|
HAQQINDA MƏQALƏLƏR
RASƏT
Fərdi ədəbiyyatdan milli ədəbiyyata doğru
Qəşəm Nəcəfzadənin «Xocalı mövsümü» başlığı
altında dərc etdirdiyi şeirlər mənə silsilə
təsiri bağışladı. Hətta mənə elə gəldi ki,
silsilənin içərisində kfayət qədər poema
elementlər də var.
«Xocalı mövsümü» silsiləsi məşhur bir rəqəmlə
başlayır:
8 may 1992
və sonra şair buyurur:
İndiyə kimi yazılan Vətən şeirləri
Vətən xəyanət hesab edilsin.
Adam sual vermək istəyir; Niyə? Amma… 8 may
1992… rəqəmləri misralar arasından pis-pis
adama baxır.
…8 may 1992-ci il Şuşanın azərbaycanlılar
tərəfindən boşaldılması günüdür.
Və oxucu istər-istəməz şairin gəldiyi qənaəti
qəbul edir. Misranın bu şəkildə deyilişi «vətənə
xəyanət» anlayışının mənzərəsini dəyişir, ona
yeni məzmun verir. Bu artıq hansısa şairin
oxucunu öz fərdi axtarışları ilə tanış etməsi
deyil, bu birbaşa oxucuya «hücumdur», onun
söykəndiyi dəyərləri şübhə altına almaqdır.
Azərbaycan cəmiyyətinin prinsiplərinə, yaşadığı
həyat tərzinə müdaxilədir, «normaların»
inkarıdır, «vətənə xəyanət» anlayışı haqqında
yeni «qayda-qanun» müəyyənləşdirməkdir.
Bu artıq fərdi poeziya deyil, milli poeziyadır.
Fərdi poeziya çox zaman etiraz doğurmur. Şair
oxucuya özünü, öz fərdi dünyasını təqdim edir,
bu fərdi dünyanı qəbul etmək də olar, etməmək
də. Bu mənada fərdi ədəbiyyatın cəmiyyətə
təsiri də fərdi xarakter daşıyır… Bu, bir çox
hallarda ümumi mübahisələr doğurmur.
Amma Qəşəm deyəndə ki:
Bu il yenə
Xocalının ad günündə
Azdramaya getdik,
Xocalı faciəsinə
Tamaşa etdik…
İstər-istəməz adamın içində bir etiraz baş
qaldırır; faciəyə necə tamaşa etmək olar? Amma
heç nə Qəşəmin «vecinə deyil», o öz dediyini
deyir və faciə gününü… «Xocalının ad günü…»
elan edir.
Ad gününə axı bir qayda olaraq, bayram əhval-ruhiyyəsi
ilə yığışırlar, ad günü tamaşa ovqatı yaradır.
Doğrudur, Qəşəm bu barədə heç nə demir, nəyi
demək lazımdırsa, misraların özü deyir.
Faciəni görüntü xatirinə faciə kimi qəbul etmək.
Amma içəridə, lap içəridə bu faciəni unutmaq. «Xocalının
ad günü» ifadəsi özündə bu həqiqəti gizlədir.
Qəşəm Xocalı faciəsinin «Xocalının ad günündə»
necə yaşandığını oxuyuca belə təqdim edir:
Xocalı uşaqlarının
Soyuqdan donduğunu görəndə,
Uşağımızın paltosunu
Yaxşıca düymələdik,
Əlinə peçenye verdik,
Üzündən öpdük,
Başını sığalladıq
Xocalı faciəsinin Azərbaycan cəmiyyətində
yaratdığı «əks-səda»nın ən maraqlı
mənzərələrindən biri də Qəşəm qələmində bu
şəkildə üzə çıxır:
Arxamızda qalın geyinmiş
Xocalının icra başçısı
Oturub
Maşallah, yaxşıdır.
Misra oxucuda acı istehza doğurur. İcra
başcısını bu istezadan hətta onun yaxşı, yaxud
pis adam olması da xilas eləyə bilmir. Çünki
istehzanı doğuran icra başcısı deyil, onun
dayandığı yerdir. Bu yeri qəbul etməyin özü
artıq gülünc olmaq deməkdir.
Təkcə gülünc olmaqmı?
Xeyir!
