkli
Bakıda əldə etmək çox çətindi.
- Şair dostlarınızdan necə ayrıldınız?
- Ağlayanlar da oldu. Söz verdik ki, hansı
ölkədəsə ildə bir dəfə görüşək. Bir-birimizə
kömək olaq, ədəbiyyatlarımızı qovuşduraq. Sonra
Jonrita Monna məni Amsterdama gətirdi. Təyyarə
limanına girməmişdən qabaq söhbət eləmək
istədik. O əllərini havaya qaldırdı, mən də...
xeyli söhbət etdik. Amma yağış yağmırdı...
Müsahibəni apardı: Zahir Əzəmət
***
Məhəbbət eqoizm və intriqa
mənbəyidir.
Qəşəm Nəcəfzadə Azərbaycan Yazıçılar Birliyinin
İdarə heyətinin üzvü, Uşaq Ədəbiyyatı
Seksiyasının rəhbəri,“Azərbaycan” jurnalının
poeziya şöbəsinin müdiridir. 80-cı illərdə
ədəbiyyata gəlib. İndiyə kimi şairin 15 şeir
kitabı nəşr olunub. Şeirləri rus, ingilis, alman,
gürcü, özbək, polyak və başqa dillərə tərcümə
edilib. Şair beynəlxalq şeir müsabiqəsində qalib
gələrək bu il Avropanin ən böyük şeir bayramına,
Hollandiyada keçiriləcək 38-ci Beynəlxalq
Poeziya Festivalına dəvət alıb. Xatırladırıq ki,
bu festival 1970-ci ildən keçirilir və Qəşəm
Nəcəfzadə bu festivalda iştirak edən ilk
Azərbaycan şairidir. Çoxdan tanıdığım
yaradıcılığı ədəbi prosesdə mübahisələrlə dolu
olan Qəşəm Nəcəfzadə ilə hal-əhval tutub xeyli
səhbətləşdik.
-Qəşəm Nəcəfzadə kimdir və hansı məqamlara görə
şeir yazır?
-Mənə elə gəlir ki, biz özümüzü fiziki mənada
tanıyırıq: Mən Nəcəfzadə Qəşəm Mirzə öğlu, ailəm,
uşaqlarım, iş yerim və sairə. Hə, bu mənəm. Amma
mənəvi mənada, ədəbi-bədii və məqam mənasında
mən özümü tanıya bilmirəm, böyük Füzuli demişkən
“Heyran olduğundandır ki, heyran olduğun bilməz”
və mən deyərdim ki, şeir yazmaq elə özümü
tanımaq cəhdlərimdi. Hər şeirlə, hər sözlə özümü
tapmağa və tanımağa doğru irəliləyirəm. Hamı
özünü yaxşı adam blir, hələ özünü pis adam
bilənə rast gəlməmişəm, əgər belədirsə, demək,
heç kəs özünü tanımır. Məsələn, dəniz bilirmi ki,
ö dənizdir? Amma biz dənizi yaxşı tanıyırıq,
onun kimyəvi və bioloyi tərkibini yaxşı bilirik,
haqqinda məqalələr, kitablar yazırıq. Elə insan
da belədir. Nəsimini öyrənirik, təhlil edirik.
Məncə, Nəsimi özünü bu qədər tanıya bilməzdi.
Yəni o mənadakı Nəsimi hansı gücün daşıyıcısıdır,
bunu bilirdi, amma onu hərəkətə gətirən
enerjinin mənbəyini bilmirdi. Bir şeirimdə
dediyim kimi “ Yarpaq bilmir ki, onu açan vaxt
özü yıxdı” Ürək bilirmi ki, onu döyündürən nədir?
Əsla bilmir. Amma tibb elmi bunun səbəbini bilir.
Buna rəğmən, sən məni daha yaxşı tanıyırsan,
nəinki mən özümü. Qəhrəman bilmir qəhrəmanlıq
elədiyini, sanki adi bir iş görür, ancaq biz
bunun qəhrəmanlıq olduğunu bilirik. Gəl belə
danışaq, indi biz burada söhbət edirik. Birdən
yanımıza bir qumbara düşsə, onda biz nə edərik.
Bax, elə sən, nə edərsən? Biz bunu bilə bilmərik.
Bunu bilməyi bizə icazə verməyiblər. Nə
edəcəyimiz qəflətən doğulacaq. Fizuli “Leyli Və
Məcnun” poemasının dibaçəsində deyir ki, “ Allah
əşyalarda çox sirləri əyan eləyib, amma onların
yerini bilməyi bizə nihan eləyib, kələfin ucunu
gizlədibdi” yəni biz bura qədər bilməyə icazə
verilib, daha artıq bilməyə ixtiyarimiz yoxdur.
Həyatin, yaşamağın, ölümün fəlsəfəsi də elə
budur. Demək, qəhrəmanlıq da doğulur. Bizim
mühütin ən istedadlı gənc şairi kimdi, bəlkə o
bizimlə yanaşı yeriyir, çay içir, bəlkə də biz
ona əhəmiyyət vermirik. Elə bəlkə mən özüm onu
“Azərbaycan” jurnalında çap eləmirəm- onu da
deyim ki, bu sahədə çox diqqətliyəm, deyirəm
birdən istedadlı bir adama qarşı ədalətsizlik
etmiş olaram- və yaxud bəlkə də o bu saat zəif
yazır, hələ diqqət cəlb eləmir və s. Sən gəncsən,
yadına gəlməz 80-ci illərdə elə gözəl şeir
yazanlar var idi, sonra onlar yazmadılar və
yaxyd əksinə. Zəif yazanlar püxtələşib
ədəbiyyatda qaldılar. Müğənnilikdə bu daha
qabarıqdı, uşaqlıqda bəzən çox gözəl səsi
olanlar, boyüyəndə səsləri batır. Ümumiyyətlə,
istedadı tanımaq çətindi. Amma 40 yaşı ki,
kecdin, ikinci nəfəs deyilən bir şey açıldı,
onda yüz faiz inanmaq olar ki, o əsl sənət
adamıdı. Gənclik həvəsi də ötüb keçir, ailə
problemləri, iqtisadi, fiziki, mənəvi
cətinliklər səni qələmdən ayıra bilmir. İndi
Oktay, mən 40 yaşımı keçmişəm, nə yazdıqlarımı
və hansı məqamda olmağımı sizlər daha yaxşı
bilərsiniz. Bir şey bilirəm, mən çox ağrılı
adamam, ağrıyan canım deyil, ruhumdu. Əli Kərim
demiş: “Həyatım ağrıyır”, ruhum inciyir. Bu da
nədəndi? Məncə, ruhum qopub gəldiyi yerə
qayıtmaq istəyir. Mənim özümdən asılı olmayaraq,
bütün çəhdlərim, şeir yazmağım, sevməyim və
kamilləşməyim də qopub gəldiyim yerə qayıtmaq
ücündü. Mən bunu Məcnundan öyrəndim. Fizuli
deyir ki, Məcnun Allahdan- Haqdan qopub tələyə-
dünyaya düşdü. Məhz Məcnun doğulanda ona görə
ağlamışdı. İndi Məcnunun, elə Şeyx Sənanın da
əsas məqsədi- əslində ruhun məqsədi sevərək,
kamilləşərək qopub fəldiyi haqqa qovuşmaqdı.
Mənim də ruhumin əsas çırpıntıları bundan
ibarətdi.
-Şeir ideologiya, yoxsa potensial poeziya?
