| |
|
|
|
|
|
|
HEKAYƏLƏR
GÜLÜMSƏYƏN AĞAC
Elə bil Əliş bir udum işığı torpaq altına
aparmaq istəmədi.
Gözlərini açdı.
– Ölürəm aaz, a Telli, gücüm canımdan
yavaş-yavaş əkilib gedir. İşdi ölüb-eləsəm,
gədəni prokurorluğa qoyarsan ha!
Tellinin üzünün bir tərəfində gün çıxdı, bir
tərəfində çay axdı.
– Ölməzsən, ay kişi, Allah eləməsin. O ili də
belə olmuşdun. Yaz gəlir, qan qaynayır.
Əliş dünyanın bir tərəfi kimi böyrü üstə
yıxılmışdı. Canından həyat küsmüşdü. Ölüm
yeriyirdi canının üstüynən.
– Ağız, yenə deyirəm, bənkdəki pulu götür,
gədəni instituğa qoy. Qorxma, mən də tezliklə
ayağa qalxacam.
Sonra ürəyində fikirləşdi: «Ay Telli, torpağın
üzü soyuq olsa da heç nəyi itirmir…»
– Gələcəm, azz, mən də dalınca gələcəm. Mütləq
gələcəm, – dedi. Sonra Tellinin üzünə elə baxdı
Ki, Telli o saat başa düşdü. «Yadına gəlir,
iydəliyə sənin yanına gəlirdim ha, bax elə».
Əliş canını yer üzündən çəkib apardı. Telli bir
yumub, beş tökdü. Bu da dünyanın bir tərəfiydi,
göz yaşı üstündə oturan tərəfi. Arvadların səs-küyü
qab-qacaq cingiltisi kimi Əlişin böyük
qardaşının qulağına dolurdu… Çox çəkmədi ki,
arvadlardan bir «qırmızı ismarıc» gəldi: -
«İndi
ağlayaq, yoxsa sonra?» Əlişin böyük qardaşı elə
bir zakaz elədi. Bir saatdan sonra – camaat
yığışanda.
Bir saatdan sonra ağlaşma başlandı. Hər kəs öz
ölüsünü ağlayırdı. Heç kəs Əlişi ağlamırdı.
Bircə Tellidən başqa.
Birdən Kənd Sovetinin maşınından bir
qırmızıpapaq düşdü. Hamının ürəyi düşdü içinə.
Məlum oldu ki, Əlişin dostuymuş. O da ağlayırdı.
Başlar torpağa əyilmişdi. Ağlamaq hamını bərabər
eləmişdi.
Günlər, aylar, illər Tellini çırpa-çırpa ötürdü.
Telli həmişə qəbristanlığa gedirdi. Elə bil
Əlişin qəbri hamilə qalmışdı. Torpağın qarnı
başından aşırdı. Sanki qəbir Əlişi doğacaqdı.
Telli ağlayırdı: «Dur, ay kişi, dur, nə vermisən
torpağa tinini. Ay evin tikilsin, oğlun yekəlib,
payız prokurorluğa aparıram».
Torpaq dinmirdi. Telli hiss eləyirdi ki nəsə
torpaqda isti bir nəfəs var. Həmişə ağzı üstə
yatırdı, torpaqdan Əlişin ətri gəlirdi. Nəsə
gecələr sinəsini döyürdü. Telli hiss eləyirdi ki,
sinəsini döyən Əlişdi, torpağın altından çıxır.
Hiss eləyirdi ki, dünyanın harasında torpaq
varsa, orda Əliş var. Deyirdi: «Başına döndüyüm
kişi torpağa qarışdı, getdi». Pəncərənin ağzında
körpə ağac şitilləri bitmişdi. Elə bil Əliş
öləndən sonra çiçəklər, ağaclar, otlar
çoxalmışdı. Çiçəklərə, ağaclara, otlara Tellinin
qanı qaynayırdı. Çiçəklər, ağaclar, otlar Əliş
kimi gülümsəyirdi.
Əlişin balaca oğlu yekəlmişdi, bığ qoymuşdu.
Qoluna saat bağlamışdı. Hələ bir dəfə toyda bir
şirvan «zakaz» verib qonşunun qızlarını
oynatmışdı. Telli elə hey deyirdi ki, səni özüm
bu qış prokurorluğa aparacam. Bütün Bəki dədənin
tanışıdı.
Bir gün Telligilin qapısının ağzında nazik beton
qatı partlamağa başladı. Bir neçə gün sonra çat
yerindən körpə bir ağac şitili çıxdı. Tellinin
ürəyi üşəndi: «İraq olsun».
Balaca şitil beton qatını yarıb boy atırdı.
Şitil gülümsəyirdi, su istəyirdi. Telli onun
yanlarını təmizlədi, su tökdü. Ağac evə girib-çıxmağa
mane olurdu, gündən-günə böyüyürdü. Ağacın
yanından keçəndə Tellinin ürəyi sancırdı.