Bu yeri qəbul etmək həm də Xocalı faciəsinin
növbəti mərhələsini «hazırlamaq» deməkdir:
Icra başçısı
Çiynimdən tutub
Basır aşağı
Mən sənin icra başçınam,
Sən burda ölməlisən,
Çölə çıxsan,
Prezident deyər
Xocalını kim buraxıb şəhərə,
Məni işdən çıxarar,
Xocalı gərək öz yerində
Şəhid olsun…
Problemi bu şəkildə qoymağı şair cəsarəti də
hesab etmək olardı. Amma şairin yaşadığı
cəmiyyətdə cəsarətin də, qəhrəmanlığın da, «dəyəri»
artıq çoxdan öz ömrünü bizə bağışlayıb. İndi ən
böyük «qəhrəmanlıq» bəlkə də «Xocalının ad
günündə» isti geyinməkdir.
Qəflətən
Azdramanın səhnəsinə çıxıb
Bütün qəhrəman obrazları
Güllələmək keçir könlümdən
Baş rolda Əliabbas Qədirov
oynasa belə…
Əgər Qəşəm Nəcəfzadənin bir şair kimi ciddi
arqumentləri olmasaydı, bəlkə də «bütün
qəhrəman obrazları güllələmək» istəyi oxucuya
anormal görünərdi. Axı Azdramanın səhnəsində
təkcə «yerli qəhrəmanlar» deyil, həm də «gəlmələr»
«yaşayır». Amma bu anormal hərəkət oxucuda
mənfi reaksiya oyatmır, əksinə, Qəşəm Nəcəfzadə
çox asanlıqla oxucunu öz müttəfiqinə çevirir.
Qeyri-insani olan insani olur, insani olan isə
qeyri-insani.
Mən şeirdəki bir məqama da diqqəti cəlb etmək
istəyirəm. Şair bu «qəhrəman obrazlara» hətta
Əliabbas Qədirovun təqdimatında da güzəştə
getmək istəmir.
Deyəsən, axı məsələ təkcə «qəhrəman obrazlar»ında
deyil…
Şair şeiri inkişaf etdirir; bizim yaşadığımız
cəmiyyət nəinki öz qəhrəmanlarını, hətta
Əliabbas Qədirov kimi aktyorların təbii
istedadını belə qorumaq iqtidarında deyil və bu
cəmiyyətdə təkcə «qəhrəman obrazları deyil»,
hətta Əliabbas Qədirov istedadı öz
ilkinliyindən, təbiliyindən uzaqlaşdırılır… «güllələnməyə
layiq qəhrəmanların» çirkabına batırılır.
Qəşəm Nəcəfzadənin ictimai Məni «8 «a» sinif
jurnalının arxasında yazı» şeirində xüsusilə
açılır. Şairin təqdimatında adi bir predmet
Azərbaycan cəmiyyətini bütöv bir mənzərəsini
özündə əks etdirir.
Mən şeiri olduğu kimi gətirmək istəyirəm:
Zərifənin atası şəhid,
Anarın atası şikəst,
Vüsalənin anası ayrılıb öz ərindən,
İndi məktəbdə süpürgəçi,
Vüsalə anasından utanır.
Aydınınkı fəhlə
Əlininki fəhlə
Nigarınkı fəhlə,
Həsəninki yox,
Aynanınkı yox,
Aynurəninki yox,
Zülfiyyənin atası urisytdə
Üç ildir ki, xəbər yox,
Sevincin atası işsiz,
Ayselinki işsiz,
Nurlanın işsiz,
Saranınkı əlil,
Aygünün atası yox,
Anası qabyuyan.
Səbinənin atası ölüb,
Anası bağçada xidmətçi.
Vəsilənin atası xəstə,
Anası qutab bişirir,
Vasmoyun bazarında.
Elşənin atası türmədə,
Emininki
Dəmir yol bazarında tum satır.
Müəllim hər dəfə
Oxuyanda bu yazını
ad gününü yaddan çıxarır.
Sovet dövründə bu cür şeirlər yazanda adətən
belə deyərdilər ki, şair rəngləri tünləşdirir.
Bu dəfə deyəsən, rəngləri tündləşdirən 8 «a»
sinif jurnalıdır.
Şair sadəcə faktı qeydə alır.
Sual oluna bilər, axı bunun nəyi şeirdir?
Cavab verirəm: poeziya təkcə oturub dərin
fikirlərə getmək deyil, poeziya həm də özündə
poetik yük daşıyan faktı qeydə almaqdır.
Bu mənada poeziya həm də görmək deməkdir.
Qəşəm Nəcəfzadənin istedadının təbiliyi şəxsən
məndə məmnunluq hissləri oyadır. Və mənə elə
gəlir ki, bu, «Axundov kitabı»nın Azərbaycan
ədəbiyyatında bitmədiyinin, hələ də davam
etdiyinin, özünəməxsus şəkildə yenidən üzə
çıxmasının bariz nümunələrindən biridir.