-Mənim ücün poeziya insan haqqında, ölüm, dünya,
Allah, sevgi, həyat haqqında informasiyadır. Bu
ədəbi-bədii xəbərlər toplusu insan beyninə
kodlaşdırilib, biz hər gözəl bir şeirlə bir sirr
açırıq. Amma Allah sirlərin birini həmişə gizli
saxlayıb.
Əgər fikir vermisənsə şair öz şeirini deməyə
başlayanda bir “Deyir” sözü ilə başlayır. Həmişə
fikirləşmişəm ki, bu “Deyir” sözü nə deyən sözdü
görəsən? Sən demə, bu, şeri bizə pıçıldayandır.
Yəni biz onun dediyini deyirik. Şeir
ideologiyaya xidmət etməməlidir. Şeir dünyadan,
gizlinlərdən, bizə ötürülən xəbərlərdi. Bəzən
görürsən ki, elə şeir olur hec başa düşmürəm,
amma mənə xoş gəlir. Ərəb dilini bilmirəm, amma
bu dildə söylənilən hədislər, əhvalatlar və
yaxud əzan səsi ruhumu sakitləşdirir. Bir də
görürsən ki, heç tanış olmayan bir insanın
sifəti sənə o qədər xoş gəlir ki, uzun müddət
ondan gözlərini çəkə bilmirsən. Demək, burda bir
sirr var. Bax, poeziya bu sirr haqqındadı.
Dünyanın hər yerində insanlar eyni cür sevir,
eyni cür ağlayır və eyni cür də ölürlər. Məgər
bu orjinal həyat hadisələrinə ideologiyanı
sırımaqmı lazımdır. Şeir həm də həyatın üzünü
köçürməkdi. Türk şairi İsmayıl Uyaroğlunun bir
şeirində olduğu kimi:
Hər silah bir səslə partlar
Tapança: dann
Tüfəng: bumm
Top: gumm
Bomba: bomm…
Amma öldürdükləri körpələr
Harasında olursa dünyanın
Eyni ağrıyla bağırar:
-Ah
-Eşitdiyimizə görə Hollandiyada keçiriləcək
Avropanın ən böyük poeziya festivalına dəvət
almısınız… Bu haqda məlumat verərdiniz, zəhmət
olmasa.
- Mən bu il iyunun 16- da Hollandiyanın
Rotderdam şəhərində keçiriləcək 38-ci Beynəlxalq
Poeziya Festivalında iştirak etmək üçün həmin
ölkəyə dəvət almışam. Bu, Avropada iki ən böyük
festivaldan birinicisi, Hollandayada isə ildə
bir dəfə kecirilən yeganə ən böyük poeziya
festivalıdır. Bu tədbir 1970-ci ildən bu günə
kimi keçirilir, bu illər ərzində mən orada
iştirak edən birinci Azərbaycan şairiyəm. Seçim
mərhələsində demək olar ki, dünyadan 23 şair
seçilib. Burada Amerika, İspaniya, Fransa,
Yaponiyo, Rusiya, İrak, Çin, Anqola, Ermənistan,
Gürcüstan, Estoniya, Misir və başqa ölkələrdən
tanınmış şairlər iştirak edir. Festivalda əsas
məqsəd dünya şairlərini bir –birinə tanıtmaqdır.
Artıq bizlər bir-birimizi tanıyırıq, indidən
məktublaşırıq. Bilirsiniz ki, mənim üc dildə,
Azərbaycan, ingilis, rus dillərində yayımlanan
internet saytım (www.qeshemnecefzade.net) var.
Onlar həm bu saytdan, həm də məktub vasitəsilə
ingilis dilində göndərdiyim şeirlərdən mənim
yaradıcılığımla artıq tanışdılar. Bu qiyabi
tanışlıqdan sonra onların çoxu məni öz
ölkələrinə dəvət etməyi vəd edib. Onu da qeyd
edim ki, hər gün 800 nəfər tutan şəhər teatrında
Avropanın müxtəlif ölkələrindən gəlmiş
insanlarla görüşlərimiz olacaq, burada şeir
oxuyacağiq, radio və televiziya ilə çıxişlarımız
olacaq, digər Avrapo ölkələrindən dəvət olunmuş
qəzet və jurnal redaktorları, jurnalistlər
festivalin işini öz ölkələrində mütamadi olaraq
işıqlandıracaq, şeirlərimizi müsahibələrimizi,
öz qəzet və yurnallarında dərc edəcəklər.
Yazdıqlarına görə bizə yüksək mükafat da
verecəklər, ingilis və holland dillərində
kitabçalarımız nəşr olunacaq.
-Siz şeirlərinizi hansı dildə oxuyacaqsınız?
-Ana dilimizdə 15 şeir oxuyacağam. Amma İngilis
və Holland dillərində həmin şeirlər ekranda həm
sinxron, həm də səsli tərcümə olunacaq.
-”Xocalı mövsümü Fevral” şeiriniz həqiqətən
böyük reaksiya döğurmuşdu. Orada bir uşaq obrazı
var idi…
-Xocalı faciəsi ilə bağl silsilə şeirlərim var,
onlardan biri də “Xocalı mövsümü fevral”
şeiridir. Adından göründüyü kimi bu Xocalı
faciəsinə son 10 ildə tam fərqli baxış idi.
Ümümiyyətlə, mən həmişə həyatın, hadisələrin
görünməyən tərəflərini yazıram, bu şeirdə də
belədi. Mənə elə gəlir ki, həmişə fevral ayı
üşüyür. Fevral ayı daha lentlərdə qalıb, Xocalı
faciəsinin faciəsi burasındadı ki, bu lentlər də
adiləşib. Hər il Xocalı faciəsinin ad günündə (
Məhz ad günündə) meydlərin təpə döşündə
mənzərəsi televiziya ilə göstəriləndə bir uşaq
meyidi və ondan 1 addım kənara düşmüş potu (rezin
ayaqqabı) ekranda cox geniş planda göstərilir və
bu da həmişə məni həyacanlandırıb. Potu kənd
uşaqları ücün həyatdı, suya, palcığa girmək ücün
cöx əla imkandı. İndi o potu mənim ücün kənddi.
Mən bilirəm o uşaq o potunu necə sevirdi. Qaldı
ki, o uşaq obrazına və ümümi mənzərəyə, mənə elə
gılir ki, uşaqlar həmişə böyükləri yamsılayırlar.
Və o dəhşətli axşam, 26 fevral gecəsi uşaqlar
xilas olmaq üçün böyükləri yamsılayıblar;
böyüklər artıq güllələnib və uşaqlar elə
bilirlər ki, boyüklər ölməyiblər, sadəcə
mütəkkəyə dirsəklənən kimi təpələrə söykəniblər,
ona görə də uşaqlar ata-analarına baxıb onlar da
təpəyə dirsəkləniblər. Bir növ onları
yamsılayıblar. Halbuki bu “Uşaq oyunu” ölümün ən
dəhşətli mənzərəsidir. Aqşin bu şeir haqqında nə
yazıb bilmirəm, amma Qulu Ağsəs şeirdəki o potu
haqqında AYB Natəvan klubunda, Xocalının il
dönümündə xeylü danışdı. Bu şeir sujetli şerdi.
Söhbət əvvəldan- axıra Xocalı faciəsi ilə bağlı
26 fevral günü televiziya ilə gostərilən lentdən
gedir və şeir aşağıdakı sonluqla bitir:
Fırlat qardaş
Onsuzda işin bu lenti fırlatmaqdı
Allah gələn iləcən sənə ömür versin
Çünki sən bilirsən bu lentin yerini…
-Əli Kərimdən üzü bəri nə dəyişib şeirimizdə?