Gecələr elə bir ağac içəri girir, yarpaqlarını
Tellinin üzünə qoyurdu. Gündüzlər Tellinin
dalınca düşürdü, Tellini çağırırdı.
Bir gün səhər Telli çölə çıxanda gördü ki, ağac
gülümsəyir, lap insana oxşayır.
Ağacdan elə bil səs gəlirdi:
– Qorxma, Telli, sənə demədimmi gələcəm.
Telli yüyürüb ağacın boynundan qucaqlayıb
hönkür-hönkür ağladı.
– Əliş, Əliş, axır ki, qayıtdın.
***
AY ÜRƏK…
İki ayağını bir başmağa dirədi ki, alacam.
Vəssalam!
Arvad çox yalvardı:
– Əşi, müəllim adamsan, motosiklet sənin harana
yaraşır? Xalq «Jiquli» alır, «Qaz-24» alır. Sən
də durub qocalıqda yorğalıq eləyirsən?
Mümkün olmadı. Mütləq almalıydı. Özü də ilk dəfə
tərkinə oğlu Kazımı mindirməliydi. Adlı-sanlı «Volqa»ları
ötməliydi. Nərgizgilin çəpərinin yanından
sürətlə keçməliydi.
Birdən nəsə «dızz» elədi. Nərgiz:
– A bala, o kimiydi? – soruşdu.
– Mama, Cəmil müəllimdi, təzə «tırtır» alıb.
Yüznən sürür ey!..
Kənddə qıy çıxmışdı ki Cəmil müəllim motosiklet
alıb. «Bu gələn Cəmil müəllimdir», «Balam, Cəmil
müəllim görünmür, bəlkə avariya-zad eləyib», «Nahaq
ikitəkərli alıb, gərək üçtəkərli alaydı »,– söz-söhbəti
dillərdə hallanırdı.
Motosiklet almaq onun uşaqlıq arzusuydu.
Çəpərləri, sərhədləri aşıb getmək istəyirdi.
Gəncliyində sevdiyi, lakin vüsalına yetmədiyi
Nərgizi tərkinə alıb bu dünyadan ilim-ilim itmək
istəyirdi. Uçan durnaların cərgəsinə qoşulmaq
istəyirdi.
Nərgizgilin çəpərinin yanına çatanda qazı
artırdı.
– Öyün tikilsin, ay Cəmil müəllim, tozun bizi
öldürdü… arvad-uşaqlı kişidir eey. Ay bala, qaç,
Cəmil müəllim gəldi!
– Dızz…
Əvvəlcə universitetdə saxlamışdılar. Bir müddət
işlədikdən sonra kəndə qayıtdı. Dedi, kənd
yaxşıdır. Orta məktəbdə dərs dedi. Arada
arvadını boşamaq istədi. Deyirdi: «Könlümə
yatmır, vapşe, mən onu sevməmişəm, anam məcbur
aldı». Qrup yoldaşlarından ikisi elmlər
doktoruydu.
Cəmil müəllim darıxırdı. Sürət onu qane etmirdi.
İstəyirdi motosikleti süni peyk olsun, yerin
belinə dolansın. Cəmil müəllim darıxa-darıxa
əriyirdi, balacalaşmışdı. Yarısı harasa çıxıb
getmişdi. Canı jaketinin, köynəyinin boğazından
süzülüb çıxmaq istəyirdi. Gözləri irilənmişdi.
Motosiklətə bir təpik vurdu.
– Hı, yerimir.
Kazım motosikleti dikəltdi.
– Niyə yerimir, dədə?
– Yavaş gedir, bala, yavaş.
Cəmil müəllim təzədən motosikletə oturdu. Arvadı
yaxına gəldi.
– Ay Cəmil, ayıbdı, axı sən müəllimsən, hamı
sənin motosikletindən danışır. Gəl sən də
geyin-keçin, qalstuk bağla, get müəllimlərlə
yanaşı dur, söhbət elə.
Cəmil müəllim motosikletə qaz verə - verə
düşünürdü: «Yox, gedəcəm, sizi qoyub gedəcəm».
Birdən darıxdı.
– Gedəcəm, çıxıb gedəcəm!
– Hara edirsən, dədə?
– Cəhənnəmə!
Motosikletə qaz verdi: «Uç, motosikletim, uç,
yerin üstüncə uç».
Eheyy!!!
Hamı Nərgizgilin çəpərinə tərəf yüyürürdü.
Motosiklet ağaca dəyib çilik-çilik olmuşdu.
Cəmil müəllimə tərəf qaçdılar. Paltosu bomboş
idi, Cəmil müəllim içində yox idi, getmişdi,
harasa getmişdi.
***
OYUNCAQ MAŞINI
Kərim kişi düzdən bir avtomat tapmışdı. Qoyun
otardığı yerdə. Əvvəlcə yaxın getməyə qorxdu,
qıçı üşəndi. Onsuz da biri davada şikəst olmuşdu.