“Sənət qəzeti”
15.03.2006
***
QƏŞƏM NƏCƏFZADƏ “VƏ SAİRƏ”
Qəşəm Nəcəfzadənin şeirlərində mənimlə üz-üzə
duran dipdiri bir zaman gördüm. Bu zaman
kəsiyində bir dəqiqənin içi, ömrü, daxili
anlamı çox uzundur, genişdir. S.Vurğun demiş:
“Uzadaq ömrünü hər bir anın da.”
Poeziya anın məhsuludur. Sevgi də bir anın
içində doğulur, şeir də. “Sevəndə sevirik bir
an içində.” Qəşəm Nəcəfzadənin şeirlərinə
səpələnmiş bir ömrün anlarını gördüm, tarıma
çəkilən bir insanın əsəblərini gördüm.
Şeirlərin içində ötən bir sevgi dipdiri qalıb,
eləcə təzə-tər görüş yeri hələ də
boylanmağındadı. Yağışlar hələ də yağır. Hələ
ki, göz yaşının damlaları gözün qarasından
iridir. Hələ ki, Kəlbəcər, Laçın dağları
bizimdi. Şuşa qalası hələ ki xəyallarımızın
gerçəkliyidir.
Mən bilmirəm, axşam nədi, gün nədi,
Qız-gəlinin əsir-yesir gündədi,
Şuşam getdi, bir balam var, dinmədim,
Mənim kimi balan ölsün, ay Vətən.
Və yaxud:
İnnən belə şeir vaxtı deyil ki,
Bu şeiri yazan ölsün, ay Vətən.
Adi bir yaşam tərzinin poetik bir detala
çevrilməsi faktı dil elementində, daha doğrusu,
onun ifadə formulunda baş verir. “Şuşam getdi,
bir balam var, dinmədim, mənim kimi balan ölsün,
ay Vətən!” misralarının qarşı-qarşıya qoyulması
konteksdə yaranan təzad artıq həyat elementi
kimi təzahür edir. Sadəcə şair gündüzün, işığın
içində bədii sözün çoxmənalılığını,
prodoksallığını üzə çıxarır.
Söz şairin ən dəqiq kordioqramması və orcinal
tərcümeyi – halıdır. Söz ömürlüyündə keçən
yolun dongələri, sevinc və kədərləri
mikroskopik cizgilərinə qədər aydın görünür.
“Xocali mövsümü Fevral” şeirində:
Xocalı mövsümü fevral!
Xocalı mövsümüdür bu ay.
Lentin tozu alınır,
Bir də göstərilməyi
Qaldı gələn ilə.
Və yaxud:
Fırlat qardaş,
Onsuz da işin bu lenti fırlatmaqdı.
Allah gələn iləcən sənə ömür versin,
Çünki sən bilirsən, bu lentin yerini.
Xocalı faciəsinin iştirakçısı olan insan
həyatının ritmi, keçmişi, indisi və
kordioqramması onun ürəyinin hazırkı, daxili
potogenezi ilə ölçülür. Hansı dahi deyir
bilmirəm, düşünmək tarixdir. Söz həm də fiziki
coğrafiyadır. Hərəkətdir, göz önünə gələn
səhnədir.
Hayıfdır, əllərini boş-boşana yelləmə,
Yelləsən mənim üçün yellə.
Məsələn, belə!
Şair həyat detallarını göz önünə təbii şəkildə
gətirir. “Yelləsən mənim üçün yellə, məsələn
belə səhnəsi” inandırıcıdır. Mən dəfələrlə
əllərin bu cür yellənməsini görmüşəm və bu
əllərə hicran qəlpələrinin necə dəydiyi də
gözümün qabağındadır. Qəşəm Nəcəfzadə
şeirlərində təfəkkürün sintezi və onun düşünmək
potologiyasını verən, mən deyərdim ki, lap
orijinal şəkildə oxucuya təqdim edən şairdir.
Qəşəm Nəcəfzadənin şeirlərində həyat olduqca
boldur. Amma bu həyat olduqja da mürəkkəbdir.
Həyat mürəkkəbinə qələm batıran şairin rəngləri
sadə və başa düşüləndir. Məsələn:
Dayan,
qızlar, məncə,
barmaqlarından ibarətdir.
