|
MƏQALƏLƏRİ
Yalnız öz boyu qədəri
uzaqla tanışdı adamlar
(Səlim Babullaoğlunun şeirləri haqqında esse)
Səlimin şeirləri riyaziyyat qədər həqiqətdir.
Ancaq bu həqiqətin yolu çox uzundu,
isbatına bir ömür belə çatmaz. Bu şeir
riyaziyyatında əsas məsələ qalın bir dəftərin
sonuncu vərəqi deyil, əsas zamandı, bəlkə də
min il, milyon il zaman məsafəsi. Ədəbiyyatda
elə şeirlər var ki, başdan-ayağa yalandı,
yanmış kağız püfəsidir, üfürürsən gedir. Heç
vaxt belə şeirlər dünya qanunlarına əsaslanmır.
Səlimin şeirləri dünyanın fiziki, kimyəvi,
riyazi, ədəbi, məntiqi qanunlarına söykənir.
Hər binanın bir ustası olduğu kimi, bu
şeirlərin də bir yaradıcısı, qurucusu var:
Sən məndən bir az yaraşıqlı
Mən səndən bir az əsəbi...
Sən həssas,
Mən bir az əhlikef
Bir az bədxərc,
Özündənrazı...
Səlimə şeir yazdıran içinin bütövlüyüdür, itmiş
həqiqətin izinin tapılmasıdır. Bu həqiqəti
tapmaq üçün əsas kompas həyatdan gələn
təcrürbədir.
Sən çox yaxşı atasan,
Mənsə pis oğul
Vallah elə belə də olur...
Amma daha keçib, deyəcəyəm:
Sən çox yaxşı baba olacaqsan,
Elə mən də...
Səlimin şeirlərində həyatın qabarıq rəngləri
deyil, hiss edilən, sezilən çalarları yeni
təfəkkür elementləri ilə təzahür edir. Əsəbi
yorğunluq və süstlük içində yaşayan insan bəzən
heç özü də bilmir ki, bu gün onun həyatında
maraqlı olan nədir.
Təzə söz yazsan
Onun təzəliyinə inansan
Sonra da təzə sözlər olmur deyib
gülsən-ağlasan
Görəcəksən ki, sən daha maraqlısan...
O qədər maraqlısan ki,
üzünə gülən sevinci-
-ağladığın kədəri
Başına daş kimi dəyən qaxıncı-
Enməyən qılıncı
Və başqa nələri sevirsən...
Evə əşyalarının yerinn dəyişdirilməsi kimi,
şair həyatın içində də dəyişiklikləri görür və
bu dəyişikliklərə ad qoyur. Poeziya bəkə də adı
olmayan əlamət və keyfiyyətlərə ad qoymaqdır.
Çəlimsiz uşaqları aparmayın orduya
Cəmiyyətin fərari sözüylə minalanmış
zolağına atacaqsınızsa.
Bu şeirdə olduğu kimi bəzən faktın özü şeirə
çevrilir. Sadəcə şairə onu yazmaq qalır.Əşyaların
bir-biri ilə gözə görünməz əlaqələrini, xüsusən
insanalara ingormasiya ötürmələrini prodaksal
şəkildə vermək Səlimin şeirlərinin əsas
stimuludur. Səlim çiynənmiş predmetləri
sadalamaqla mühazirə oxumaqdan yeddi
ağac uzaqdır. Misraların arasındakı zaman və
məna əlaqələrini ədəbi müstəvidə yeni struktur
kimi meydana çıxır.
Sinədaşına qonmuş kəpənəyi tutmaq üçün
Özündən böyük qardaşını səsləyən qızımın
şaqraq səsi yayılır ətrafa
Biz ölüm və başdaşlarının mühasirəsindəykən...
Məncə, poeziya həm də əsəbdir. Səlimin
şeirlərində müasir həyatın əsəb sistemi bütün
orqanik və funksianal potegenizi ilə özünü
göstərir, hadisələri işarələyir, ad qoyur. Və
yaşadığın həyat təzə bir formada sənin qarşına
çıxır. İstər- istəməz bu həyatın əllərinin
sıxırsan.
Yetmış yeddidə ölüb babam
Qızımla eyni yaşdaydım onda; bir az kiçik...
Indi Həmidə və uşaqlar qəbir üstündəyik.
İyirmi doqquz il keçib o vaxtdan, Saray
qəbirstanı böyüyüb:
nənəm də burdadı, babamın yanında, iki ildi ki...
Burda? Yəni harda?
Bu bənddə şerin dramaturuji səhnəsni, hər
şeydən əvvəl hadisənin səhnəsini və bu
səhnədəki obrazları rejissor-şairin yeni
quruluşunda görürsən. Mənə elə gəlir ki, şairin
həyata, hadisəyə müdaxiləsi rejissor stilində
omalıdır.Rejissorluq diapozonu şairin nəfəs
tutumunu artırır və şeir materialına yeni
quruluş verir:
Səfirlik binası.Fəsadı cənuba, ikinci qatda çox
uzun eyvan
Damartək gərilmiş sutunlar saxlayır sağ səmti
çökmüş qranit örtüyü.
Bu görüntülər səhnə quruluşunu xatırladır və
həm də bu səhnədə baş rolda poeziya oynayır.
Səlimin “Oğlumla söhbət” silsilə şeirləri də
dramaturgiya üstündə köklənib. Ədəbiyatımızın
sovet dönəmində uşaqlar haqqında çoxlu şeirləri
yazılib və çox vaxt sosrealizmdən gələn quru
nəsihətçilik, yalançı vətənpərvərlik duyğuarı
təbliğ edilib. At, keçi, tülkü, ayı, qurd, it,
pişik,dəniz, çay anlayışlarından başqa heç nə
verilməyib. 20-çi əsrin əvvəllərində
klassiklərimiz istər dil, istər də məna
baxımından bu mövzuda gözəl əsərlər yaradıbar.Öz
şeirlərinə orjinal quruluş veriblər.Təəssf
doğuran odur ki, bu gün də uşaq şairlərimizin
əksəriyyəti uşaq şeirlərini M.Ə.Sabirin, S.Ə.
Şirvaninin, A. Şaiqin, R.B. Əfəndiyevin, A.
Səhhətin quruluşunda verirlər. Ancaq
müstəqillik dövrü ədəbiyyatında Səlim, mənim
fikrimcə, uşaq şeirimizin yeni mərhəəsini
yarada bildi.Uşaq şeirlərimiz təzə
şair-rejissor quruluşunda göstərildi. Səlimin
uşq şeirlərində uşaq obrazı başdan-ayağa sualdı.
-sən kimsən?
-sənin atan
-bəs Fəridin atası kimdi?
-yoxdu
-nədən?
-...
Və yaxud
-sən nə edirsən?
-şeir yazıram
-şeir nədir?
-ananın oxuduğu laylaya bənzəyir bir az
-anam da yazır?
-yox
-bəs sən niyə yazırsan, oxu da
-...
Yenə bir misal:
hara gedirsən?
-işə
-iş nədir?
-sənin ayaqqabın, çörəyin, pulun və bu kimi
şeylər
-bəlkə getməyəsən...
-...
Yenə də
-Onlar nə edirlər, ata
-Daş yığırlar, balası
-Niyə?
-Bir-birinə atacaqlar
-Niyə?
-Düşməndilər
-Niyə?
-Bir-birini sevmirlər
-Niyə?
-...
Misal gətirdiyimiz şeirlərin mərkəzində uşağın
heyrət dolu sualları dayanıb. Həm də bu
sualların arxasında dillə deyilməyən cavablar
var.Əslində uşağın sualları cavabdı elə.
Səlimin uşaq şeirləri öz səhnə quruluşu,
dramaturuji ovqatı ilə müasir uşaq ədəbiyatımız
üçün çox vaçibdir. Bu seirlərdə dialoqlar sadə
və aydın, sual- cavablar məntiqi və dürüst, dil
lakonik və gözəldir! Həm də bu şeirlərin
mərkəzində sosial problemlər, içtimai bəlalar,
insanliq və real həqiqət dayanir. Uşağın
düşüncəsi cəmiyyətin dərinliklərinə nüfuz edir,
verdiyi suallarda maraqları cavablanır. Məhz bu
baxımdan Səlimin uşaq şeirləri müstəqillik (
90-cı illər) dövrü uşaq ədəbiyyatının əsas
başlanğıcı kimi qiymətləndirilmələdir.
Səlimn şair düşüncəsi bugünki şeirimizdə
parıltılı obrazlarla oynayan və yenilikçi
texnikası ilə bərq vuran mərhələni çoxdan keçib.