Avtomatı ikiəlli yerdən götürdü. Andır yaman
ağırıydı. Hamı elə bilirdi ki, Kərim nəsə vurub
– tülküdən, qazdan. İkiəlli avtomatın
xırtdəyindən yapışmışdı. İstədi ki, vurub qırıq-qırıq
eləsin. Amma eləmədi. Səngərdə avtomatı başının
altına qoyub yatdığı yadına düşdü, avtomatına
necə də isnişmişdi onda. Balaca Nəcibə qabağına
yüyürdü:
– Dədə, mənə dovşan vurmusan?
– Yox, bala, gör sənə nə gətirmişəm.
Məleykə balkona çıxdı.
– Əşi, o nədir elə?
– Dəmir qırığıdı, arvad. Bu yedi qıçımı. Düzdən
tapdım.
Məleykənin sinəsi göynədi. «Yəqin Əlişi də bu
yeyib, Surxayı da bu öldürüb, Kərimi də bu kökə
salan budu».
Kərim:
– Qorxma, azz, – dedi, – daha bu avtomat ölüdü.
Diri döyül ha. Dədəmin canı, düz deyirəm.
Kərim avtomatın «meyidini» qapıdakı tut
ağacından asdı. Uşaqları başa salırdı. Bu
çaxmağıdı, bu lülədi, burdan atılır, burdan
dəyir. Bunnan mənə də vermişdilər davada.
Kənddə qıy çıxmışdı ki, Kərim avtomat tapıb.
Adamlar tökülüb gəldi. Hamı təccüb edirdi ki,
bizim yerdə avtomat hardandı. Yetmiş yaşlı
Məhəmməd kişi camaatı başa saldı ki, dava vaxtı
bura bir bölük əsgər gətirmişdilər, təlim
keçirdilər, yəqin onlardan düşüb qalıb.
Anaş arvad göynədi:
– Davada adamı bunnan qırırmışdar? Düşürdün,
onun qanını içəcəyəm. Balamın kürəyinin əti onun
ağzındamı qalıb?
Kərim kişi Anaş arvadı dilə tutdu:
– Onun qanı yoxdu ey, adam döyül ha, qanı ola,
dədəmin canı, hə. Dəmirdi, bax, bişmiş qazanın
dəmirinnəndi, belə traktor dəmirinnəndi. Onu
adamlar bu kökə salıb, bir də, o ölüdü axı.
Kənd Sovet sədri dedi ki, gərək avtomatı rayon
polis şöbəsinə aparsınlar. Kərim qoymadı, ağladı,
sızladı. – «Özüm aparıb verəcəm», – dedi.
Səhərisi Kərim gördü ki, oğlu Qədir avtomatın
boğazına kəndir bağlayıb, yernən sürüyə-sürüyə «düd-düd»
eləyir. Aparmaq fikrindən vaz keçdi. «Elə oğluma
maşın düzəldəcəm».
Avtomatı əlinə aldı. Içində ölüm vardı elə bil.
Davadan sağ qayıdanların ölümü içindəydi, Kərim
avtomatı söküb tökdü ki, yüngülləşsin. «Onsuz da
balamın oyuncağı olmadı, dükanlarda oyuncaq
maşın tapılmadı, hamısını avtomat düzəltdilər,
davaya yolladılar. Dədəmin canı, bu avtomat
döyül, oyuncaq maşındı, görmürsən necə sürüşür».
O, avtomatı əzib başqa bir kökə saldı. Anaş
görsə «maşam» deyərdi, Məleykə görsə «şişim»
deyərdi, Səlim görsə traktorun bir yerinə
oxşadardı.
– Qədir, ay Qədir.
– Nədi, ay dədə?
– Gəl sür, bala, maşındı. Sənin üçün almışam.
Qədir əvvəlcə «düd-düd» elədi, sonra yolda
tozanaq qopardı.
Çəpərin başında kənd sovet sədri ilə bir polis
işçisi göründü. Kənd sovet sədri:
– Avtomat üçün gəlmişik, – dedi.
– Nə avtomat, avtomat-zad yoxdu.
Qədir maşını sürə-sürə düz gəlib dayandı kənd
sovet sədri ilə polisin qabağında. Kənd sovet
sədri ilə polis də, camaat da elə hey avtomatı
soruşurdu. Heç kəs bilmirdi ki, Kərim kişi
avtomatı neyləyib.
***
BƏNÖVŞƏ
Hələ axırıncı yüzü içmirdi, qabağına qoyub
düşünürdü: «Onsuz da Qasım kişi çıxmadı, bu
dünyanın özü kişi deyil, arvaddı. Qasım da onun
qarnından çıxıb. Orda-burda «aktiv» deyə-deyə
özünü gözə dürtdü. Onun içini mən bilirəm, atası,
anası kimdi, mən bilirəm».
Pişik üzünü onun qıçına sürtdü. Qucağına alıb,
pişiyi öpdü. «İnsanlarda inam azalıb, heç kəs
mənə inanmır, bir söz deyəndə gərək and içəsən,
sən öl vurasan, ananı qəbirdən çəkib gətirəsən».