Və yaxud:
Bir gün oyanmamağımdan divanım ağlar,
Hərə bir cür ağlar,
Amma Turalım bu cür ağlar:
Ata, dur get işinə.
Qəşəm Nəcəfzadənin şeirlərində həyatın
dialektikası və fəlsəfəsi təbii şəkildə özünü
büruzə verir. Fəlsəfə sözün (geniş mənada), söz
isə fəlsəfənin içindədir. Burada unutmaq
“sevirəm” sözünü ifadə edir və ya əksinə.
Ayaqlarını necə sevdiyimi,
unutmaram təkcə,
Ancaq o ayaqların sahibi
sən olduğunu biləndə
Bunu da söz vermirəm.
Mən yüz faiz bilirəm ki, burada “Söz verə
bilmirəm” sözü əslində sevirəm deməkdir. Şeirin,
intonasiyanın anlatdığı yeni görüntü belədir.
Ola bilsin ki, başqa oxucu bunu olduğu kimi
anlasın. Amma mutaliəmə görə, isimdəki müəyyən
hazırlıq mərhələsinə görə mən belə anlayıram,
ola bilsin ki, sabah şeirdə başqa bir variant
da tapacağam. Hərə öz anladığı və savad dairəsi
şəklində bu şeirdən öz bədii informasiyasını
götürür. Hər şeir özünün verdiyi stimullarla,
səpkilərlə, nevrotik, həyəcanlı
cizgilərlə
hamıya müxtəlif cür paylanır.
Məndən sənə vəsiyyət
Həmişə etibarı kiçik
Şeylərdə ara.
Onsuz da ömrümüz o qədər
Kiçikdir ki,
Böyük şeylərə ehtiyac olmayacaq.
Bu misralarda ziddiyyət yoxdur. Aydın, səlist
və oxunaqlıdır. Bu vəziyyət şairin müəyyən bir
halıdır. Ola bilsin ki, şair başqa bir şeirində
bu fikrin əksinə getsin və özü də bunu
əsaslandırsın. Mənə elə gəlir ki, hər hansı bir
ədəbi mətn, şeir və yaxud bir detal hər hansı
bir həyat həqiqətinin isbatıdır. Daha doğrusu,
bu çaılışmalar həyatın təhlilinin yekun
mərhələsini təşkil edir.
Sevgi də bütün sərhədləri kesdi,
İndi mərkəzdə dayanmış,
Özü də peşiman.
Həyatın riyazi elementlərinə öyrənmiş oxucular
ilk baxışda bu şeiri qəbul etməzlər. Əşyalar və
hadisələr üzərində cəmləşən qələmin və
təfəkkürün birgə sintezində bərqərar olmuş bu
poetik və həm də müjərrəd görünən həqiqəti
anlamaq müəyyən vaxt tələb edəcək. Məsələn, mən
həmişə ziddiyyəti, əksikliyi, anlaşılmazlığı
sevmişəm, şübhəyə böyük inam bəsləmişəm, çünki
bu jür çözdüyüm predmetlərdə həyat həqiqətləri
boldur.
Qərib qürbət-qürbət deyirsə,
Bəs onda vətəndə ev tikməyi nədir?
Koroğlu Koroğludursa,
Bəs onda qaçıb dəyirmana girməyi nədir?
Böyük türk şairi Tofiq Fikrət deyirdi: Mən
qürbətdə deyiləm, qürbət mənim içimdə. Əsrlər
boyuk türk şeirində gedən bu psixoloji məqam
indi də davam edir. Qəşəm Nəcəfzadədə bu,
tamamilə yeni aspektdədir. Bəlkə də vətəni daha
ürəkdən sevən, onun azadlığı yolunda
canından
keçən elə vətənin Qəşəm Nəcəfzadə kimi qürbət
balalarıdır. Vətən anlayışında yeni təzahür
forması başqaları üçün mübahisəli görünə bilər.
Mən tam əminliklə deyə bilərəm ki, qürbət vətən
sözünün sinonimi kimi işlənsə də bu sözün
içində qürbətçilik yox, vətənçilik, dövlətçilik
simptomları yaşayır. Bəlkə də qürbət sözünü
şairlər o qədər sevib, oxşayacaqlar və
varlıqlarını bu sözə o qədər verəcəklər, axırda
bu söz Vətən anlayışını verəcəkdir. Necə
deyərlər, qürbət vətəndir, vətən də qürbət. Mən
Qəşəm Nəcəfzadənin qürbət və vətən anlayışları
arasında o fərqi görə bilmirəm.
Metroda polis adamlardan pul istəyən
iki uşağı təpikləyirdi.