Səlim də vaxtı ilə göz qamaşdıran ekspermentlər
eləyib, amma ekspermentlərin içində qalmayib və
bu mərhələni də ustalıqla adlayıb, indi onun
cavan şeiri həyatın dibinə, insan
psixologiyasının dərinliklərinə, ölüm, sevgi,
təbiət qavrayışlarının ən dərin qatlarına
enərək yaşa dolub. Səlim yaxşı heca şeiri
yazaraq sərbəst şeirə keçib. Haqlı olaraq xalq
yazıçısı Anar onu “qarışıq zamanın şairi”
adlandırıb. Bu qarışıq zamanın içində Səlim gün
kimi aydındır.
Heç uşaqları görmürsən:
Dava-dava oynaynda demirəm,
Səbəbsiz-filansız gəlib
Adamın qabağında durmaqlarını
Və demələrini ki, bax, mən ölürəm?
Uzanırlar, gülümsünüb, gözlərini yumurlar
Az sonra gülə-gülə açırlar gözlərini,
Gülə-gülə qalxırlar...
Poeziya həm də odur ki, olub geçənləri, nə
vaxtsa gördüklərini sənə xatırlada bilir.
Həyisə sənə xatırlada bilməyən poeziya orjinal
deyil. Yaxşı yadımdadı, uşaq vaxtı balaca
dostlarımla mən “ölüm-ölüm” oynayırdım.
Səlimin şeirləri “cavan” olmasına baxmayaraq,
onun həqiqəti müəyyən təcrübənin, mütailənin,
həyata diqqətin, seçimli müşahidənin və
müqayisənin, ən əsası milli mənəvi əxlaqi
dəyərlərə malik olmasının, Allaha, insana olan
sənsuz məhəbbətinin sonluğudur. Məsuliyyətlə
deyə bilərəm ki, bu gün “bəh-bəh”lə təriflənən
Səlimin yaşıdı və ondan da yaşlı əksər
şairlərin yaradıcılıq indeksi Səlimin o qədər
də əhəmiyyət vermədiyi və sözgəlişi dediyi
“Şalvarı, köynəyi keçirdib əyninə özünlə
boşluğu doldur” misrasının üstündə dayanıb. Düz
beş-atı ldir müasir şeirimiz bu misranın
dayandığı yer uğrunda vuruşub, əlləşib,
təqdimat keçirib təri flənib. Amma Səlim bu
misranın üstündən asanlıqla kecərək onu
keçmişdə qoyub, başqa bir anlama gəlib çıxıb.
Uzansa susqunluq
Dərd etmə özünə, suyu iç və dinlə səsini sən
suyun;
Dnləmək ən doğru adıdı sukutun...
Burda da dayanmaq olmazdı. Təfəkkürün başqa bir
versiyasına atılmaq gərəkdi.
Insanlar hər gün paltarın çıxarır, yəni ki hər
gün məşq edir eləcə,
Yalnız bir dəfə soyunub geyinir, qarderob ölümə
öyrədir yalnız.
Insan yaddaşsızdı bir az. Poezia yaddaşsız
insana onun bu günü, gələcəyi və
keçmişi haqqında daha cox şeyləri xatırladır
Bir dəfə; arabir, yəni ki bir dəfə özünə göz
vur güzgüdə kədərlə, dil çıxart;
Söylə ki bunları bilirsən, isterik ədayla
axırda çıx get;
Yəni ki körpətək addımla; yalnız bir addım
yerişd,
Sevgili yürüşdü həyata; yəni ki qalanı vərdişdi.
Bu misallarada ifadə olunan xatiratdan özgə
ismi, feli və başqa birləşmələrin ardıcıl
sadalanmaların yaratdğı asiossasya şeirə yeni
bir dramaturuji bir ovqat gətirir.Bu ovqatın
dayandığı yerin zaman və məkan anlayışı indiki
şeirimiz üçün yenidir. İndi oxucu uçün
qızılgülün təsviri və tərənnümü vacib deyil. Ən
vacibi qızılgülün ondan on metr kənarda
dayanmış qaya ilə əlaqəsini öyrənməkdir. Bu cür
əlaqələr Səlimin şeirlərinin əsas strukturunu
təşkil edir.
Yalnız öz çətri boyunca qorunur adamlar yağışda;
Yalnız öz boyu qədəri uzaqla tanışdı adamlar;
Yalnız məzarlıq yanından ötüşən millət vəkili
əvvəl bir anlıq özünü itirir, sonra mandatı,
yalnız sonda səsini; yəni səs verir boşluğa,
yoxluğa.
Boyun uzaqlıqla, millət vəklinin məzarlıqla
əlaqəsi “Rejisorun nitqindən” şerinin tədqiqat
obyektinə çevrilir. Şeirdə həyat bolluğu, onun
dialektik əlaqəsi və həm də bu anlamın ifadə
formulu tamamilə fərqlidir, Sadəcə onu görmək
və görə bilmək bacarığı olmalıdır.Bəzən bizlər
heç bir-birimizi oxumuruq. Giley-güzar,
paxıllıq olan yerdə ədəbiyat ölür. Təpədən-dırnağa
ədəbiyyat əsəbləri ilə dolu olan Səlim həm şair-tərcüməçi
kimi, həm “Dünya ədəbiyyatı” dərgisinin baş
redoktoru kimi, həm də dünyanın ədəbi
təşkilatları ilə əlaqə yaradan bir insan kimi
ədəbiytımız üçün cox önəmli işlər görür. “Dünya
ədəbiyatı dərgisi”nin çıxan sayları və bu
seriyadan işıq üzü görən kitablar, həm də
Səlmin ədəbiyat naminə gördüyü bir çox işlər
bəzən diqqətdən kənarda qalır.Səlimi görəndə
adi təbrik sözü beiə dilimizə gəlmir. Görəsən
niyə? Hərdən bu barədə danışanda Səlim heç nə
demir, sadəcə gülümsünür.
12/05/2007
"525-ci
qəzet"
***
UŞAQ ƏDƏBİYYATININ PROBLEMLƏRİ
Poeziya zamanın bir an ayaq saxladığı yerdir.
Poeziya zamanı bizə hiss elətdirən Allah
möcüzəsidir. Məncə, zamanı ən çox uşaqlar hiss
eləyirlər.
Uşaqlar dünyanın ilk şeiridir. Dünyanın ilk
şeiri olduqları üçün də dünyanı yaxşı duyurlar.
Məsələn, biz ağacdan pəncərə düzəltmək
istəyirik, onlarsa ağacın budaqlarından
yelləncək asmaq fikrindədirlər.
Uşaq atasından soruşur:
– Dənizi kim qazıb, gəmilərin ayağı yerə
çatırmı?
Demək, uşaq dünyanın heyrətidir. Uşağın
heyrətisə onun şeiridir. Demək, uşaq şeiri
uşaqlara dünyanı necə göstərəcəyimiz haqda
deyil, onların dünyanı necə görmələri barədədir.
Təəssüflər olsun ki, çox zaman biz uşaq
düşüncələrinə, duyğularına öz böyük
fikirlərimizi, nitqimizi, dilimizi pərçim
eləmişik. Uşaqları böyük kimi danışdırmışıq.
Uşaq böyük kimi düşünəndə ölür. Beləliklə, bu
günkü uşaq şeirimizin fəlsəfəsi çatmır.
Uşaq şeirində əsas meyarlardan biri dil
məsələsidir. Şeirin dili yumşaq və həlim
olmalıdır. Şeir uşağın dilində yumşaq və rahat
nəfəs almalıdır. Nizamidən bu günə qədər bütün
ədəbi məqamlarda fikir aydınlığı, sözün
semantik mənasına, təfəkkür çevikliyinə dilin
daxilinə nüfuz etmək əsas məqsəd olub. Nizami
heç bir əsərini uşaqlar üçün yazmayıb. Sadəcə
olaraq Nizaminin dövründə və sonralar da
yazılan əsərləri uşaqların yaş mərhələlərinə
görə müəllimlər qruplaşdırıblar və bununla
dərsliklər, məktəblər, qiraətxanalar yaranıb.