Birdən stəkandakı araqda bir tük göründü,
iriləndi və nazik yaşıl ota oxşadı. Bir ay
bundan qabaq da belə olmuşdu, içdi, içəndən
sonra həmin hadisə baş verdi.
Gördüyü qələm kimi qızlar xoşuna gəlirdi.
Yüngülvari evlənmişdi. Bir il yaşadıqdan sonra
qadını onu atıb getdi, saxlaya bilmədi. Içgiyə
qurşandı, sonra birini möhkəm əzişdirdi. Həbs
olundu. Həbsdən qurtardıqdan sonra bir müddət
işsiz gəzdi. Və gəlib qırx yaşına çatdı. Qasıma
nifrət eləyirdi. Qasım kimi olmaq istəmirdi. «Lüt
Qasımı arvadı vəzifəli kişilərlə orda-burda
ola-ola kişi elədi, böyütdü».
Hər axşam bu «stalovada» oturar, vurar, evinə
gedərdi. Evinin qabağında ağac dirəyini qucaqlar,
öpər, öpər, dodaqlarını qanadınca əl çəkməzdi.
Sonra aşağı sürüşər, başını quru ağac dirəyinə
söykəyib yuxuya gedərdi.
Keçən ildən bəri həmişə araq içində axırıncı
yüzün içərisində tükə bənzər şey görünər, sonra
yaşıl ota çevrilərdi. Zənn edərdi ki, çox içib.
Ona görə də axırıncı yüzü içməz, yerə tökərdi,
yaşıl ot da yoxa çıxardı.
İndi intizarla onun yolunu quru ağac dirəyi
gözləyir, qara saçları, şümal bədəni darıxırdı.
Əsərrənə-əsərrənə gedəndə qabağına çoxlu
dirəklər çıxar, ancaq heç birini öpməz, evdəki
tənha ağac dirəyi üçün tələsərdi. Hər ikisi
sonsuz idi, ağac da, o da. Arağın içindəki ot
get-gedə böyüyür, işıqlanırdı. İşıqlana-işıqlana
yellənirdi. Keçən ay bir dəfə yüz qramla
birlikdə otu da uddu. Ağzı ot tamı verdi,
qolları, ürəyi darıxmağa başladı. Qollarının
içərisindən uşaq səsi gəlirdi, əzələləri daha da
şişdi, qolları özüynən davaya qalxdı. Qoluynan
dalaşırdı, ayağıynan dalaşırdı, gözləriynən
dalaşırdı. Əvvəl-axır ayaqları, qolları onu
yıxdı, yerdə eşələnməyə başladı. Ancaq qolundan
gələn səs istiydi, tanışıydı, öz səsinə
oxşayırdı. Sonra ayağa qalxıb evlərinə getdi.
Ağac sevgilisinə söykənib ağlamağa başladı. Canı
ağrıyırdı, hər şeyi yaşıl ot elədi. Bax, onda
qonşudan dul Tünzalə yüyürüb onun qollarını
ovxaladı.
– Qollarım dağılır, Tünzalə, ayağım çığırır.
– Niyə dağılmasın, ay rəhmətliyin oğlu, yaşın
ötüb, evlənmirsən. Neçə ildi canında, qolunda
oğlun, qızın darıxır. Axı, oğlun da, qızın da
yaşamaq istəyir. Görmürsən qolun nə yoğundu.
Vallah, canındakı uşaqlarındı eey, səni rahat
buraxmır, onların toylarıdı, gücləridi səni belə
yıxıb sürüyən, bu kökə salan. Evlən, uşaqlarını
dar məhbəsdən qurtar.
Onda hiss etmişdi ki, Tünzalə necə mehribandı,
əlləri necə yumşaqdı. Canı sakit olmuşdu.
İndi yenə axırıncı yüz qram idi. İçində də həmin
yaşıl ot. Yox, içməyəcəkdi. Gözləyirdi, görsün
bu yaşıl otun axırı nə olur. «Bu dünya Qasım
kimilərindi. Yox, elə yaşamaq da bir kişilik
deyil. Tünzalə deyirdi ki, evlənməsən, elə
bilərsən, canında uşaqların da ölər. Qoy evlənim,
uşaqlarım olsun, onları böyüdəcəm. Qoy Qasımın
canı çıxsın».
Birdən arağın içindəki yaşıl ot hərəkətə gəldi
və sarı quş dimdiyi kimi başını çölə çıxartdı.
Bənövşə idi… Qışqırdı: «Bənövşə, bənövşə». Yüz
qram arağın içində bənövşə bitmişdi. Saralmışdı…
Getdikcə bənövşə başını yuxarı qaldırırdı. Demək
keçən dəfə bənövşə yemişdi. Yenə qışqırdı: «Bənövşə,
bənövşə». Pişik ona yorğun-yorğun baxırdı,
görünür inanmırdı. Stalovanın işçiləri başına
toplaşmışdı. Heç kəs bənövşəni görmürdü. Elə yüz
qram da yüz qram idi.