Uşaqların dilində
“c” səsi ağlayırdı.
Aydın, səlis ifadə tərzi, incə saitlərin
bir-birini izləməsi mexanizmi şairin əsas
uğurudur. Məncə, bu hələ sonra deyiləcək ədəbi
həqiqətlərin əvvəlidir. Poeziya həqiqəti sonra
gəlir. Həmin şeirin sonunda:
Şəhər başa düşmurdu
Uşaq ayaqlarının dilini.
Çünki yalın ayaqlarda yol ağlayırdı – deyir
şair Qəşəm Nəcəfzadə. Şeirin əsas məğzini
sonuncu iki misrada deyir. Özü də çox düz deyir:
Onlar uşaqlardan,
Əllərini gizlədirdilər.
Guya uşaqlar onların
Əllərini əllərindən alacaqdılar.
Bu beş misranın içində yerləşmiş poetik həqiqət
kol dibindəki bənövşə kimi mənə əl elədi. Qəşəm
Nəcəfzadə şeirlərində üzə gülən, gözə girən
parıltı, pafoslu görünən heç nə yoxdur. Hər
şeyin, hər həqiqətin üstü örtülüdür. Gərək
oxucu öz savad dairəsi və ədəbi tərbiyəsi
daxilində həmin örtüyü götürüb həqiqəti tapa
bilsin. O şeir, o ədəbiyyat gözəldir ki, onun
həqiqəti üzdə deyil. Üzdə olan
sevinc ötəridir.
Həqiqət isə dərində, kədərin içindədir. Qəşəm
Nəcəfzadə poeziyasında mükəmməl, elmi, fəlsəfi,
ürfani bir kədər mövcuddur.
Çiçəyim, ləçəklərin tozludur,
Qoy öpüm yuyulsun.
Gülüm, baxışların qəmlidir,
Bax mənə durulsun.
Qəmli baxışların altında gizlənən həqiqətlər
gözəldir. Hər adamın baxışı qəmli olmaz. Hər
qəmli baxışa baxmaqla baxış durulmaz. Əgər
baxışlar qəmlidirsə, demək, o adam uludur,
böyükdür, Allahın nəzərindədir.
Qəşəm Nəcəfzadə Muğan torpağından gələn qərib
bir duman kimidi şeirimizdə. Məncə, dünyada ən
sirli-sehrli şey dumandır. Duman həmişə təzədir.
Əslində o duman da bizimdi, yəni Savalan
dağlarından Laçın dağlarına gəlib, ordan da Şah
dağa, Qoşqara, Kəpəzə gedəcək. O dumanın könülə
gətirdiyi sərinlik və adamlara hopdurduğu
qəriblik hissi poeziya anlayışlarıdır. Yer
üzündə qərib olanlar şeirə, poeziyaya yaxın
olan şeylərdi, məsələn, dan üzü, axşamüstü,
əzan səsi, Quran avazı, Habilin kamanı nə qədər
qəribdi. Bəli, mənim anlayışımda son dövr
ədəbiyyatımızda Qəşəm Nəcəfzadə qəribliyi var.
Bu o demək deyil ki, o gözdən-könüldən uzaq bir
şairdir. Əsla yox! Ədəbiyyatımızda çox deyilib
Ələsgər sazı, Vurğun havası, M.Müşfiq
çılğınlığı, R.Rza hikməti, Ə.Kərim təbəssümü,
mən də ədəbiyyatımızda indiyə qədər
deyilənlərin sırasına bir birləşmə də əlavə
etmək istəyirəm: Qəşəm Nəcəfzadə qəribliyi.
Onun danışığında, təbəssümündə, yerişində də
bir qəriblik var. Şeirlərinə hopub bu qəriblik
və qəribəlik. Qəşəm Nəcəfzadə seri olduqja
şirindi, yumşaq və həlim, işıqlı və səmimidir.
Onun dil təfəkkürü xalqa söykənir.
Məsələn:
Gözləri ovçu oğlum,
İkili, üçlu oğlum.
Neçə-neçə dostu var,
Deyirlər, hər küçənin tinində,
Bir postu var.
Qolları orağa oxşayan oğlum,
Telefonun yanında yaşayan oğlum.
Mənim fikrimcə, Qəşəm Nəcəfzadənin “Və sairə”
şeirlər kitabı son illərin ən uğurlu
kitablarından sayıla bilər. Sadəcə oxumaq
gərəkdir.
Şəmsi Vəfadar
“Şərq” qəzeti,
13.08.2005
|