Kim deyə bilər ki, Ənvər Məmədxanlının «Buz
heykəl» hekayəsi ancaq uşaqlar üçündür və ya
əksinə. Kim deyə bilər ki, «Od tutub qırmızı
atəşlə yenə yandı üfüq» şeiri ancaq böyüklər
üçündü və ya əksinə. Kim deyə bilər ki,
M.Cəlilin «Saqqallı uşaq», «Poçt qutusu», «Pirverdinin
xoruzu», A.Şaiqin «Məkub yetişmədi» hekayələri
ancaq böyüklər üçündür və ya əksinə. Demək uşaq
və və böyük ədəbiyyatı bölümü ən çox pedoqoji
termindir. Və bu gün uşaq ədəbiyyatınn əsas
problemlərindən biri də böyük və uşaq
ədəbiyyatına kəskin fərq qoymağımızdı.
Uşaqlar ilk dəfə mənsub olduqları xalqın dilini
onun ədəbiyyatı vasitəsilə daha mükəmməl
öyrənir. Şübhəsiz ki, dişləri çıxmayan körpə
çörək yeyə bilmədiyi kimi, təfəkkürü
formalaşmayan uşaq da dediyi sözlərin mənasını
öyrənə biləyəcək. Çünki ona ən əvəl ilıq, aydın
tələffüz olunan sözlər, bir növ təfəkkür
lazımdır. Təfəkkürü isə dil yetişdirir. Məhz
M.Ə. Sabir müəllim olduğu üçün «Uşaq və buz»
şeirini çox aydın, sadə və mənalı, həm də əruz
vəznində yazmışdır. A.Şaiq, A.Səhhət,
R.Əfəndiyev, C.Səbrayılbəyli məktəbdarlıqla
məşğul olduqlarına görə onların uşaq
şeirlərinin dili sadə və aydındır. Bir sözlə,
uşaq ədəbiyyatı ilə məşğul olan şairin pedoqoji
təhsili olması vacibdir.
XIX əsrin sonlarında, xüsusən «Əkinçi»
qəzetinin nəşrindən sonra yeni ictimai fikrin,
habelə uşaqların bədii dünya görüşünün
formalaşması üçün yeni yollar açıldı.
S.Ə.Şirvaninin «Rəbiül-Ətfal», «Tasül-Kütüb»,
Çernyayevskinin Vəlibəyovla birlikdə
hazırladıqları «Vətən dili», R.B. Əfəndiyevin «Uşaq
bağçası», A. Şaiqin «Gülzar», «Milli qaraət
kitabı», «Uşaq gözüyü», A.Səhhətin «Türk
ədəbiyyatına ilk qədəm», Ağazadənin «Məktəb
məcmuəsi», F.Köçərlinin «Balalara hədiyyə»
dərslikləri yarandı və bütün bu dərsliklər
Azərbaycan Pedoqoji tarixinin əsası olaraq,
ictimai fikrimizin formalaşmasında, dilimizin
ərəb və fars tərkiblərindən təmizlənməsində
mühüm rol oynamış oldu.
1906-cı ildə müəllimlərin qurultayından sonra
məktəblərimiz üçün «Dəbistan», «Rəhbər» və «Məktəb»
jurnalları nəşrə başladı. N.Nərimanovun
S.M.Qənizadənin S.S.Axundovun, A.Şaiqin,
A.Səhhətin, M.Mahmudəyovun yaxından köməkliyi
ilə bu jurnallar dilimizin, mənəviyyatımızın
inkişafı yolunda məşəl oldu. Şübhəsiz ki, bu
jurnallarda uşaqların dərk edə biləcəyi və
öyrənəcəyi çox maraqlı şeirlər, hekayələr və
nağıllar çap olunurdu. «Uşaq və buz», «Keçi», «Gəl,
gəl, a yaz günləri», «Can gülüm, can, can», «Dovşan»,
«Durna», «Vətən» və başqa məşhur şeirlər bu
dövrlərə təsadüf edir. A.Şaiqin, A.Səhhətin,
Şaiqin, Mahmudbəyovun uşaq şeir yaradıcılığında
ən başlıca uğurları onda idi ki, onlar xalqın
içərisində məşhur olan və ən çox sevilən mahnı
ritmləri üzərində yazıb yaradırdılar. Bununla
onlar öz şeirlərini xalqın ruhuna yaxınlaşdırır
və bununla da xalq öz içindən çıxan şeyi asan
əzbərləyir və heç zaman da unutmurdu. A.Səhhət,
A. Şaiq və Sabir də bu keyfiyyətlər fitri
istedad olmaqla bərabər həm də bir pedoqoji
ustalıq idi.
Görkəmli şair Çukovski qeyd edirdi ki, uşaqlar
ilk şeir təəssüratlarını anaların onlara beşik
nəğmələri və başqa bu cür nəğmələr oxuduğu
südəmər yaş dövründə alırlar.
Laylay dedim ucadan,
Ünüm çıxdı bacadan,
Tanrı səni saxlasın,
Çiçəkdən, qızılcadan,
Balam layla, ay layla,
Ünüm layla, a layla.
Bundakı ritm xalqın özünün təfəkküründən gəlir.
Ona görə öyrənilməsi, su içmək qədər asandı. «Ç»səslərinin
allerterasiyası şeirin bədii gücünü artırır,
dil, nitq, təfəkkür məsələləri oxucu və
dinləyici tərəfindən asan qavranılır.
Abbas Səhhət də «Quşlar» şeirində sanamalar,
yəni təkərləmələr janrından istifadə etmişdir:
Quşlar, quşlar, a quşlar…
Və yaxud A.Şaiqin «Dovşan» şeiri:
Dovşan, dovşan, a dovşan…
Görüsünüzmü, hər iki şey eyni mənbədəndir, yəni
xalqın yaddaşındandır, sadəcə oyadılıb, dilə
gətirilib. A.Şaiqin başqa bir şeirinə fikir
verək:
Bülbül oxur yuvada,
Gan gülüm, can, can.
Qanad çalır havada
Can gülüm, can, can.
Bu şeir həm sanamalara, həm də xalq havalarının
intonasiyasına yükləndiyi üçün gözəldir və
həmişə yaşardır.
«Dovşan», «Keçi» və «Cücələrim» şeirlərində də
sayaçı sözlərindən, təkrirlərdən, anofora və
epifolardan məharətlə istifadə olunur.
Cip-cip cücələrim
Tükü ipək cücələrim.
Cücələr həm çağırılır, həm də sananır.
«Gəl, gəl a yaz günləri»
(Sanki uşaq əllərini yelləyir)
ilin əziz günləri,
dağda ərit qarları,
(əlini bu tərəfə əyir)
bağda ərit qarları
(indi də bu tərəfə əyir…)
Bu şeirin daxilindəki ritm xalq havasıdır. Ona
görə də klassiklərimiz xalq poezyasına və
təfəkkürünə fitri və ağıllı şəkildə
söykənmişdir.
Rəşid bəy Əfəndiyevin «Durna» şeirinə fikir
verin:
Ay havada uçan durna,
bizi qoyub qaçan durna.
Get xoş gəldin, şəfa gəldin,
Gələcəksən haçan durna?
Nə qədər axıcı, səlis və aydındır. Bu şeir
uşaqlara ana dilini asanlıqla öyrədir. R.B
Əfəndiyevin başqa bir şeiri:
Yaz gələndə yağar yağış,
Otlar uzanar bir qarış,
Qaranquş eylər sifariş:
Mən sizə qonaq gələcəm,
Olsun ki, sabah gələcəm.
Bu şeir:
Piyalələr irəfdədir,
Hər biri bir tərəfdədir,
Görməmişəm bir həftədir,
Yar bizə qonaq ələcək,
Olsun ki, sabah gələcək
Şeirinin melodiyası əsasında yaradılıb, özü də
bilərəkdən, şair özü elə yazıb. Əsərini
ədədiyyətə, xalqın qan yaddaşına etibar eləyib.
Bu misraları ona görə çəkirəm ki, bu günkü uşaq
şeirimiz xalqdan xalqın melodiya və
intonasiyasından uzaq düşüb.
Yenə də Çukovski yazır: «Çoxlu uğursuzluqlardan
və tərəddüddən sonra mən belə qənaətə gəldim ki,
bütün yazıçılar üçün, istər zəif olsun, istərsə
güclü yeganə kompas xalqın poeziyasıdır».
S.Ə.Şirvani, F.Köçərli, A.Səhhət,
C.Məmmədquluzadə, M.Mahmudbəyov, R.Əfəndiyev,
Hüseyn Cavid, S.M.Qənizadə kimi sənətkarlarımız
mənəvi dəyərlərə əsaslanan, xalqın poetik
yaddaşına söykənən dilinə, nitqinə rahatlıq
verən milli dərsliklərimizin əsasını qoymuşlar
və təəssüflər olsun ki, bu milli mənəvi
dəyərlər bolşevik süngülərinə taxıldı. Gözəl
şairimiz M.Müşfiq ilk şeirlər kitabının adını
məcburən «Pambıq» qoydu. Rusiyanın rəzmi olan
qırmızı traktora şeirlər qoşuldu. Süni
vətənpərvərik uşaqların dilinə, nitqinə zorla
pərçim edildi. Elə pərçim edildi ki, oğlu
general Qəzənfər Musabəyovun üzünə durub – sən
Vətən xainisən – dedi.