– Siz bənövşəni görmürsünüz? Budur eey, mənim
arağımın içində. Mən üzəcəyəm onu, əl vurmayın.
O, əl atıb yüz qramın üstündən nəsə götürdü.
– Bu bənövşəni Tünzaləyə aparacağam. Bu gülü
onun yaxasına sancacam. Deyəcəyəm: səni sevirəm,
sevirəm, sevirəm, mənim uşaqlarım olacaq…
Hamı onun əlinə baxırdı, heç kəs bənövşəni
görmürdü. Yüz qram araq stolun üstündə qalmışdı.
***
PAPAQ
Nadir yüyürüb məktəb direktoruna dedi ki,
fotomüxbir gəlir. Məktəb direktoru da dərs hissə
müdirinə tapşırdı ki, hazır olun. Şahmar
müəllimi tapın, yuxarıdan tapşırıblar, onun
şəklini çəkəçək. Medalı-zadı var. Dərs hissə
müdiri dedi ki, Şahmar iki gündür yoxdu.
Daha hamı bildi ki, "şəkilçəkən" məktəbə niyə
gəlir, nədən ötrü gəlir. Şagirdlərə başa saldım
ki, bu foto-müxbir nə deyən şeydir, Hamı üst-başını,
qaş-gözünü düzəltdi.
Direktor bizim hamımızı çağırdı, söhbət elədi,
silahlandırdı. Yuxarıdan gəlir - Bakıdan, məşhur
fotomüxbirdi. Ona görə də diqqətli olun.
Mən soruşdum:
Görən daha nəyi çəkəcək?
Direktor dedi ki, hər şeyi çəkə bilər, ixtiyarı
var, baxır onun gözünə.
Səs gəldi. Maşın məktəbin həyətində dayandı,
qapını açıb foto-müxbiri düşürtdülər. Düşən kimi
hamımız özümüzü düzəltdik, düz dayandıq. Çünki
aparatı elə əlindəydi. Gözləri fındıq boyda idi.
Xalq təhsili şöbəsinin müdiri direktora göz
elədi, direktor da bizə göz elədi, biz də
başımızla şagirdlərə işarə elədik ki, yəni "Hazır
olun, keçin sinfə”. Kişini içəri gətirdik,
oturtduq. Mən gördüm ki, kişi bizə çox baxır.
Kişinin bizə baxdığını görüb direktor şübhələndi.
Biz lap düz dayandıq. Direktor təcili sözə
başladı.
—Siz bizim məktəbə xoş gəlmisiniz. Biz sizin
adınızı qəzet səhifələrində çox görmüşük. İndi
sizin bizim məktəbə gəldiyinizi görəndə
sevincimizdən bilmirik nə edək.
Lənət şeytana. Kişi gözlərini bizdən çəkmirdi.
Təzədən üst-başımıza əl gəzdirdik. Hər şey öz
yerində idi. Təkcə Əlizaminin dodaqları yerində
deyildi, qaçmışdı. Kişi düz bizə baxırdı.
Foto-müxbir direktorun qulağına nəsə dedi.
Direktor da gəlib Əlizaminin qolundan yapışıb
çölə çıxartdı, çay dalınca göndərdi. Sən demə,
kişi "çay dalınca" göndərməyə cavan kadr
gəzirmiş. Direktor him-cimnən bizi başa saldı ki,
görürsünüzmü kişinin gözü nə itidir, diqqətli
olun. Biz lap "simirna" vəziyyətində dayandıq.
Foto-müxbir diplomatının ağzını açıb balaca bir
aparatı stolun üstünə qoydu. Əlində gətirdiyi
aparatı təzədən qaytarıb diplomata qoymaq istədi,
sonra qoymadı, əlində sazladı. Biz bir az
qorxduq. Sonra ufuldadı. Üzü bir az
mehribanlaşdı. Bizim qırışığımız bir az açıldı.
Yorğun-arğın sözə başladı.
—Lap yorulmuşam. Əldən düşmüşəm. Niyə də
düşməyim? Otuz beş ildir foto-müxbir işləyirəm.
- Biz nəfəsimizi içimizə çəkdik – Dünən rayonda
Kərim Kərimoviçlə bir yerdəydik. Axı o mənim
dostumdur. Otuz beş ildir dostluq edirik. Dedi,
Məmməd, gəl səni aparım "Qarabağ" restoranına.
Axı, mənim əslim Şuşalıdır. Getdik. Kabab-zad
olmur orda. Dedim Bakı düşbərəsi gətir. Axı, mən
Bakıda anadan olmuşam. Dedi, yoxdu. Nəsə 4-5 cür
yemək gətirdi, yeyə bilmədik. Elə ac qarına
gəldim bura.
Biz burda əsl məsələni başa düşdük. Direktor Əli
müəllimi çölə çəkib nəsə tapşırdı. Təzədən içəri
qayıtdı.
—Bilirsiniz, bu şəkil məsələsi çox qəliz bir
şeydi. Qlavred icazə vermir. Qlavred bilirsiniz
nədir?