Əli Kərim 60 –cı illərdə ədəbiyyata gəldi və
şeirin yeni mərhələsini yaratdı. Qabaq
ədəbiyyatda qeyri -adi poetik fikirlər hökmran
idisə, Əli Kərim adılikdə qeyri-adilik yaratdı.
Əli Kərim Moskvada təhsil almışdı, bu şerlərdəkı
hava rus şeirindən, xüsusən qərb şeirindən
gəlirdi, sadəcə gəlmirdi Əli Kərim onu öz poetik
ruhundan keçirib övladlığa götürüb
milliləşdirirdi. Əli Kərimin ən çox sevdiyi şair
böyük türk şairi Orxan Vəli olub, hətta Əli
Kərim kiçik oğlunun adını da Orxan qoyub. Çox
qəribədir ki, Əli Kərimin üslubu türk şeirindən
çox uzaqdı. Əli Kərim şerinin davamçı kimi, mən
deyərdim bir qolu kimi İsa İsmayılzadə, Ələkbər
Salahzadə, Camal Yusifzadə gəldi ədəbiyyata.
Sonrakı illərdə Sabir Rüstəmxanlı, Çingiz
Əlioğlu, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Vaqif
Bayatlı Odər, Seyran Saxavət, Vaqif Bəhmənli,
Nüsrət Kəsəmənli ədəbiyyatımıza türkçülük
ideyalarını və nəfəsini şeirimizdə daha da
gücləndirdilər. 80-cı illərin əvvəllərindən
başlayaraq, müstəqillik, türkçülük, islamçılıq
bir az da irəli getsək, türançılıq ideyaları bir
başa ədəbiyyatımızın əsas ideya məqsıdinə
çevrildi. 90-cı illərdə müstəqillik dövrünün həm
şeiri, həm nəsri, həm də ədəbi tənqidi yarandı.
Qabaqkı mərhələdən fərqli olaraq şeirimizdə
ironik (ölümə ironiya) baxış meydana çıxdı. Bir
qədər sözün obrazlılığı moddan düşdü. Real
həyati gerçəklik, modernizm, postmodernizm
cəryanlarının nümayəndələri gəldi ədəbiyyata.
Erotik şeirlər yazıldı. Həmçinin surealizm,
metafizik, ürfani qatlarda də ədəbi nümunələr
yaradıldı. Folklora, Dədə Qorqud dilinə, türk
şeirinə ədəbiyyatımız yenidən üz tutdu. Heca
şeiri bir qədər zəiflədi. Sərbəst, epik şeirlər
meydan suladı. Bir sözlə, qərb dəyərləri şərqi
üstələdi. Bütün bunlar daxili sərbəstliyin
təzahürü kimi meydana çıxdı. Əli Kərimdən sonra
ədəbiyyatımızda bu cür müsbət dəyişikliklər baş
verdi.
-Sizə nədənsə ədəbi mühütdə münasibət bir mənalı
deyil… Nədən qaynaqlanır bu?
-Mən təkəm, güclüyəm ona görə. Özümə dəstə
tutmamışam ona görə. İçki içməmişəm, siqaret
çəkməmişəm, saqqal saxlamamışam ona görə,
müəlliməm ona görə, heç kəsi təhqir etməmişəm
ona görə. Mən həmişə bu anormal mühitdə
əxlaqımın əzabını çəkmişəm. Bilirsən, Oktay,
indiki ədəbi mühit üçün pəncərənin şüşəsini
sındıran maraqlıdı, daha o pəncərə şüşəsinin
sınmağa qoymayan yox. Özün bilirsən ki, mən
həmişə gəncliyin yanında olmuşam. Tanıdığın
istedadlı gəncliyin əksəriyyəti mənim rəhbərlik
etdiyim “Pərvanə”dən cıxıb. Zahir Əzəmət (Onda o
Mingəçevirdə oxuyurdu), Aqşin, Samir Sədaqətoğlu,
Sevinc Pərvanə, Həyat Şəmi, Rəsmiyyə Sabir,
Məlahət Yusifqızı, Mina Rəşid, Şəfəq Sahibli,
Narıngül, Yafəs, Fərqanə Mehdiyeva, Ələmdar
Cabbarlı, Sərvaz Hüseynoğlu, rəhmətlik Böyükxan
Pərviz, Faiq Balabəyli, İlqar Fəhmi, Ay Nur,
Xatirə, Aliyə, Sevinc Nuruqızı, Dayandur Sevgin,
Sevinc Çılğın və neçə-neçə başqa istedadlı
gənclər “Pərvanə”dən parvazlandılar. Məclisə
tez-tez Ədalət Əsgəroğlu, Əsəd Cahangir, Mübariz
Məsimoğlu, İlham Qəhrəman, Şərif Ağayar, Aygün
Həsənoğlu, Xanəmir, Tehran Alışanoğlu, Səlim
Babullaoğlu, Paşa Qəlbinur, Nəriman Həsənzadə,
Aqil Abbas və başqaları gəlib yeni yazılarını
oxuyardılar və oxunan yazıya, müasir ədəbi
prosesə öz fikirlərini bildirərdilər. Onda hələ
“Alatoran” yox idi. Bu saydığım imzalar indi
çağdaş ədəbiyyatımızın istedadlı nümayəndələridi.
O vaxt “Pərvanə” şeirə yeni nəfəs gətirən Bakıda
yeganə gur məçlis idi. İndi bəziləri bunu dansa
da qətiyyən pis olmuram. Vaxt gələcək hər şey öz
yerini tutacaq. Sonralar yeni ədəbi qruplar,
“Nəfəs” yarandı, mən də bu yenu nəfəsi ürəkdən
alqışladım, sonra isə “Alatoran” doğuldu, mən
buna da çox sevindim. Sonra pərvanəçilərin çoxu
getdi “Alatoran”a. Bu təbiidir, hər şey dəyişir,
inkişaf edir. Heç kəsi qınamaq olmaz. Amma heç
kəsi danmaq da olmaz, yeni ədəbi nəslin
formalaşmasında “Pərvanə”nin rolu böyük idi.
Qaldıki sualına, mənə münasibətə bu, bir-iki
nəfərin öyrətməsi idi. Məncə, indi vəziyyət
yaxşıdı, çoxları günahlarını etiraf etdi…
-Bir şeirinizdə deyirsiniz “Məhəbbət eqoizm və
intriqa mənbəyidir” Doğrudan belədir, yoxsa…
-İndiki zamanda məhəbbətdən danışmaq gülməlidi…Məhəbbət
həmişə evə dava salıb. Çünki böyük məhəbbətlə
sevən kəs eyni dərəcədə də öz haqqını istəyir.
Qarşısındakında da bu, yoxdur. Çünki Allah-Təala
iki sevənin birini həmişə zəif yaradır; ya qızı,
ya oğlanı. Sevməyəni sevənə tapşırır və ya
əksinə. Baxır hansı ağıllıdır? Hökmən, sevgi
olan yerdə dava düşməlidir. Çünki məhəbbət “Mən”
deməkdir, “mən” olan yerdə ikinci “mən” yoxdur.