Bu gün üstümüzdən Sovet ədəbiyyatı terminini
götürmüşüksə, hələ də onun qalıqları ilə
yaşamaqdayıq. Dünyada ən pis şey qalıqlarla
yaşamaqdır.
Ancaq mən uşaq ədəbiyyatımızın bu gününə və
gələcəyinə böyük ümidlə baxıram. Çünki bizim
söykənməyə, əsaslanmağa, öyrənməyə klassik uşaq
ədəbiyyatımız, ən başlıcası uşaq folklorumuz
var.
Bundan əlavə bizim görkəmli sənətkarlarımız
S.Vurğun, R.Rza, S.Rəhimov, M.İbrahimov,
İ.Əfəndiyev, M. Dilbazi, N.Rəfibəyli,
M.Seyidzadə, Ə.Cəmil, M.Rzaquluzadə,
Ə.Məmmədxanlı, Ə.Əhmədova, Ə.Cəfərzadə,
İ.Coşqun, Ə.Kərim, M.Cəlal, T.Bayram, H.Ziya,
Ə.Qasımov, E.Baxış, İ.Məlikzadə kimi görkəmli
sənətkarlarımız elə bir uşaq ədəbi irsi qoyub
getmişlər ki, onların əsərlərinə könül
söykəməklə, folkloru bilməklə uşaq
ədəbiyyatımızın taleyini müəyyənləşdirmək olar.
Bu ədəbi nəsillə yanaşı B.Vahabzadə, Elçin,
Anar, H.Abbaszadə, N.Xəzri, Q.İlkin, F.Sadıq,
A.Vəfalı, F.Qoca, İ.Tapdıq, N.Həsənzadə,
Ə.Əylisli, Qabil, V.Babanlı, X.Əlibəyli,
M.İsmayıl, M.Aslan, Z.Xəlil, Ə.Səmədli,
Ç.Əlioğlu, Qərib Mehdi kimi sənətkarlarımız
həyatlarının müxəlif məqamlarında dəyərli uşaq
əsərləri yaratmış və bu gün də bəziləri
mütəmadi olaraq uşaq ədəbiyyatı ilə
məşğuldurlar.
Müasir uşaq ədəbiyyatını 3 ədəbi növ üzrə, uşaq
şeiri, uşaq nəsri, uşaq ədəbi tənqidi ilə
qruplaşdırmaq olar ki, burda da əsas məsələ
kəmiyyət eyil, yəni nə qədər əsər yazılması
deyil, başlıca meyar bədiilikdir.
Son 5 ildə yaranan uşaq əsərlərində bəlkə də
müharibə şəraitində yaşadığımıza görə
publisistika üstünlük təşkil edir. Küllü
miqdarda şeirlər var ki, təpədən dırnağa
publisistikadır, özü də zəif publisistika.
Son 5 ildə orta yaş nəslinə mənsub olan
Q.İsabəyli, Ə.Quluzadə, R.Yusifoğlu, P.Qəlbinur,
V.Bəhmənli, M.Alim, Ə.Əlioğlu, A.Əlizadə,
Ş.Xəlilli, Ə.Mədətoğlu, Ə.Əsgəroğlu,
M.Köhnəqala, A.Şirin, Ə.Ol, A.Səməd onlardan
bir az gənc olan S.Hüseynoğlu, S.Babullaoğlu,
S.Nuruqızı, A.Bunyadzadə, Nisə Bəyim, Ə. Salman,
Ş.Sahibli, D.Sevgin, E.Atalı, F.Tahirli,
F.Balabəyli, M.Mirhəşimoğlu, Ş.Vəfadar, Gülzar
İbrahimova son dövr çap olunmuş uşaq kitabları
ilə və ya «Göyərçin», «Savalan», «Günəş»,
«Elli» jurnallarında, «Cik-cik», «Elin gücü», «Tumurcuq»
və digər uşaq mətbuat orqanlarında, həmçinin «Ulduz»
jurnalında, «Ədalət», «Yeni Azərbaycan» və «Kaspi»
qəzetlərində çap olunan şeirləri ilə ədəbi
ictimaiyyətin nəzər-diqqətini cəlb etmişlər.
Tanınmış şair, füzulişünas alim Ayaz Vəfalı həm
böyüklər, həm də uşaqlar üçün maraqlı şeirlər
müəllifidir. Uşaq dünyasını dərindən duyan şair
təkcə uşaqların iç dünyasını deyil, həm də
ata-anaların övladlara olan sonsuz sevgisini
çox səmimi şəkildə tərənnüm edir.
Şair qızlarına müraciətlə:
Nə qədər körpəsiniz,
Yazım nə sözünüz var.
Böyük qız olanda siz
Sonra yadımdan çıxar.
Deyərək bütün ataların hiss və duyğularını
məhəbbətlə qələmə alır.
İstedadlı şair və naşir Qəşəm İsabəyli son 5
ildə uşaqlar üçün «Ay külək, nə əsirsən?» yeni
şeirlər kitabını və «Ü» nağıl povestini təkrar
nəşr etdirib. Eyni zamanda müəllif «Ulduz»
jurnalı və uşaq mətbuat orqanlarında «Elnur
Əkil və onların başına gələnlər» nağılını və
uşaq həyatından bəhs edən müxtəlif səpkili
şeirləri balaca oxucuların ixtiyarına verib.
Sevindirici haldır ki, Qəşəm İsabəyli bir naşir
kimi «Şirvannəşr» nəşriyyatında silsilə uşaq
ədəbiyyatı çap edərək, balaca oxucuları
sevindirib. «Çik-çik» uşaq qəzeti də onun
rəhərliyi altında öz səhifələrində körpə
fidanlara hər ay geniş yer ayırır.
Tədqiqatçı alim, professor, gözəl şair, uşaq
ədəbiyyatının yorulmaz təbliğatçısı Zahid Xəlil
ötən 5 il ərzində həm televiziyada, həm
pedoqoji fəaliyyətində uşaq ədəbiyyatının ən
gözəl incilərini üzə çıxarıb. 2002-cı ildə «Dünyanın
balaca nağılları» kitabı çap olunub. Eyni
zamanda Füzuli Əsgərli 2003-cü ildə Zahid
Xəlilin yaradıcılığı ilə bağlı yazdığı «Sənətkarın
uşaq dünyası» kitabını çap etdirərək,
sənətsevərlərin ixtiyarına verib. Onu da deyim
ki, Zahid Xəlilin yaxından köməkliyi
nəticəsində «Elmin gücü» adlı bir qəzet çıxır
ki, burada da orta məktəb müəllim və
şagirdlərinə metodiki kömək vasitəsi kimi dünya
ədəbiyyatından seçmələr verilir. Zahid müəllim
hal - hazırda «Orxan və onun dostları» romanı
üzərində işləyir.
«Göyərçin» jurnalının baş redaktoru, istedadlı
şair və alim Rafiq Yusifoğlu son 5 ildə çox
gərgin və məhsuldar yaradıcılıq yolu keçmişdir.
Ali və orta ixtisas məktəbləri üçün uşaq
ədəbiyyatı dərsliyi, uşaqlar və böyüklər üçün
bir neçə şeir və nəsr kitabları nəşr etdirib. «Söz
çəməni» kitabında sait və samitlərə, nitq
hissələrinə, cümlə üzvlərinə, durğu işarələrinə,
«Günlərimiz, aylarımız» kitabında günlərə,
aylara yazdığı şeirlər ibtidai sinif
şagirdlərinin həm Azərbaycan dilinin
qramatikasının, həm də əlamətdar gün və ayların
öyrənilməsi üçün ədəbi-bədii vasitədir. «Sual»
şeirində olduğu kimi:
Yorulmur hey soruşur,
Deyingən bir qarı tək.
Ona cavab verməyə
Sözlər tapasan gərək.