Əlizamin başını bir az aşağı əyib başa düşdüyünü
bildirdi.
—Başa düşməzsiniz.
Əlizamin başını qaldırdı.
—Qlavred bizim atamızı yandırır. Ah, qlavred,
qlavred. Qardaş, bizim işimiz necə çətindir. Lap
əldən düşmüşəm. 35 ildir əldən-ayaqdan gedirəm.
Qəzetdən çıxan çörək daşdan çıxan çörək kimidir.
Daş-çörək məsələsini eşidəndə mən bir az
ürəkləndim. Tez Bakıdakı vəziyyəti soruşdum. Bir
neçə sənət adamının adını çəkdim.
Kişi əlini dizinə çırpıb qalxdı.
—Başlayaq şəkil çəkməyə, boş-boş sözlərlə
özümüzü yormayaq.
Direktorun mənə acığı tutdu. İşarə elədi ki,
kişi iş adamıdı. Boş sözlərlə onu narahat eləmə.
Mən "səhvimi" başa düşüb, özümü düzəltdim.
Birdən müəllimlər otağının qapısı döyüldü. 9-cu
sinif şagirdi Ağa Abdullayev məni çölə çağırdı.
Əvvəlçə kişinin qulluğundan ayrılıb getmək
istəmədim. Lakin qonaq üzümə elə baxdı ki, sanki
mənə baxışları ilə icazə verdi.
"Simirna" vəziyyətində çölə çıxdım. Ağa məni bu
vəziyyətdə görüb geri çəkildi. Neyləsin, məni bu
görkəmdə görməmişdi.
—Müəllim, xahiş edirəm, hirslənməyin, mənə
acığınız tutmasın, üzr istəyirəm dönə-dönə. O
Bakıdan gələn kişinin başına qoyduğu nədir?
Papaqdı? Elə papaq olar?
Mən üzümü turşutdum. İçəri keçdim. Qonağın
başına baxdım. Düzü, papağa-zada oxşamırdı. Lap
biabırçılıq idi. Bir parça əski Azərbaycan
papağını əvəz etmişdi. Bunu əvvəlcə niyə
görməmişdim. Təəççübləndim.
Foto- müxbir:
—Mən iş adamıyam, dinçəlməliyəm, şəkili harada
çəkəcəyik,—dedi.
Direktorumuz onu rus dili kabinetinə apardı.
Birdən fotomüxbir dönüb müəllimləri bir-bir
nəzərdən keçirməyə başladı. Rus dili müəlliminin
yerinə boyca yaraşıqlı olan Azərbaycan dili
müəllimini oturtdu uşaqların tən ortasında. Guya
rus dili dərnəyidir. Müəllim məşğələ aparır.
Mən dedim:
—Axı Azərbaycan dili müəlliminin rus dili
kabinetində rus dili məşğələsi aparmağı tutmur.
Foto-müxbir dedi:
—Ay yoldaş, 35 ildir müxbir işləyirəm. İndi sən
məni öyrədəcəksən. Mən yaxşı bilirəm nə nədir,
nə nə döyül.
O, aparatı götürüb balaca gözlərini qıydı. Sonra
qışqırdı:
—Yox, müəllim, belə olmaz. Qlavred mənim atamı
yandırar. Başını bir az yuxarı tut.
Təzədən gözlərini qıydı.
—Müəllim, yuxarı, ay qardaş, başa düşmürsən? Sol
çiynini də bir az aşağı.
Yenə təzədən gözlərini qıydı.
Dirsəyini stolun üstünə qoyub uzanan kimi elədi.
Ayaqlarının biri sürüşüb qapıya dirəndi. Başını
bir az da aşağı əydi. Məzəli bir görkəm aldı.
Biz hazır vəziyyətdə idik. Gözlərini təzədən
qıydı. Papaqı yerə düşdü. Gözüm papağa sataşdı.
Ürəyimdən gizilti keçdi. "Hə, Azərbayçan papağı,
sən bu günə qalarmışsan".
O isə qışqırırdı.
—Müəllim, kitaba..., sol çiynini..., qlavred...,
ay bala..., ay qızım...
O təzədən lap stolun üstünə uzandı.
—Vallah, belə olmaz. Qlavred çap etməyəcək. Bu
şəkildir axı! Kitaba baxın. Bu dərnəkdir. Rus
dilinə belə münasibət olmaz axı.
O, özü-özüylə oynayırdı. Hamı onun papağına
baxırdı.
***
QULU
Əziz və sevimli qardaşım Qulu üçün
Poşt Həsən bir kəlmə "olmaz" dedi. Dedi ki,
qəzetləri paylamayacaq. "Mühüm" tapşırıq var,
qəzetləri dükana verməlidir. Şey büküləcək. Qulu
yenə zarıdı:
—Həsən dayı, birini... Qardaşımın şeiri çıxasıdı.
—Hə, Söyünqulunun oğlusan? Amma balacasını
verəcəm. Rayonda çıxandan.
—Yox, Həsən dayı, yekəsini... Bakıda çıxandan.