Məhəbbət başqa birisinin etibarının yoxa
çıxmasının subutudur. Məhəbbət birinin başqa
birisinin üzərində qələbəsidir. Ailələri
məhəbbət dağıtdığını bir dəfəlik anla və başa
düş. Məhəbbət yoxluğun isbatıdır. Məhəbbət
təzyiqdir. Normal iqtisadi maraqlar üzərində
qurulan münasibbət, yalnız və yalnız sözdən
ibarət olan məhəbbətdən bəzən çox etibarlıdır.
Qarışılıqlı anlaşılma, dünyaya az sayda uşaq
gətirmək ( uzağı üç), boş-boş sözlərdənsə yaxşı
pul qazanmaq, yaxşı geymək və normal qidalanmaq,
bir-birinin qədrini bilmək, sevgidən başqa hər
şeydən danışmaq indiki həyatımızın əsas
mayasıdır. Hardasa bir nəfər sevən qalıbsa,
yəqinki mənimlə razılaşmayacaq. Amma bir az
gözləsin, söz mən deyəndi…
-Fikir deyə- deyə şeir yazmaq ənənəsi haradan
gəldi sizə?
-Mən 1978-ci ildən, birinci kursdan oxuyan
vaxtdan elə indiki yazdığım üslübda yazmışam,
indi ona doxsanıncı illərin şeiri deyirsiniz.
Mən o vaxt belə yazırdım. 1978-ci ildə yazdığım,
lakin cap etdirə bilmədiyim şeirlətdən bəzi
misraları deyirəm sizə.
Ay kiş döymə arvadını
Ay əllərin qurusun
heç bilirsən onu kim sevirdi?
***
Qucaqlamadım səni
Qucağım öldü acından.
***
Sentiyabr ayı doludur sənlə!
***
Qulaqlarımı tor kimi
Atmışam sukuta
Səs tuturam sukutdan.
***
Ay məni qəbrimdə
Gəzən qarışqa,
Sənə qan qalmadı
Məni bağışla! Və sair.
Bu kimi şeirləri mən 1-ci kursda yazırdım. Bu da
1978-ci ilə təsadüf edir. Forma və təfəkkür
baxımından bu şeirlər o dövr üçün maraqlı idi.
Amma məni görünməyə qoymadılar. Səmimi deyirəm,
80-ci illərin əvvəllərində 90-cı illərin
havasını öz yaradıcılığında hiss eləyən 80-cı
illər nəslinin bəlkə də birincisiyəm.“Ulduz”
jurnalının poeziya şöbəsiniun redaktoru Vaqif
Bayatlı məni o vaxt çap eləmədi. Həmişə
şeirlərimi bəyəndi, amma nə olsun nəticə olmadı.
İndi bəziləri kimi mən də acığa düşüb Vaqifi
inkar eləmədim. Adamın başının üstə Allah var,
Vaqif yaxşı şairdi. Nə olsun ki, məni çap etmədi.
Allah rəhmət eləsin İsa İsmayilzadəyə, ən çox
sevdiyim şairdi, o da məni “Azərbaycan”
jurnalinda çap eləmədi, bəyənirdi, amma
şeirlərim nömrədən-nömrəyə qalırdı, axırda da
itirdi. Amma o bir şair kimi mənim gözümdən heç
vaxt düşmədi. Onun “Ulduzların ad günü” kitabı
var, ilk kitabıdı, 1967-ci ildə şap olunub.
Bugünki gənc nəslin həmin kitabdan xəbəri yoxdur,
həmin kitabı bir-bir hamıya oxutdurdum, sonra
həmin kitabdakı şeirlərin hamsını “Ədalət”
qəzetində çap etdirdim. Cünki bizdən ayrı
düşənlərə bu ehtiram borcumuzdur. Mənim əxlaqım
belədir. Ədəbi mübarizənin ən yaxşı yolu başını
aşağı salıb öz işinlə məşğul olmaqdı.
-Konkret olaraq bir sual verim: kim sədr olacaq
AYB-yə? Və ümumiyyətlə, AYB deyilən Bir qurum
lazımdırmı?
-Qurultay olmamış mən nə deyə bilərəm? Bu
məsələlər qurultayda həll olunur. Ötən qutultay
ərəfəsində də bu cür məsələlər var idi. Qəzetlər
gündə bir namizəd adı yazırdılar. Və yaxud bir
qrup yazıçı hər gün, hər saat bir mamizəd adı
çəkirdi, amma qurultayda, həlledici məqamda heç
birindən səs çıxmadı, Biz Anarı istəyirdik, onu
da seçdik. Şəxsən mən kimi istəsəydim onun da
namizədliyini verərdim. Mənim üçün Ən layiqli
namizəd Anar idi…İndi də qurultay olsun,
inşallah, görərik. Məncə, hələ vaxta var. Qaldı
ki, AYB lazımdırmı sualına, niyə də lazım
olmasın. Ədəbi orqanlar “Azərbaycan”, “Ulduz”,
“Literaturnıy Azərbaycan”, ”Qobustan,””Ədəbiyyat
qəzeti” çap olunursa, burda da xeyli yazıçı
işləyirsə və bu orqanlarda hər il yazıçılar çap
olunub qonoror alırsa, AYB aparatında da xeyli
yazıçı- şair çalışıb əməkhaqqı alırsa bunun nəyi
pisdi ki? Bu, kimin yerini dar eləyir bilmirəm.
Hələ bir- ikisini də yenidən yaratmaq lazımdı.
-Sonda “Bizimki” haqqında nə düşünürsünüz?
- Azərbaycan ədəbiyyatında “Bizimki”nin xüsusi
yeri var. İstedadlı gənçlərin üzə çıxmasında bu
internet jurnalı mühüm rol oynayıb. Bu əsl
qəhrəmanlıqdır. Bu işdə Həbib bəyin, redaksiya
üzvlərinin, sizin zəhmətiniz böyükdü. Bu jurnal
haqqında Anar müəllimə də, AYB də hər kəsə
demişəm, televiziyadakı çıxışlarımda da bu haqda
danışmışam, harda ədəbiyyat söhbəti varsa, orda
“Bizimki” dən danışıram. Bu sizin haqqınızdı.
Sizə, “Bizimki”yə yeni-yeni uğurlar arzu edirəm.
Oqtay Hacımusalı
Bizimki İnternet jurnalı
15 May 2007
***
MODERN ŞAİRLƏR BİR ARAYA
GƏLƏCƏKLƏR
Qəşəm Nəcəfzadə beynəlxalq poeziya festivalında
20 Yanvar, Xocalı hadisələrindən bəhs edəcək
Xəbər verdiyimiz kimi, 40-a yaxın Azərbaycan
şairi şeirlərini iyunun 16-dan 23-dək
Hollandiyada keçiriləcək 38-ci Beynəlxalq
Poeziya Festivalına göndərib. Onlardan biri - "Azərbaycan"
jurnalının poeziya bölməsinin müdiri, Yazıçılar
Birliyi idarə heyətinin üzvü, 13 kitab müəllifi
Qəşəm Nəcəfzadə festivala ingilis və rus
dillərində müxtəlif mövzulu şeirlərini təqdim
edib.
Onun sözlərinə görə, bu festival 1970-ci ildən
keçirilir və hər il burada dünyanın 20-dən artıq
ölkəsindən yüzlərlə şair iştirak edir: "Məqsəd
ayrı-ayrı dillərdə yazıb-yaradan poeziya
ustalarının yaradıcılığının beynəlxalq aləmə
inteqrasiyası, çağdaş dünyanın modern
şairlərinin bir araya gəlməsidir".