Sual işarəsinin forması, daxili əlamət və
keyfiyyətləri, ədəbi-bədii lövhələrlə uşağa
çatdırılır. Uşağın idrak və təfəkkürünü,
mənimsəmə qabiliyyətini surətləndirir. Əslində
bu cür əlamətlərlə tanıma və qavrama uşaq
şeirlərinin mayası R.Rzadan gəlir. Bu da təbii
haldır. R.Rzanın «Şanapipik» şeirinə fikir
verək:
Şanapipik, şanapipik
Alabəzək, qara kiprik
Üstü-başı zolaq-zolaq
Balacaboy, nəzik ayaq.
Əlli yaşını yenicə ötmüş istedadlı şair Ələmdar
Quluzadə həm uşaqlar, həm də böyüklər üçün
maraqlı şeirlər yazır. Son dövrdə onun «Göyərçin»,
«Günəş» jurnallarında orjinal uşaq şeirləri
dərc edilib. Ə.Quluzadə uşaq xarakterini, onun
daxili düşünclərini dərindən bilən şairdir.
Aşağıdakı şeirində maraqlı bir məqamı
nəzərinizə çatdırmaq istəyirəm.
Mağazaya gəldi Gülər:
– Əmi, mənə çörək ver,
Bir də dəftər.
– Buyur, qızım.
– Bəs saqqızım?
– Saqqız üçün
Pul qalmadı.
– Əmi, deyən düz olmadı
qoy çörək də,
qoy dəftər də burda qalsın.
İndi elə hesabla ki,
Saqqız üçün xırda qalsın.
Evlərinin yanındakı dükanlara gedən uşaqların
həmişə gözü xərclənən puldan geri qayıdan
xırdadadır. Bu təbii, poetik məqami şairin
alıcı gözləri göydə tutub.
Xalq yazıçısı Elçin «Azərbaycan uşaq ədəbiyyatı»
məqaləsində yazır: «Zaqreb Simpoziumunda Rumun
yazıçısı Tiberd Utaq bir hadisə danışdı. Mənim
dostumun qızı televiziya ilə göstərilən
olimpiya oyunlarına baxırdı. Gimnast
Konsilyaçinin çıxışından sonra qız atasına dedi:
«Ata, bu qız gözəl quş ola bilərdi…» Elçin elə
oradaca haqlı olaraq qeyd edir ki, məncə, bu
gözəl misaldır. Bu kiçik və işıqlı bənzətmə bir
daha sübut edir ki, xüsusən «uşaq ədəbiyyatının
estetik simasından çox şey asılıdır».
Həmin uşağın təfəkkür qanadları daim əşyalar
üzərində qanad çalır, nəfəs alır, dəyişir,
kiçilir, həm də böyüyür.
Sevimli şairimiz Fikrət Sadığın uşaq
yaradıcılığı öz təbiiliyi ilə seçilir. Onun «Sehirli
əlifba» kitabı balaca oxucular üçün çox gözəl
əyani vəsaitdir. F.Sadığın şeirlərindəki
sonluqlar uşağın başına gələn hadisənin ümumi
nəticəsindən doğur:
– Bəs bu nədir?
– Bu quşlur.
– Niyə bura qonmuşdur?
– Dən yeyirdi.
– Dən nədir?
– Mən də görə bilmədim
quş hamsını dənlədi.
Burada ədəbi fakt, ədəbi hadisə var. Ala dağdan,
qara dağdan gələn söz yığını yoxdur.
Bu günkü uşaq şeirimizdə göz acışdıran yalandan
uşaq güldürmək, sevindirmək istəyi kimi
işıldayan ifadələr, tükrürpədici pafos,
uşaqları böyük kimi danışdırmaq, yalançı
vətənpərvərlik duyğuları süni şəkildə baş alıb
gedir. Uşaqların dünyagörüşünə, duyğu və
düşüncələrinə süni maska taxmaq, onları daim
odlu-alovlu, qalib göstərmək özündən adam
düzəltmək kimi şeylərdir. Uşaq həmişə beş ala
bilmir, iki alan bir uşağın kədəri, qorxaq bir
uşağın həyəcanı daha təbiidir, daha gur –
guruldayan, nər – nərildəyən şeirlərin əzəməti
məsum uşaqların üzünə taxılmış maskadır.
Əslində bu maska müəllifin özüdür.
Təsadüfi deyil ki, xalq şairi R.Rza 1967-ci
ildə çap olunmuş «Mənim fikrimcə» kitabında
haqlı olaraq yazır ki, həyat hadisələrin nə
şəraitdə, nə zaman ortaya çıxması haqqında son
dərəcə inandırıcı və gözəl material verir.
R.Rza haqlıdır. Həyatın özünü şeirə gətirmək
lazımdır. Ona əl vurdunsa, uçulub-dağıtdısa,
daha heç nə.
Özünəməxsus ədəbi dəsti-xətti olan Sərvaz
Hüseynoğlu son illər uşaq şeirimizin maraqlı
nümunələrini yaratmışdır. Onun uşaq şeirləri
sadə, oynaq, lakonik yığcam və mənalıdır.
Sərvaz uşaq aləminə enməyi, onunla qaynayıb
qarışmağı, düşündüklərini və müşahidə
elədiklərini uşaqların zövqü, təfəkkürü boyuna
ustalıqla biçməyi bacaran şairlərimizdəndir. O
uşaq şeirlərində rəsmə, görüntüyə daha çox
diqqət yetirir. Bu mənada onun uşaq şeirləri
tablonu xatırladır:
Tamaşadı, baxanların
gözü doymayır
dəcəl dolu özü çalıb,
özü oynayır.
Ədalət Əsgəroğlunun son illər çap olunmuş «Böyürtkən
kolu», «Elşadın dəcəlliyi», «Aytəkin və Günəş»,
«Xəzər», «Zirvələr» və başqa şeirləri müasir
uşağın esetik zövqünün məhz təbiət parametləri
ilə üzvü surətdə bağlanmasını göstərir.
«Böyürtkən kolu» şeirində İftixar böyürtkən
yemək istəyir. Elə birini yeyən kimi tikanlar
onu cırmaqlayır. İftixar ağlasa da, qışqırsa da,
tikanlar onu buraxmır, nəticədə köynəyi cırılır:
Dartındı, köynəyini,
Cırdı düz ortasından.
Tək bircə böyürtkənin,
Hayfını çıxdı ondan.
Məncə, maraqlı lövhədir.
Sevinc Nuruqızı son illərdə çıxan 2 toplusu,
«Çərpələng, sarı qız», «Düz və vız» kitabları
ilə balaca oxucularını sevindirib. Məncə,
Sevinc 2 kitabı çıxmasına baxmayaraq, hələ də
çox şeirlərində 70-80 – ci illərə mənsub olan
əlamətlərlə əlləşir. Bəzən elə naşılıq edir ki,
təbiilik tamamilə pozulur. «Alma ağacı» şeirinə
fikir verək:
Kamran ərklə söylədi
Alma ağacı, salam.
Küskün ağac dilləndi
Yox halım, salam alam.
Əvvəla, Kamranla ağac arasında olan bu cür
münasibət qeyri- səmimidir. Uşaq ağacla belə
danışmaz və ağac da ona bu cür savab verməz. Bu
şeirdəki metofora uğursuzdur. İkincisi, müsbət
keyfiyyətləri zorla obrazın canına doldurmaq
olmaz.
Bu il Dayandur Sevginin «Mən bilmirəm ayılığın
yolunu» adlı yeni şeirlər kitabı işıq üzü
görüb. Topluya şairin uşaqlar üçün yazdığı
şeirləri də daxil edilib. Bədii obrazlığa,
yüksək əxlaqi keyfiyyətlərə, zəngin dilə malik
olan aşağıdakı şeir ata-övlad məhəbbətini
səmimi şəkildə oxucuya çatdırır.
Ay nurundan pay alıb,
Ay kimi təmiz balam!
Saçları xurmayıdı,
Gözləri dəniz balam!
Etiraf etməliyik ki, uşaq şeiri yazmaq çox
çətindir. Belinski deyirdi ki, uşaq şairi olmaq
lazımdı. Vaxti ilə uşaq olmaq çətindir deyən
tənqidçi Allo Marçenko ilə mübahisə edən
S.Mixaylov, M. Trilyayeva və L. Razqon birlikdə
məqalə yazaraq deyirdilər ki, Allo Marçenko ilə
razılaşmaq olmaz. Uşaq olmaq, xoşbəxt olmaq,
şən olmaq, şirin olmaq deməkdir.
Xalq yazıçısı Elçin «Azərbaycan uşaq
ədəbiyyatı» məqaləsində üçlüyün arqementlərinə
qarşı öz haqlı sualını qoyur: «Məgər uşaq
çətinliyi məfhumunun özündə uşaq xoşbəxtliyi
yoxdurmu? Bəli, uşaq xoşbəxt olmaqla, şən
olmaqla, şirin olmaqla bərabər, həm də
çətindir».