—Olmaz, yekəsindən yaxşı qənd kuloqu çıxır.
Olmaz, olmaz, dağılın.
Qulu balaca qəzet aldı. Rayon qəzeti. Qardaşının
şeiri çıxmışdı. Oxudu, oxudu və qışqırdı. Elə
bil dünyanın balaca kədəriydi Qulu. Qaçırdı.
Sevincə toxunmuşdu. Sınmışdı. Qışqırırdı...
—Hamısı dəli olacaq ey,—deyib Qasım yırğalandı.—Vallah,
bu kəndin hamsı axırda dəli olacax.
Kamil qaz kimi boynunu irəli uzatdı.
—Nə olub ə?
—Nolacax. Söyünqulunun oğlu dəli olub. Özündən
adama söz qoşur, sədrə baxıb, söz oxuyub.
Kamil boynunu geri çəkdi.
—Yox, ə?
—Bə nə. Deyirlər oxuduğu yerdə qız söyürmüş.
Onnan olub. Beyni zədələnib. Bakıdan gələn
doxtur baxıb deyib ki, sağalan döyül, qulluq
eləyin, öləcəy.
Balaca bir uşaq gəlib poşt Həsənin qoltuğundakı
qəzetin qulağını dartdı:
—Dədəmin qəzetini ver.
—Dədən neynir ə qəzeti? Dədən odey, qoyunda.
—Özüm oxuyajam, fitboldan-zaddan...
Hesabdar Qasım irəli yeridi. Qoltuğuna qəzet
vurmuşdu. "Pravda" idi. Rus dilini bilmirdi.
Ancaq həmişə "Pravda" gəzdirirdi. Hələ kənddə
adamlar xısınlaşıb demişdilər ki, Qasım böyük
adamdır. "Pravda" oxuyur. Moskvada çıxandan.
Qasım qəzetdən rusca bir-iki söz oxuyub dedi:
—Bu həftə fitbol-zad yoxdur.
Uşaq kədərləndi.
Qasım mızıldadı:
—Vallah, bu kəndin hamısı axırda dəli olacax.
Qulu həyətdə şeir oxuyurdu. Çinarların başı
üstündən, buludların qoynundan, dağların
döşündən süzülüb gedirdi Qulu.
***
YANIQ KƏRƏMİ
Qırmızısifət, cantaraq bir kişi qabağa yeridi:
—Ala bu onluğu, mənim üçün bir "Kərəmi".
Aşıq Mahmud onluğu öpüb, alnına sürtdükdən sonra
döş cibinə qoydu və hörmətlə məclisdəkilərə baş
əydi.
Çoban Əziz yeməkxananın bir güncündə oturmuşdu.
Aşıq Mahmud sazı döşünə basdı. "Kərəm gəldi.
Kərəm yanırdı, Kərəm sızlayırdı. İki cəllad onu
tutmuşdu. Kərəmi yıxdılar. Əvvəl balta ilə bir
qolunu, sonra o biri qolunu kəsdilər. Kərəm
şikəst oldu".
Əzizi tər basdı. Birdən-birə Mahmudun barmaqları
ona balta kimi göründü. Əziz əlindəki şallağı
bir dəfə xrom çəkməsinə çəkdi. "Köpəkoğlu".
Kərəmin edamı qurtardıqdan sonra cəllad dönüb
yenə aşıq Mahmud oldu.
Məclisin başında oturmuş boynuyoğun, yekəqarın
bir kişi qoyun kimi mələdi.
—Ala, mənim üçün 10 minlik "Dilqəmi".
Kişi pulu aşıq Mahmudun alnına yapışdırdı.
"Dilqəmi" dilləndi. Aşıq Mahmudun alnındakı 10
mini görən kimi aşıq Teymur qızmış pələng tək
meydana tullandı:
—Ə, balam, biz burda nəyik? Sənətkar-zad döyülük?
Özüm oxuyajam bu səfər.
Aşıq Mahmud dedi:
—Ə, Teymur, klentdərimin çoxalan vaxtı qanımı
qaraltma. Bir çətən külfətim var.
İkisi də çaldı. "Dilqəmi"ni diddilər,
parçaladılar. Birdən aşıq Mahmud aşıq Teymurun
üstünə atıldı. Dava düşdü. "Ölürəm-ölürəm" deyən
Mahmud pəhləvan kimi gərdiş eləyirdi.
Sifariş verən kişi yanındakının çiyninə vurub
dedi:
—Aşıq Mahmud güc gəlir. Bu davanın qiyməti 10
mindən yuxarıdır.
Dava getdikçə qızışırdı. Aşıq Mahmudun sazı yerə
düşmüşdü.
Birdən Əzizin gözlərinə sazın simləri üstündə
çapalayan Kərəm göründü. Yaralı idi. Birdən
Əzizə elə gəldi ki, Kərəm simlərin arasından
çıxmaq istəyir. Əziz ayağa qalxdı. Kərəmə sarı
yüyürdü. Ha yüyürdüsə, Kərəmə çatmadı. Gözlərini
uzatdı, çatmadı. Qollarını uzatdı, çatmadı. Əziz
dodaqlarını uzatdı. "Kərəmi"ni, parça-parça
olmuş "Kərəmi"ni dodaqlarına götürdü və çölə
qaçdı.