Qeyd edək ki, Rotterdam şəhərində 800-dən çox
iştirakçının qatılacağı bu festivala həmyerlimiz
özünün Xocalı, 20 Yanvar hadisələri ilə bağlı
yazdığı əsərlərlə yanaşı, faciələrimizi əks
etdirən fotoslaydlar, bukletlər, Qarabağ
münaqişəsinə dair çoxlu kitablar aparacaq.
İştirakçıların Hollandiya televiziyası və
radiosu vasitəsi ilə çıxış edəcəyi də gözlənilir.
Xatırladaq ki, poeziya festivalında Azərbaycanla
yanaşı ABŞ, İspaniya, Fransa, Almaniya, Yaponiya,
Çin, Misir, Niderland, Rusiya və Gürcüstandan
olan şair və yazıçılar iştirak edəcəklər.
ZƏMİNƏ “Ayna” qəzeti
02 May 2007
***
Qəşəm Nəcəfzadə: İçimdə bütöv
bir kənd var.
- Siz özünüzü məşhur hesab edirsinizmi?
-Əsla. Mən özümü məşhur hesab etmirəm. Nə
etmişəm məşhur olum. Bir də ki, şair məşhur
olmaz, müğənni, artist məşhur olar. Çox istərdim
şeirim məşhur olsun, ancaq bu mənim
yaradıcılığımın qismətinə düşmədi. Oxucum bilsin
ki, mən nə yazıram, nədən yazıram, bu mənim
bəsimdir. Mən yeni quruluşla ayaqlaşa bilmirəm,
kapitalist münasibətləri mənim məşhurlaşmağıma,
ümumiyyətlə, ədəbiyyatın inkişafına mane olur.
Ancaq hər halda müstəqil bir ölkənin vətəndaşı
olmağım da yetər mənə.
-Nə vaxt şeir yazırsınız: İlhamınız gələndə, ya
yazmalı olduğunuzu anlayanda?
-İlham məsələsinə inanmıram. Şair kağız-qələmi
əlinə götürəndə ilhama gəlir. Avtobusda, qatarda,
tarlada da ilham gələr? Bir də həyat təcrübəm də
mənə şeir yazmaqda kömək edir, həyatda
gördüklərimi qələmə alıram. Fikri duyub
özümünküləşdirirəm, təcrübəm, təfəkkürüm imkan
verir ki, yaradıcılıqla məşğul olum. Şeir
yazmağı daha çox riyaziyyatla əlaqələndirirəm.
Sizə bir əhvalat danışım: metronun Bakı Soveti
stansiyasının qarşısında qəflətən bir kişi
yıxıldı və elə o an da keçindi. Ayaqqabıları
ayağından çıxıb kənara düşəndə corabındakı kiçik
bir yırtıq bütün fikirlərimi özünə cəlb etdi.
Mən onun bütün məhrumiyyətlərinin, acılarının,
ehtiyaclarının, ağrılı-acılı günlərinin
görüntülərini və bəlkə də bu ölümünün
səbəblərini gördüm - bu yırtıq corabda. Ütülü
dəsmalını çıxarıb üzünə sərdilər. Bir qadın
əlinin hərarətini, nəvazişini görməmək mümkünsüz
idi. Bunlar şeirə çevrildi. Bu o demək deyil ki,
mən hadisədən ilhamlanmışdım, bunlar yaşantılar
idi. Bir insan həyatının qəmli yaşantıları ki,
şeirə çevrildi. Bilirsiniz, mənim ölümlə bağlı
düşüncələrim var: düşünsəm ki, suda boğulub
ölürəm, həmin dəqiqə başım soyuyur, üşüyür. Yox,
düşünsəm ki, maşın, ya qatar üstümdən keçir,
həmin an bütün bədənim, başım ağrıyır. Mən
bunları yaşayıram. Bu yaşananlar şeirə çevrilir.
İlk gənclik illərimdə xəyalımda bir qız obrazı
yaratmışdım. Ona qovuşmağa can atırdım. Bu qız
bəlkə də ruhumdu, canımdı, allaha olan sevgimin
təzahürüdür. Bəlkə də allah mənim qəlbimdəki
özünə sevgini bir qızın timsalında qəlbimə
yerləşdirib. Ümumiyyətlə, Tanrı qızla oğlanı
qarşılaşdırır, özünün böyük sevgisini onların
ürəyində yaradır və qızın qəlbində oğlana olan
sevgiylə özünü, oğlanın qəlbində isə qıza olan
sevgisi ilə yenə də özünü təcəssüm etdirir. Yəni
hər ikisi vahid olan Tanrısını bir-birinin
təcəssümündə sevir. Qovuşmağa can atdığım qızın
sevgisi elə mənim Tanrıya olan sevgimdir.
Şeirlərim də Tanrının beynimə yerləşdirdiyi
zərrələrdir.
-Yaradıcılığınızda sərbəst şeirə daha çox yer
ayırırsınız. Bu ruhunuzun sərbəstliyindən irəli
gəlir, ya fikirlərinizi oxucuya bu vəzndə
çatdırmaq daha asandır?
-Ən yaxşı şeirlərimi heca vəznində yazandan
sonra, sərbəst şeirə müraciət etmişəm. Sərbəst
şeirdə yazıb-yaratmaq çox çətindir. Əslində mən
fikirlərimi oxucuya çatdırmaq üçün sərbəst
vəzndən istifadə etmirəm. Yəni mənim bu tip
şeirlərim bu ehtiyacdan yaranmayıb. Yaşadığım
zamanla bağlıdır. Artıq qoşma, gəraylı və başqa
janrlar yavaş - yavaş yerini sərbəst şeir
vəzninə verir. Sərbəst şeir ədəbi inkişafın
təzahür formasıdır. Yaşadığım zamanın
informasiyaları mənə sərbəst formada gəlir.
Düşüncələrim heca vəzninə sığmaz, bu vəzni
sevsəm də, bu vəznə bağlı olsam da milli
şeirimizin mayəsi sərbəst vəzndəndir. «Kitabi –
Dədə Qorqud» dastanını xatırlasaq bunun şahidi
olarıq. Bu qədim abidəmizdə də şeirlər sərbəst
vəzndədir. Bizim təqlidimiz, ritmimiz sərbəstdir.
Mən poeziyanı ən çox kənddə hüzn yerlərində
arvadların ağı deməsində görmüşəm. Ağılara
sözlər qoşurlar. Bu qadınlar da sərbəst və ya
heca vəznini yaratmaq istəyir?!
- Şeir yazmaq sizdə bir xobbidir?
-Yarpaq bilmir niyə saralır, niyə düşür.
Nədir poeziya, mən də bilmirəm, niyə yazıram
bunu da bilmirəm. Biz həyata kodlaşmış formada
gəlirik. Daxilimizdə minlərlə sirr gizlənib, çox
çalışırıq ki, bu sirləri açaq, ancaq aça
bilmirik. Çünki bunlar Tanrının sirləridir,
icazə vermir biz onları açaq, Onun sirlərini
açaq. Yüz il bundan sonra da bu sirləri açmaq
mümkün olmayacaq. Beynimdə bu dünyanın,
Yazıçılar Birliyinin və bir çox yerlərin
kardiaqrammasını çıxarmaq mümkündür. Axı
kodlaşdırılmış bir formada gəlmişik bu həyata.
Allaha çox inanıram. Zəifin tərəfində dayanıram.