Yenə də Elçinin haqlı sözü: «Uşaqlar üçün
yazmaq da çətindir» və Elçinin haqlı nəticəsi:
«lakin bədii çətinlik olmayan yerdə bədii
qələbə də yoxdur».
Ötən beş ildə yaranan uşaq ədəbiyyatımıza nəzər
salanda aydın bir həqiqəti olduğu kimi dərk
edirəm. Uşaq ədəbiyyatı yaranır. Amma XX əsrin
əvvəllərində yaranan xalq təfəkkürünə söykənən
ədəbiyyata hələ çata bilmir. Elə bil ki, uşaq
şeirimizin əsas hissəsi on illiklər ərzində
hadisələri eyni cür təqlid edir, obraza eyni
əlamət və xüsusiyyətlər verir. Elə bil 90-cı
illərin uşaqları 70-80-ci illərin uşaqlarıdır.
Uşağın topu, ata-anası, bacı-qardaşı, dağ-daş,
ot-çiçək, ay, günəş, it-pişik və ətrafımızı
bürüyən əşya və canlılar uşaqlara eyni üslubda
təsir edir və uşaqlar da onlara eyni prizmadan
münasibət göstərirlər, elə bil heç nə dəyişmir.
Görəsən uşaqlar dünyaya onilliklər boyu eyni
baxışlarlamı baxacaqlar? Şübhəsiz, uşaqlar
elektron, İnternet zamanında yaşayırlar. Elə
bil şeirimizdəki uşaqların təfəkkür hərəkəti
hələ sabitdir. Onlar hələ dünyaya çıxmağa
qorxur. Şairlərimiz onların iç dünyalarına,
düşüncələrinə ictimai sosial məzmun verməlidir.
Mənə elə gəlir ki, bu məsələ gecikir. Görkəmli
türk şairi İsmayıl Uyaroğlunun neçə illər
bundan qabaq yazdığı uşaq şeirlərinə diqqət
yetirsək bu məzmunu aydın görərik:
Qar qardaş,
Atamın pulu yox
Mənə palto ala…
Nə olar, məni anla.
Artıq bu şeirdə sosial problem səciyyə daşıyır.
Uşaq hiddətlənir. Məgər bizdə hiddətlənən kasıb
uşaq yoxdurmu?
Yenə həmin şeirdən:
Mənim üçün doğ, günəş,
Küçəyə çıxarmır anam məni
Sən olmasan.
Uşağın acı taleyi artıq böyük poeziya
nümunəsidir. Bəzən bizim uşaq şeirlərimizin
əksəriyyətində zəif və bayağı təsvirlərlə
xoşbəxt uşaq obrazı yaradılır. Yuxarıda
göstərdiyimiz şair isə kasıb bir uşağın
timsalında poeziya nümunəsini ortaya qoyur.
Ədəbiyyatımız üçün bizə ikincisi lazımdır.
Bəzən bizdə kütləvi şəkildə qorxmaz, döyüşkən,
hər şeydən başı çıxan kollektiv uşaq obrazları
bu gün də Qarabağı almağa hazırdılar. Hələlik
bu fikir uşağın öz yaşının düşüncəsi deyil. Bu
yaşlı bir şairin zorla uşağın qəlbinə, dilinə
pərçim elədiyi və guya bununla da cəmiyyətdə
vətənpərvərlik işinin çox mütəşəkkil getdiyini
göstərmək faktıdır.
Murad Köhnəqalanın 10 avqust 2001-ci il tarixdə
«Yeni Azərbaycan» qəzetinin ədəbiyyat
əlavəsində 3 uşaq şeiri dərc olunub. Bu
şeirlərin gözəlliyi və orjinallığı orasındadır
ki, xalq ruhunda yazılıb. Murad burada
qeyri-adi bir şey kəşf eləməyib. Sadəcə olaraq
folklordan bəhrələnib:
Yatanda tərli oğlum,
Kitab dəftərli oğlum,
Sabah-sabah durubdu,
Vərəqlərin cırıbdı.
Lay lay, Laay lay
Di yat dana
İndicə səni qaldırıb yerə vuracam
Yoo, Yoo,
Sənnən döyüləm, sənnən döyüləm,
Pişik göynən gedir, onnanam,
Ay pişik, get balam yatsın.
Muraddan daha fərqli üslubu olan gənc şair
S.Babullaoğlunun 2002-ci ildə «Yeni Azərbaycan»
qəzetinin ədəbiyyat buraxılışında dərc edilmiş
«Oğlumla söhbət» şeiri müasir uşaq şeirimizdə
tamamilə ayrı bir xətdir. Deyək ki, Murad
birbaşa xalqdan öyrəndi. S.Babullaoğlunun şeiri
isə xalqdan bəhrələnməklə bərabər, səlis
Azərbaycan dilində bizimlə danışan yeni Avropa
düşüncəsidir, Ya da min il bundan qabaqkı öz
düşüncəmiz, daha dəqiq desəm Dədə Qorqud
zamanın bədii içidir:
– Sən kimsən?
– Sənin atan.
– Bəs Fəridin atası kimdi?
– Yoxdu.
– Nədən?
– …
Bu şeir də H.Cavidin «Məktəbli qız» şeiri kimi
qədimdir. Qədim olduğu üçün müasirdir. Keçmiş
olduğu üçün gələcəkdir.
Yenə Səlimin şeirində:
–
Ata, Allah kimdi?
– O səni, ananı, babanı,
nənəni, hamını yaradıb.
– Səni də?
– …
Və yaxud:
–
Onlar nə edirlər, ata?
– Daş yığırlar.
– Niyə?
– Bir-birinə vuracaqlar.
– Niyə?
– Düşməndirlər.
– Niyə?
– Bir-birini sevmirlər.
– Niyə?
– …
Əslində uşağın suallarının hamısı ən tutarlı
cavablardır. Atanın savabı isə sual… Uşağın
suallarında müasir sivilizasiya yerləşib.
Ötən beş ildə uşaq nəsri və dramaturgiyası da
xeyli inkişaf yolu keçib. Hüseyn Abbaszadənin,
İsmayıl Vəliyevin, Əli Səmədlinin maraqlı
kitabları, dövri mətbuatda isə hekayə və
nağılları çap olunub.
Bu dövrdə ən məhsuldar nasirimiz Əli Səmidli
«70 ilin sevinci», «Çinarlı şəhərim»
kitablarını çox nəfis şəkildə nəşr etdirib,
körpə fidanlarımızın ixtiyarına vermişdir.
Bundan əlavə Əli Səmədli dövrü mətbuatda uşaq
hekayələri, nağılları və publisistik yazıları
ilə çıxış edib. Uşaq ədəbiyyatımızın təbliğ
olunmasında əlindən gələni əsirgəməyib.
Qurultayqabağı uşaq kitabxanalarında bir sıra
tədbirlər keçirib və mən də xoşbəxtəm ki, həmin
görüşlərin işirakçısı olmuşam.
İstedadlı yazıçı Aygün Həsənoğlunun ötən 5 il
ərzində «Şəkər villası» qəzetində «Küsəyən
dişlər», «İki damla yaş», «Şar» nağılları dərc
edilib. «Oxu bülbül və yaxud hər kəsin öz
nəğməsi» əsəri gənc tamaşaçılar teatrında
səhnəyə qoyulub. Bu dövr ərzində Aygün xanım
«Səməni», «Xallı kəpənək», «Qara sandıq» dram
əsərlərini yazıb. «Səməni» dramını
səhnələşdirilməsi üçün Gənc Tamaşaılar teatrına
təqdim edib. Aygün Həsənoğlunun nağıl və
hekayələrində, dramlarında ədəbi-bədii
sujetlər, orjinal uşaq taleləri diqqət çəkir.
Aygünün başqa bir yaşıdı Aygün Bünyadzadə
özünəməxsus nağılları, tərcümələri ilə xeyli iş
görüb. Tofik Mahmud adına mükafata layiq
görülüb. Aygün «Şəkər villası» qəzeində,
«Günəş», «Göyərçin», «Elli» jurnallarında
ədəbi-bədii uşaq əsərləri ilə fəal ıxış edrək,
artıq öz imzasını istedadlı bir nasir kimi
təsdiqləyib. «Qar dənəcikləri necə yarandı»,
«Küçüklərin məcaraları», «Necə oldu ki,
fəsillər meydana gəldi», dünyanın səfil
uşaqlarına həsr olunmuş «Küçə fənəri» bu illər
ərzində balaca oxucuların ixtiyarına verilib.