***
QIRMIZI ÇANTA
Bacıma məktəb çantası almaq istəyirdim. Həmişə
bacımın çanta pulu cibimdə darıxırdı. Həmişə o
pul bütün pullarımdan seçilərək cibimin bir
küncünə toplanırdı. Kim bilir, bəlkə də əcəl
neçə dəfə məni bacımın çanta puluna bağışlamışdı.
Əvvəlçə mağazalara baxdım. Xoşuma gələn çanta
olmadı ki, olmadı. Özümü bazara verdim. Kök bir
arvadın əlindəki qırmızı çanta məni çağırırdı.
Lap gözəl çanta idi. Arvada yaxınlaşdım.
—Ay xala, neçəyədi bu çanta?
—Bıy, xalan boyuna qurban, Heç neçəyə. On beşdən
satmışam, ona götür.
Düzü, çox baha idi. Öz qiyməti altı manat olardı,
ya olmazdı.
—Çox baha verirsən, xala.
—Baha deyil, xala sənə qurban. Üstümüzə o
qiymətə çıxır.
Nə qədər çalışdım, çantanın qiymətini yendirə
bilmədim. Cibimi tökdüm. Cəmi doqquz manat pulum
var idi. Bir manatım çatmırdı.
—Xala, çəmi doqquz manat pulum var. Tələbəyəm,
xahiş edirəm, götürün.
—Yox, xala qurban, kəsmə pulumu. Bu gözəllikdə
çantanı o qiymətə satsaydım, öz qapımda satardım.
Gözlə, pulun düzələndə gəlib alarsan.
—Yoxumdur, xala, olanım budur, doqquz manat.
—Nə üzdü oğlansan, ə. Sən öl, polis çağıraram bu
saat.
Mən əsəbləşdim.
—Ay xala, insafın, mürvətin olsun. Heç imanın
yoxdu sənin. On manata çanta olar?
O cəld qolumdan tutub, özünə tərəf çəkdi.
Yavaşca qulağıma dedi.
—Oğul bala, bilirsən nə var? İnsaf ərə getdi.
Qonşumuz idi. Bu geçə qaçırdıblar. Xoşbəxt olsun,
qəşəng qızıydı.
Mən donub qalmışdım. Nə İnsaf? İnsaf kimdi?
Arvad qolumu buraxmırdı.
—Oğul bala, sonra Mürvəti soruşdun? Mürvət də
öldü. Çox yaxşı kişiydi. Bir geçənin içində
infarkt oldu. Allah ölənlərinizə rəhmət eləsin,
bala.
Mən arvadın əlindən çıxmaqa çalışırdım. O biri
arvadlar da mənə baxırdılar. Bilmirdim nə edim?
Xəcalət təri məni basmışdı.
—Oğul bala, qaldı ki, İman. Onu da bu yaxınlarda
tutdular. Yazıq guppultu ilə getdi. İşlədiyi
idarədə gəmi çıxmışdı.
Özümü arvadın əlindən güclə qurtardım. Qırmızı
çantanın məhəbbətini ürəyimdən sildim. Bacımın
rəngli karandaşları, mürəkkəb ləkəli barmaqları
hey fikrimdə dolaşırdı.
Aradan on gün keçmişdi. Avtobusla evimizə
gedirdim. Arxadan qoca bir arvadın gileyli səsi
eşidilirdi.
—İndiki çavanlarımız qocalara hörmət etmirlər.
Anaları yaşındayam. Səhərdən ayaq üstə
dayanmışam. Qıçlarım qırılır. Heç birində
mərifət yoxdur.
Arxaya çevrildim. O idi. Qırmızı çantanı satan
arvad. İstədim deyəm ki, ay xala, mərifəti
tutublar. Demədim. Çünki bizimlə Mərifət adında
bir oğlan oxuyurdu. Çox yaxşı oğlanıydı. Qoca
arvad isə hey danışırdı. Gəncliyin adına min
cürə böhtanlar yağdırırdı. Mən qalxıb yerimi ona
verməli oldum. Fikirləşdim ki, necə olsa o
anadır. Xəstədir bəlkə. Bir sözlə, o hər şeydən
əvvəl anadır. Vəssalam. Sonra ürəyimdə buna əks
fikir doğdu. Əgər o anadırsa, niyə qırmızı
çantanı mənə vermədi. Axı bir manatım çatmırdı.
İndi bacımın yanına çantasız qayıdıram. O mənim
qabağıma yüyürəcək, məndən çanta istəyəcəkdi. Nə
deyəcəyəm ona? Yenə ürəyimdə buna əks fikir
doğdu. O, çantanı mənə satmasa da anadır. Hər
şeydən əvvəl, ana!
|
| |
| |
|
|
| | |
|