Döyülən, söyülən insanların, uduzan kamandanın
tərəfində oluram həmişə. Bu Allahın istəyidir,
məni buna allahım sövq edir. Ancaq oruc tuta
bilmirəm, heç namaz da qılmıram. Sadəcə Onunla
söhbət edirəm, rahatlaşıram, sakitləşirəm.
UŞAQLIQDA MƏNİ DOVŞAN ŞƏKLİ İLƏ ALDADIBLAR
-Doğulduğu kəndə bir çox şeirlər həsr edən Qəşəm
Nəcəfzadə özü kənddə yaşamır…
-Mən İmişli rayonunun Əliqulular kəndində
doğulub boya - başa çatmışam. İçimdə bütöv bir
kənd var – Azərbaycan kəndi. İydə çiçəyi, at
kişnərtisi, it hürüşməsi, haylı – küylü bir kənd.
Əliqulular da tipik bir Azərbaycan kəndidir, iti
hürür, atı kişnəyir. Ancaq kəndin texniki tərəfi
məni əzib, incidib. Uşaqlıqda çox nadinc olmuşam.
Məktəbin şüşəsini sındırardım ki, görüm şüşə
sınarkən necə səs gəlir. Onun çilik – çilik
ovularaq hay – küylə yerə tökülməsi mənə zövq
verərdi. Kəndin poçt qutusunu kağız – kuğuzla
doldurardım, elə bilirdim bunlar doğrudan da
hansısa ünvana çatacaq. Oturub cavab gözləyərdim.
Bir dəfə kəndimizə bir fotoqraf gəlmişdi. Hamı
şəkil çəkdirirdi. Mən də yaxınlaşıb şəklimi
çəkməsini xahiş etdim. O, şəklimi çəkəndən sonra,
mənə bir dovşan şəkli verdi. Görünür, uşaq
qəlbimi sındırmaq istəməmişdi. Elə bilirdim ki,
bu doğrudan da mənim şəklimdir, hamıya
göstərirdim. Uşaq ağlı ilə düşünürdüm ki, adamın
şəkli fotoaparatdan belə çıxır. Bilimirdim,
görməmişdim axı. Maşallah, indiki uşaqlar hər
şeyi bilir.
-Orta məktəbdə necə oxumusunuz?
-Yaxşı oxumamışam. Ədəbiyyatdan həmişə üç
almışam, başqa fənlərdən dörd – beş alırdım,
ədəbiyyatdan üç. Dərsdən qaçardım. Doqquz –
onuncu sinifdə oxuyanda məktəbə ümumiyyətlə, az
hallarda gedərdim. Kəndimizin uzanan yolunda
çoxlu söyüd əkmişəm. İndi böyüyüblər. Söyüd
ağacını xoşlayıram. Kəndin yaraşığıdı söyüd,
küknar, şam ağaclardı. Hə, 1997 –ci ildə anam
dünyasını dəyişəndə anladım ki, daha kənddə
yaşaya bilməycəyəm, hər yerdə onun xatirəsi.
Amma sizə bir söz də deyim, anam mənə çox da
mehriban olmayıb, sərt idi, qoymurdu şeir yazım,
deyirdi ürəyin ağrıyacaq, adam dərddən yazır
şeiri. Həmişə deyərdi ki, səni də Müşfiq kimi
güllələyəcəklər. Bunu dərd eləmişdi özünə. Mən
onun üçün Qəşəm Müəllim idim, Qəşəm müəllim
deyərdi. Elə 1997 – ci ildə də Bakıya gəldim.
Sabir adına kitabxanada 1919 – cu ildə Cəfər
Cabbarlının təşkil etdiyi «Pərvanə« adlı ədəbi
məclisi yenidən bərpa etdim və başıma bir çox
gənc yazarları topladım. Çağdaş ədəbiyyatımızın
bir çox simaları məhz elə bu ədəbi məclisin
yetirmələridir.
-Qəşəm Nəcəfzadə olmasaydı Ədəbiyyat nə itirərdi?
-Məncə, heç nə, şeirlərimə görə nüfuz
qazanmışam. Hara gedirəmsə hörmət görürüəm.
Yolda QAİ mənim maşınışı saxlamır, tanıyırlar
məni. Məmləkətimizdə şairə böyük hörmət var.
Yəni, bu diyarda sözün qiyməti var. Tanınıram,
özümə görə nüfuzum var, bəsimdir. O ki, qaldı
mən ədəbiyyata nə vermişəm, bunu oxucular, məhz
siz oxucular yaxşı bilərsiniz.
-Yaradıcılığınıza görə dövlətdən maddi təminat
umursunuz?
-Yox, məncə şeir maddi təminat üçün yazılmır.
Mən öz həyatımdan razıyam. Şeirim mənim
qazancımdır.Bu mənəvi tərəfdir. Amma dövlətimiz
qələm sahiblərinə diqqəti daha da artırmalıdır.
Cənab Prezidentin Yazıçılar Birliyi ilə bağlı bu
yaxınlarda verdiyi fərmana cox böyük inamim var.
-Həyatda dəst-xəttini bəyəndiyiniz ədib varmı?
-Var, bu Sabir Rüstəmxanlıdır. Rəşid
Behbudov adına mahnı teatrında Zöhrab Tahirin
yaradıcılıq gecəsində şeir oxuyanda bir əlimi
cibimə qoymuşdum. Bu Sabir Rüstəmxanlının
jestidir. Onun qayğısını, diqqətini çox görmüşəm.
-Siz istedadlı şair olduğunuz üçün vəzifədəsiniz,
ya vəzifə almaq üçün heç də istedad lazım deyil?
-Sağ olsun Anar müəllim, bilir ki, mən şeiri,
onun texnikasını yaxşı bilirəm. «Pərvanə» ədəbi
məclisindən çıxanların çoxu bu gün Yazıçılar
Birliyinin üzvüdür. Yəqin bu xidmətlərimi
qiymətləndiriblər. Mən vaxtı ilə Qabilin, Əli
Kərimin, Fikrət Qocanın və neçə-neçə böyik sənət
adamının oturduğu stulda əyləşirəm əmək. «Azərbaycan»
jurnalının yükünü daşımaq mənim üçün xoşdur.
-Əsərlərinizdə qadınlara bu qədər yer
ayırmağınızın səbəbi çox qadın sevməyinizdir, ya
qadını çox sevməyiniz? Ümumiyyətlə, siz sevə
bilirsinizmi?
-Mən qadınları çox sevirəm. Onların olduğu
yerdə özümü xoşbəxt hiss edirəm. Nəriman
Həsənzadənin bir gözəl sözü var: «Kişinin ən
böyük mədəniyyəti qadınlara münasibətidir». Bizə
nə qədər zülm etsələr də, biz onları yenə də
sevirik. İyirmi ildir ailəliyəm, ötən yay həyat
yoldaşımla Göygölə getmişdik. Yol boyu çox gözəl
söhbət emişdik. O anı unuda bilmirəm. Elə bil
iyirmi ildə söhbət etməyə vaxtımız olmayıb. Elə
bil bu qadın mənim evimdəki hər gün rastlaşdığım
o qadın deyildi. Mən bu qadını yenidən kəşf
edirdim. Qadınları kəşf etmək lazımdır. Fikrət
Qocanın bir fikrini xatırlayıram: «Qızların
hamısı gözəldir, sevə bilsən». Bəli, qızları,
qadınları sevmək, qiymətləndirmək vacib şərtdir.