İstedadlı yazıçı Şəlalə Əbil son üç ildə
«Sonradan sonra», «Teorem» kitablarını çap
etdirməklə yanaşı, «Ulduz», «Azərbaycan»
jurnallarında, «Ədəbiyyat qəzeti», «Ədalət»,
«Yeni Azərbaycan» qəzetlərində maraqlı
hekayələri ilə çıxış etdi. Nasirin
yaradıcılığında qadın və uşaq obrazı yeni
estetik dəyərlərlə üzə çıxdı. «Ala çatı»
hekayəsində dişi qaşınanda həmişə bələyinin
bağını dişinə çəkməyə adət etmiş körpə bir gün
ala çatıya oxşayan ilanı dişinə aparıb sıxır və
ilan onu çalır. Beləliklə, həyatla uşağın ilk
tanışlığı başlayır. «İtki» hekayəsində itən
nədir? Atasının iş yerinə gedən Murad əlini
atasının işlətdiyi kraskaya bulaşdırır ki,
qonşusu Kərəmi heyrətləndirsin. Lakin ailəyə
pul lazımdır. Muradın atası başı daz xozeynə
boyun bükərək əvvəlcədən pul verməsini xahiş
edir. Xozeyinsə kobuddur. Elə bu an Murad
əlində atasının əlinin əsdiyini və əsə-əsə
kiçildiyini görür. O, dərk etdi ki, nəsə
itirdi. Ona görə də evə çatan kimi hirslə əlinə
yaxdığı kraskanı qoratmağa çalışır.
Təəssüflər olsun ki, müasir ədəbiyyatımızda
uşaq ədəbi tənqidi yox dərəcəsindədir.
Bir neçə kəlmə də ibtidai sinif dərsliklərində
gedən uşaq əsərləri barədə; ibtidai uşaq
dərsliklərinə vətənpərvərliyin təbliği xatirinə
çox zəif şeirlər salınıb. Bu da uşaqlarda
rabitəli nitqin inkişafına çox mənfi təsir
göstərir. Professor Y Kərimovun tərtib etdiyi
3-cü sinfin oxu dərsliyində Nizami Paşa
Saraclının «Bakı-Təbriz-Ankara» şeiri verilib:
Bilir dost, bilir yağı,
Durublar sacayağı
Bir-birinin dayağı
Bakı-Təbriz-Ankara.
Burada şagird hansı ədəbi mətləbi anlaya bilər
və bu şeir şairin öz kitabında olsa yenə başqa
məsələ, təəssüflər olsun ki, balalarımızın
dərsliyindədir. Bu şeirin yerinə publisistik
bir yazı olsa daha yaxşıdır, nəinki bu cür
mənasız söz yığını.
Y.Kərimovun tərtib etdiyi 2-ci sinfin oxu
dərsliyində M. İsmayılın «Dünya bizim
evimizdir» şeirindəki qafiyəsizliyi görən kimi
şagirdlər çaş-baş qalırlar. Böyüyəndə yanlışlıq
ömür boyu onları tərk etməyəcək:
Böyüklər, əl-qol (at)mayın,
Xəyanətə yol (aç)mayın,
Siz üsündə (dalaş)mayın,
Dünya bizim evimizdir.
Uşaq dərsliyində hər şey düz olmalıdır.
N.Kazımovun 4-cü sinif üün tərtib etdiyi
dərslikdə Nazir Nəcminin «Qadın əlləri» şeiri
başdan-ayağa sözcüklərdən ibarətdir. Şair qadın
əllərinə müraciətlə deyir:
Şimşək olursunuz uca dağlardan,
O vaxtkı dağları endirirsiniz.
Bu nə deməkdir?
Heç bir fikir bildirməyən bu misralardan
şagirdlər görəsən nə anlayırlar? Yenə həmin
dərslikdə Eldar İbrahimin «Şəhid Nəğmələri»
şeirində «Ağı deyir necə səs» misrası uyarında
deyil. Səs ağı deməz. Həmin şeirdən başqa bir
misal:
Cənazələr yol edir,
Bir-birindən qüdrətli,
Güclü çiyinlər üstə.
Qüdrət çiyinə şamil edilə bilməz. Bax, burda
uşaq çaşır, zövqü korlanır, sonradan onun şeir
zövqünü formalaşdırmaq çətin olur.
İndiki zamanda çox vacib ədəbi sahələrdən olan
uşaq ədəbiyyatına göstərilən qayğı yetirəncə
deyil. Kimdən uşaq şeirinin əhvalını xəbər
aldım, kefi pozuldu. Qayğısızlıqdan gileyləndi.
Bebəliklə, sözümün sonunda müasir uşaq
ədəbiyyatımızın əsas problemlərini aşağıdakı
kimi qruplaşdıra bilərəm:
• Bu günkü uşaq şeiimiz xalq ruhundan, xalqın
intonasiyasından uzaq düşüb. Uşaq şeirimiz
folklora qayıtmalıdır. Və təbii şəkildə uşaq
düşüncələrinə ictimai-sosial məzmun
verilməlidir;
• Ən böyük problemlərdən biri də uşaq və böyük
ədəbiyyatının arasında kəskin fərq
qoyulmasıdır. Bu fərq pedoqoji tərəfi
saxlanılmaqla aradan qaldırılmalıdır;
• Bugünkü uşaq şeirimizin fəlsəfəsi çatmır.
• Bugünkü uşaq ədəbiyyatımızın dili bərbad
vəziyyətdədir. Ədəbiyyat hər şeydən əvvəl canlı
dildən ibarətdir;
• Bugünkü uşaq əəbiyyatımız folklordan
qidalanıb dünyaya çıxmalıdır. Müasir dünyanın
məzmununu şirə kimi canına çəkib, canlı danışıq
dili ilə uşaqlara çatdırılmalıdır;
• Ən ciddi problemlərdən biri də uşaqları böyük
kimi danışdırmaqdır. Uşaq uşaq kimi
düşünməlidir;
• Süni vətənpərvərliklə üfürülmüş kütləvi uşaq
obrazlarına son qoymaq lazımdır. Uşaq
ədəbiyyatımız öz ilkinliyinə, təbiiliyinə
qayıtmalıdır;
• Uşaq yazıçısına, ədəbiyyatına xüsusi qayğı
olmalıdır;
• Tarixi qəhrəmanlarımız, itirdiyimiz yer-yurd,
torpaq, çay, dağ – bir sözlə Dərbənd, Göyçə,
Təbriz, Borçalı, Qarabağ, Göyçə gölü, Zəngəzur,
Qərbi Azərbaycan haqqında, S.Vurğun, R.Rza, Ə.
Kərim, İ Əfəndiyev və başqa sənətkarlarımız
haqqında qısa, maraqlı hekayələr yazılmalıdır;
• Əsas problemlərdən biri də oxucu problemidir.
Bu gün uşaq mətbuatının orta məktəblərdə
oxucusu yoxdursa, deməli, biz oxucu
yetişdirmirik, deməli, gələcək ədəbiyyatımızı
oxuyan olmayacaq. Bu məsələ ilə ciddi məşğul
olmaq lazımdır;
• Bizdə uşaq ədəbi tənqidi yoxdur. Alimlərimiz
bu sahəyə xüsusi diqqət yetirməlidirlər;
• Uşaq ədəbiyyatının çapı məsələsi hamımızın
ürəyini göynədir. Hörmətli Anar müəllim, nə
yaxşı ki, sizin gərgin əməyinizin nəticəsində
xalqımızın ən böyük arzusu həyata keçdi. Cənab
Prezident İlham Əliyev 2004-cü ildə Azərbaycan
dilində latın qrafikası ilə çapı nəzərdə
tutalan əsərlərin siyahısını təsdiq elədi və nə
yaxşı ki, həmin siyahıda uşaq ədəbiyyatına
geniş yer ayrılıb. Belə ki, bu ildən balaca
oxucularımız, elə böyüklərimiz də A.Səhhətin,
A.Şaiqin, Sabirin, S.S.Axundovun seçilmiş
əsərlərini və Azərbaycan uşaq antologiyasını 3
cilddə oxuya biləcəklər.
Məncə, uşaq şeiri şairin ilhamının əsas
göstəricisidir. Yalançı pafos, süni
qəhrəmanlıq, sözçülük ona yaddır. Böyük
poeziyanın əsas təməli uşaq təbəssümünə, uşaq
yalvarışına, uşaq təmizliyinə söykənir. Sözümü
İsmayıl Uyaroğlunun aşağıdakı şeiri ilə
itirirəm:
Hər silah ayrı bir səslə partlar:
Tapança: dann,
Tüfəng: bumm,
Top: gumm,
Bomba: bomm…
Amma öldürdükləri körpələr
Harasında olursa dünyanın
Eyni ağrıyla bağırar:
– Ah…
Gəlin bu «ah»ların qeydinə qalaq…
Qəşəm Nəcəfzadə
“Ədəbiyyat qəzeti”
06. 02. 2004
***
ƏLİ KƏRİMİN «İLK SİMFONİYA»SI
Əli Kərimin ilk simfoniyası insan qəlbinin ən
dərin qatlarına nüfuz etmək və insanın gündəlik
həyatında, iş və hərəkətlərində, duyğu və
düşüncələrində ən kiçik mikroskopik cizgiləri
özünəməxsus sənətkar dəqiqliyi ilə aşkar etmək
və onun poetik obrazını yaratmaq unudulmaz
şairimiz Ə.Kərimin yaradıcılığında gündəlik
hadisəyə çevrildi və Ə.Kərim harda, necə
yaşayırdısa, sevgiyə, insana, ətraf mühitə necə
baxırdısa bu yaradıcılıq meyarı onu tərk
etmirdi. Şair bütün yaradıcılığı boyu
hadisələrin, əşyaların içini, daxili aləmini
izləyirdi.
Məhz onun «İlk simfoniya» adlı poeması da
insanın mənəvi aləminin gözəgörünməz hallarının
obyektiv sənətkar və zaman məsələlərinin, həm
də bu proseslərdə üzə çıxan insanın sənət
tərbiyəsinə yönəldilən nurlu bir qəlbin işığını
təşkil edir. Poemada bəstəkar İlhamın
«Damcılar» əsərinin poetik tərkibi hələ kənddə
yaşadığı zaman malın qabağına çıxarkən, quzeydə
əriyən qarın sıra-sıra damcılarının poetik
müşahidəsindən və həm də bundan qabağa xalq
arasında «dama-dama göl olar» məsəlindən doğur
və bu gün İlhamın yaradıcılıq süzgəcindən
keçərək, özünün milli kökü, qüruri ilə zaman və
dinləyicilər qarşısında imtahan verib bərait
qazanır.
İlham yazır, yaradır «Damcılar» əsərini,
İlham susur, oxuyur, gen açır əllərini,
Damcı damçıya çatdı,
Damcı dərya yaratdı
Damcı coşdu, çağladı
Kür oldu, Araz oldu.
Dayaz hisslərin, bayağı mahnıların müəllifi
olan Azad təpədən-dırnağa İlhamın əksi olaraq,
o qədər də dərin musiqi zövqü olmayan
dinləyicilərin müvəqqəti başını aldadır. Haqlı
olaraq müəllif İlhamın dilində Azadı hay-küyçü,
ucuzluğun, dayazlığın sinonimi kimi
səciyyələndirir və Azadın sənətinə pərəstiş
edən Nigar çox asanlıqla «ucuz», «dəyaz»,
«hay-küy» sözlərinin içərisində öz «Azad»ını
tapır.
Yaxşı ey… Bəsdir ey… Bilirəm ki, sən,
Hay-şaray deyəndə Azad deyirsən.
Azadın daxili aləminin bir cizgisi də onun
musiqi sənəti yollarında öz canını qoymuş, ömrü
musiqi ömrünə bənzəyən ağsaçlı qoca professora
münasibətində üzə çıxır.
Sən qoca kişisən, get evində yat,
Professor soruşdu: – Nə dedin, Azad?
Bəs səbəb nədir ki, musiqisi xalqla bağlı
olmayan, kökü bayağı, ötərki hisslərdən ibarət
olan Azad bu qədər məşhurlaşmışdır? Aydındır
ki, onun «çatma qaşları, gur saçları»,
boyu-buxunu yelbeyin qızlar üçündür və əgər
İlham professorun dediyi kimi «sənətdə
tərsdirsə», Azad isə yaltaq, tez razılaşan,
ətəkdən yapışan, boyun bükəndir. Və olsun ki,
onun şöhrətinin əsas miqyası elə bundadır.
İlham isə heç bir yardımçı qüvvəyə
arxalanmayan, bütün bəstəkarlara nümunə ola
biləcək bir bəstəkardır. O, tamaşaçı
auditoriyası ilə səhnə arasındakı yolu uzun,
həm də çətin bir yol hesab edir və bu yolun
çətinliyi ilə üzvi surətdə bağlanır.
Çox yolar keçmişəm bu ana qədər,
Hələ indiki tək yorulmamışam.
İlhamın sənətinin möcüzəsi çox dərindir və
xalqın «Muğam» ruhu ilə bağlı olduğundan qalib
gəlir. Həmişə dərin duyğuların suyu şirin və
gur olur. İlhamın əsərləri də belədir. Poemanın
sonunda Ə.Kərim həqiqətin (İlham) yalanla
qarşılaşması səhnəsini elə canlı, elə qabarıq
vermişdir ki, oxucu bəlkə bu səhnəni oxumasa
da, görəsə də, eşitməsə də öz içindən, öz
daxili bütövlüyündən bu ali müqəddəs döyüşün
səsini eşidir. Azad «İlk simfoniya»nın əlindən
bilmir ki, hara qaçsın:
Bağladı radionu…
Qonşulardan gəldi səs.
Qonşudan xahiş etdi,
Kəsdilər radionu.
Götürdü heyrət onu,
«İndi hardan gəldi səs»
o neyləsin indi bəs.
Poemada Nigar hələ öz yerini apa bilməyən,
hisslərin əlində balıq kimi çırpınan, hələ
nəyin yaxşı, nəyin pis olduğunu dərk etməyən,
«gəlişi və gedişi gözəl» olanları möcüzə hesab
edən bir qızdır. O, əri İlhamı olduğu tək
görmür. Əgər onun ürəyində Azadın «Nəğmələr»i
yer tutursa, İlhamı görə bilməz. O, elə düşünür
ki, əri İlham Azada paxıllıq edir və Azad
İlhamdan yaxşı bəstəkardır. Əgər belədirsə, bəs
nə üçün rəfiqəsi Qəmər İlhamın əsərlərini tərif
edir. Nigar belə qənaətə gəlir ki, Qəmərin
musiqi zövqü aşağıdır. Çünki o, adicə bir
müəllimədir.
Bəs Qəmər deyirdi, o axşam Qəmər,
Gözəldir İlhamın yazdığı əsər.
Eh, Qəmər adicə bir müəllimədir,
Onun musiqidən qandığı nədir?
Sahil bağında Nigar Azadla qol-qola gedərkən
İlham onların qabağına çıxır. Nigar bilmir ki,
nə etsin. Şair bu lövhələri İlhamın güclü
həqiqət, Nigarın isə həqiqətin işığından utanıb
gizlənməsi və az da olsa özünün danlanması
üzərində qurmuşdu:
ki, gizlənə,
Redikülün dalında,
Əlindəki əzilmiş
Xırda gülün əlində.
Nigar öz həyatının təkərini qəflətən geri
döndərmişdir. O, İlhamı atmışdır. Bütünlüklə
özünü inkar etmişdir.
Dedi, Allah, ay Allah,
Mənə də bax, ay Allah
Allah, bu mən deyiləm,
İlham, bu mən deyiləm,
Anam, bu mən deyiləm.
İnsan həyatında hardasa qəflətən baş verən
müdhiş bir dəqiqənin poetik möcüzəsidir bu
misralar! Bircə dəqiqə kimisə aldadıb və həmin
dəqiqədəcə yalanının üstü açılması və həmin
yalanın üstünü əllərilə, baxışlarınla,
qışqırığınla örtməyə çalışmağın nə qədər
sərtdir, qətidir. Məhz insan ömrünün həmin o
bircə dəqiqəsini Ə.Kərim Nigarın ömründə kəşf
etmişir:
Burda duran bu pis qız,
Bir axmağın biridir.
Ölüm onun muzdudur,
Qəbir-onun yeridir.
Nigarın yad evdən İlhama yazdığı məktub
peşmançılığın bir qırıq parçasıdır. Onun zaman
və oxucu qarşısında intim etirafıdır. Bu məktub
ürəyin qanı ilə, daxili aləmin titrəyişi ilə
yazılmışdır:
Salam könlü qan olan,
Məndən nigaran o
|