«Yad qızı» şeirimi oxuyanda yoldaşım kimə həsr
etmisən deyə maraqlandı. Ailələrdə yenilik
həmişə olmalıdır. Onu hücrəsindən çıxarmaq,
yenilik etmək mütləq vacibdir. Hər an, hər gün
ailənə təzə məxluq kimi baxmalısan. Yoldaşım öz
şagirdim olub, orta məktəbdə dərs deyəndə bu
qızın mənəviyyatını duydum. Qəzetdə çıxmış
şəklimi şerimlə birgə xatirə dəftərinə vurmuşdu.
Söz deyəndə qızarırdı. Elçi düşüb aldım. Bizə
gələndə ovcunun birinin içərisinə Qəşəm, o
birində Tabəs yazmışdı. Bir müddət sonra bizim
aramızda soyuqluq yaranmışdı, evə gec gəlirdim.
Evliliyimizin on doqquzuncu ilində yenə evə gec
gəlmişdim. Ağlayıb yatmışdı, ovucları açıq idi.
Birində Qəşəm, digərində isə Tabəs sözləri
yazılmışdı. 19 il sonra o bu hərəkəti ilə
yenidən diqqətimi cəlb etdi. Bu yeni Tabəs idi.
-Hollandiyada şeirlərinizi bəyənib
qiymətləndirdilər. Bəs siz necə, öz
yaradıcılığınızı bəyənirsinizmi?
-Səlim Babullaoğluna minnətdaram. Azərbəycan
Yazıçılar Birliyindən 40-a yaxın şairin şeirini
ingilis dilində göndərmişdi. Mənim şeirim
seçildi. Mən insan azadlığını tərənnüm edirəm.
Cismim Şərq, ruhum Qərbdir. Yəni iki qütbün, iki
sivilizasiyanın sinteziyəm. Qərbdə sadəliyi
sevirlər. Dünyanın bir çox ölkəsindən 23 şair
seçilib ki, biri də mənəm. Yetmişinci illərdən
bu festival keçirilir, ancaq ilk dəfədir ki,
Azərbaycan bu festivalda iştirak, bu da məniə
nəsib olub. Bu təkcə mənim uğurum deyil, eyni
zamanda yaşadığım mühitin, çağdaş
ədəbiyyatımızın uğurudur. Çünki mən bu
mərhələnin yetirməsiyəm. Orada İngilis və
holland dillərində kitablarımızı nəşr edəcəklər.
Hollandiyada bizim şeirlərimizdən ibarət almanax
buraxılacaq. Əsas məqsəd bu iyirmi üç şairi bir
– birinə tanıtmaq, ölkələrin qarşılıqlı ədəbi
inteqrasiyasını təşkil etməkdi.
-Siz bir şeirinizdə özünüzü pis valideyn
adlandırırsınız. Doğrudanmı, siz pis
valideynsiniz?
-Yox, pis valideyn deyiləm, uşaqlarımla da
dostam. Ancaq bu hadisə başıma gəlib. Oğlumun
müəllimi məni çağırıb dedi ki, oğlun qız istəyir.
Bu zaman nəticə çıxardım ki, mənə demək istəyir
ki, oğlunun tərbiyəsi ilə maraqlanmırsan, pis
valideyinsən. Yəni bu hadisə başıma gəlib,
həyatda olmuş hadisədir.
-Şairlərimiz Qarabağdan az yazırlar...
-Belə deməzdim. Təəssüf ki, torpaqlarımızı
qələmlə almaq mümkün deyil. Torpağı almaq üçün
silaha sarılmaq lazımdır. Müharibədən çəkinmək
lazım deyil, onsuz ki, itirdiyimiz torpaqlar
əzir bizi. Qəhrəmanlıq Vətəni sevməklə bağlı
deyil, texnikanın dilini bilməlisən. Öz işini
yaxşı bilməlisən. Tutaq ki, vətəni çox, lap çox
sevirsən, getdin cəbhəyə, vuracaqlar gülləni
öləcəksən. Bu qəhrəmanlıq deyil, bununla
qəhrəman olmursan ki. Ancaq texnikanın dilini
bilsən, öz işini yaxşı bilsən, sənə zaval yoxdur.
Orta məktəbdə «Vətən hardan başlanır» mövzusunda
inşa yazdırırdım. Təsəvvür edin ki, beşdə beş
alan şagird fərari oldu, inşanı yazmayan,
dərsdən qaçan şagird isə Qırmızı bayraq ordeni
aldı. Bu nümunə bizə çox mətləblərdən xəbər
verir.
Qızıl Gül
“Vətəndaş həmrəyliyi” qəzeti
29 Aprel 2007
***
Qərb və Şərqin sintezindən yazan tərəkəmə
Yovşan ətrinin və nənəsinin söz boğçasından
çağdaş poeziyaya gələn
fermer şair Qəşəm Nəcəfzadə özü və epik şeirləri
haqda
Yaradıcılığa nənəsindən eşitdiyi folklor
nümunələrinin, tərəkəmə qadınların dup-duru
dilinin, intəhasız
türk bozqırını andıran Muğan çöllərindəki köç
sədalarının təsirilə gəlib. Amma tələbə olanda
yeniyetməykən yazdıqlarını bəyənməyib, müəllim
olanda tələbəykən yazdıqlarını, jurnalist olanda
müəllimkən yazdıqlarını. Beləcə özünü inkar edə-
edə “ Pərvanə” ədəbi məclisini qurub və
Yazıçılar
İttifaqınının “Azərbaycan” jurnalinda poeziya
şöbəsinə rəhbərlik etməyə başlayıb. Rəhbərlik
etdiyi
məclisin bir çox yetirmələri də onu bəyənmir.
Bir sözlə, Qəşəm Nəcəfzadə 80-ci illər ədəbi
nəslinin – bir
ayağı folklorda və ya klassik Şərq poeziyasında,
bir ayağı isə Qərbin epik –erotik poeziyasında
olan nəsli
anlayacaq qədər maraqlı müsahibdir.
- Doğulduğunuz İmişli bölgəsi poeziya
ənənələri olmayan yerdir. Hər bir şair isə
müəyyən bir ənənənin üstündə yetişir.
- Mən nəinki İmişlidən, heç qədim ənənələrə
malik olan vaxtı ilə təhsil aldığım Gəncədən də
bugünün
özündə istedadlı bir gəncin imzasına rast
gəlmirəm. Mənə elə gəlir ki, bu, ənənə ilə bağlı
deyil.
Yaşadığım Muğan torpağının, yovşan ətrinin,
söyüd kölgəsinin, çöl küləyinin adamın beyninə
işləyən
havası bəlkə də min illik Azərbaycan poetik
təfəkkürünün çalarlarıdır ki, mən onları
dadmışam. Şeir
yazmağıma yaşadığımı bu mühitin əsas təsiri olub.
- İlk şeirinizi nə vaxt yazmısınız?
- İlk şeirimi 6-ci sinifdə oxuyanda yazmışam.
Ulduzlar haqqında idi. Ulduzlara baxmağı
sevirdim.Ümumiyyətlə, həyata, kəndə, yaşlı
adamların danışığına, Azərbaycan dilinin
qaynaqlarına
poeziya kimi baxırdım. Bizim kənddə bir çapar
var idi. O vaxtlar toya dəvət etmək üçün
dəvətnamə yox
idi, onun əvəzinə çapar idi. Çapar gəlib deyirdi
ki, “Söyün kişi toy eləyir, bu gün əvvəlidir,
sabah axırı".
Nənəmnən öyrəndiyim çoxlu folklor nümunələri
yadımda qalıb. Deyirdi, quşotu az olanda qoyun
acından
ölməz: "quşotu, düş otur". Biz tərəkəmə idik,
uzaq yerlərə gedərdik. Mənim tərbiyələndiyim və
heç bir
qatışığı olmayan poeziya bu idi: xalqın danışığı,
xalqın təfəkkürü, arvadların ağlaşması,
qoyunların
mələşməsi, sürünün kəndə qayıtması. Soruşanda ki,
filan hadisə nə vaxt olub, deyirdilər ki,
qoyunun
örüşdən qayıdan vaxtı. Bunlar tərəkəmənin saatı
idi, poeziya elementləri idi, mən buradan
qidalanmışam.
- İlk dəfə havaxt çap olunmusunuz?
- 1978-ci ildə "Ulduz" jurnalında. Mən güclə çap
olunurdum. Səmimi deyirəm, çox sevdiyim bir şair
olub- İsi İsmayılzadə. O, heç vaxt məni "Azərbaycan"
jurnalında çap etmədi. Sonralar Çingiz Əlioğlu
"Ədəbiyyat" qəzetinə məni təqdim edib. Abbas
Abdulla isə, "Ulduz" jurnalının qapısını mənim
üzümə açıb.
Bu gün biz və bizim yaşda olan insanların
gəncliyə göstərdiyi qayğını o vaxt biz yaşda
olanlar
canıyananlıqla bizə göstərmirdilər.
Mənim qoyunçuluq təsərrüfatım var. Hətta
ədəbiyyatda mənə "fermer şair" deyirlər. Bu sözü
mənim
əleyhdarlarım desə də, əslində çox xoşuma gəlir.
10 il ilk kitabımın çapını gözləmişəm. "Yazıçı"
nəşriyyatına təzə direktor gələndən sonra mənə
öz imkanları daxilində kömək etdi. Bu gün
Ələviyyə
Babayeva AYB-ni qınayır, amma "Gənclik"
nəşriyyatının baş redaktoru olanda mən orda
kitab çıxara
bilmirdim.
- Bildiyimizə görə, o vaxtlar çapdan çıxan
kitablar üçün yaxşı qonorar verərmişlər...
- Qonorarın pulu şirin olur. Mən ilk kitabımın
pulu ilə maşın almışam.
- Sizin şeirlərinizdə həyatın poeziyaya layiq
görülməyən təfərrüatları öz əksini tapır. Bu,
Azərbaycan
poeziyası üçün o qədər də ənənəvi deyil. Bu
istiqamətdə sizə kiminsə təsiri oldumu?
- Mən realizmi heç kəsdən öyrənməmişəm. Bəzən
həyatdan gələn həqiqəti olduğu kimi yazmaq özü
poeziyadır. Hərdən biz Allahın verdiyi ədəbi
fakta müdaxilə edəndə onu yaralayıb öldürürük.
Amma onu
olduğu kimi köçürəndə gözəl alınır. Məncə,
ədəbiyyat həyatın üzünü köçürmək deməkdir.
- Fikrinizcə , hazırda daxili senzor sizə imkan
verirmi düşündüyünüzü olduğu kimi köçürəsiniz?
- Bugünkü poeziyamızın mərhələsi sərbəst, epik,
modern şeirdir. Vaqif Bayatlı mənim şeirlərimi
78-ci ildə
rəndələyib kənara atdı. O, ədəbiyyata böyük bir
hava ilə gəlmişdi, mənim havamı belə qəbul
etmirdi.
- Vaqif Bayatlı ilə sizin üslubunuz,
dünyagörüşünüz, poeziyanız arasında çox ciddi
fərqlər var. Bu mənada onun sizi qəbul etməməsi
təbiidir. Belə bir sual ünvanlamaq istəyirəm.
Ola bilərmi ki, özünü
tamamilə çılpaq ifadə edə bilsin?
- Realizm mənim həyatımdan doğan bir şeydir.
Mənim şeirlərimdə senzura olmayıb. Kitablarımın
heç
birində sosrealizm yoxdur. Kənd həyatı, qoyun
otardığım örüş, dərs dediyim məktəb; həyatın
qayğıları ilə
yaşayan kənddə mən çılpaq realizmi gördüm. Mən
onu heç kəsdən öyrənməmişəm, həyatdan
öyrənmişəm. Ola bilsin ki, bu həqiqətlər mənim
əvvəl yazdıqlarımın əleyhinə, əksinədir.
Düşünürəm ki,
ədəbiyyat əksliklərdən ibarətdir. Müəllimlik
illərində tələbə vaxtı yazdıqlarımın əleyhinə
idim, həmin
illərdə yazdıqlarımın jurnalist olanda,
jurnalist illərimdə yazdıqlarımın poeziya
şöbəsinin müdiri olanda
əleyhinə getmişəm. Sabah da yenə özümü inkar
edəcəyəm, beləcə inkar edə- edə gedəcəm. Ancaq
qalan
qalır....
- Son kitablarınızdan biri "Ömür kitabıma
düzəliş" adlanır. Ömrünüzdəki hansı səhvləri bu
kitabda
düzəltmisiniz?
- Hər bir şeirimi həyatımda gördüyüm səhv işlərə
düzəliş kimi başa düşürəm. Şeirlərim mənim
kardioqramımdır, həyatda səhv olan işlərimin
görünməyinə qırmızı işarələridir. Kitabımın
birinin adı "Və
sairə" adlanır. Bu kitabdan sonra mənim
yaradıcılıq həyatım başlayıb.
Yedim, içdim,
işlədim, gəldim,
oturdum, durdum və sairə... sonra şeirlərim
Ailə qurdum, uşaqlarım,
evim-eşiyim və sairə... sonra şeirlərim
Hər hansı bir şeir həyat tərzinin əksi olmağı
ilə bərabər, həm də ona bir düzəlişdir. Səhv işə
bir düzəliş,
düz işə isə bir səhvdir.
- Son kitabınız "Qadının ölümü" adlanır.
Demək olar ki, əvvəlki üslubunuzdan çıxmısınız.
Bu yeniləşmədə müasir ədəbi gəncliyin sizə
təsiri olubmu?
- Gəncliyin təsiri olmayıb. Həyatın ritminin və
yaşamın təsiridir. Bu kitabdakı yenilik ilk
kitabımda da
olub.
- Bir şeirinizdə deyirisiz: İlahi,
neyləyirsən elə, amma qadını kişiyə çevirmə...
- Alçalmış kişilərin çiynində ucalan qadınlar
ölmüş qadınlardır. Bəzən deyirlər, aslanın
erkəyi dişisi
olmaz. Mən bu fikirlə qətiyyən razı deyiləm.
Qadın kişiyə
çevriləndə ölür.
- Qadını kişiyə çevirən zəmanədir, onun
tələbləridir. Siz də bir şair kimi zəmanənin
tələbləri ilə
ayaqlaşırsız. Bəs, qadınlar bu zəmanəyə necə
dayansın?
- Qadın kişini, kişi qadını idarə edir. Əgər
zəmanə qadını kişiyə çevirirsə, onu çevirən
kişidir. Kişi qadına
çevrilirsə, bunu da edən qadındır. Kişi qadını
qadına, qadın da kişini qəhrəmana çevirməlidir.
Məcnun
ona görə böyükdür ki, onun arxasında qadın
dayanır. Mən şeirimdə də deyirəm ki, səngərdən
qaçan bir
fərarinin də arxasında balaca bir qadın dayanır.
Qadın küçə kişisini bir anın içində qəhrəmana
çevirə
|